Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura

Azərbaycan Turizm və Menecment Universitetinin Fəlsəfə doktoru proqramı üzrə doktoranturasına ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- Ərizə (Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına);

- Kadrların şəxsi-qeydiyyat vərəqi;

- Tərcümeyi-hal;

- Fotoşəkil (3x4 sm ölçüdə) - 2 ədəd;

- İş yerindən xasiyyətnamə;

- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən müvafiq elan verilir.

Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.

Sənədlərin qəbulu üçün Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun (və ya elmi işlər üzrə prorektorun) sədrliyi ilə qəbul komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq da doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunur.

Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturasına qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.

Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.

Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturaya qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturaya qəbul komissiyasının sədri (və yaxud səlahiyyətli digər rəhbər şəxs) tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir.

Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Fəlsəfə fənni üzrə imtahan Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) AMEA və Nazirlik tərəfindən birgə müəyyənləşdirilir.

İxtisas fənnindən qəbul imtahanını Azərbaycan Turizm və Menecment Universitetinin rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini təyin edilir. Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, müvafiq olaraq komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil edilir.

Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul zamanı bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və ixtisas üzrə daha çox çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.

Azərbaycan Turizm və Menecment Universitetində yaradılmış qəbul komissiyası imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndərilir. Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində Universitetin rəhbərinə apellyasiya ərizəsi ilə müraciət edə bilər. ATMU-nun rəhbəriyi 5 (beş) iş günü müddətində müraciətə baxmır və əsaslandırılmış qərar qəbul edir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya qəbul olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir. Dissertasiya ilə bağlı tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud fəlsəfə doktoru elmi dərəcəsi olan iki rəhbər təyin oluna bilər.

Dissertasiyaların mövzularını Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının təqdimatı əsasında Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası hər bir iddiaçı üçün ayrılıqda təsdiq edir və ya dəyişdirir.

Elmi rəhbər və dissertasiya mövzusu təsdiq olunduqdan sonra doktorant ixtisasına, dissertasiya mövzusuna, tədqiqat və ya maraq sahəsinə və s. uyğun olaraq doktoranturada təhsil üzrə Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən qəbul edilmiş tədris planında nəzərdə tutulmuş siyahıdan elmi rəhbərinin razılıq və tövsiyəsi də nəzərə alınmaqla ümumilikdə 6-10 ixtisas fənni seçir.

Doktorantın tədris planında hər bir fənn üzrə yekun qiymətləndirmənin nəticəsi müsbət olduqda o fənn üzrə müvafiq kredit toplanmış hesab olunur. Hər hansı bir semestr üzrə əvvəlcədən seçilmiş fəndən müvafiq kredit toplanmadıqda növbəti semestr (və ya növbəti tədris ilinin müvafiq semestri) o fənn təkrar seçilir. Sözü gedən fənnin dəyişdirilərək başqa bir fənlə əvəz edilməsi barədə doktorantın müvafiq kafedraya yazılı müraciətinə kafedranın iclasında baxılır və iclasın qərarı müsbət olduqda məsələ Fakültə Elmi Şurasının (və ya Tədris-Metodik Şuranın) yekun qərarına əsasən öz həllini tapır.

Doktoranturaya qəbul təsdiq edilmiş plan əsasında Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinə uyğun olaraq rəsmiləşdirilir.

Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul haqqında qərarın (əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işəgötürən arasında olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.

Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası Azərbaycan Turizm və Menecment Universitetinə təqdim edilir.

Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyasının mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir. Bir qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur.

Müstəsna hallarda, Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının qərarı əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər nanizədi) da doktorantlara elmi rəhbərlik işinə cəlb oluna bilərlər.

Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru (elmlər namizədi) ola bilər.

Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və dissertasiya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.

Bir elmi rəhbərə təhkim olunan doktorantların sayı beş nəfərdən artıq olmamaq şərtilə, Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası tərəfindən müəyyən olunur və ATMU-nun nizamnaməsinə uyğun olaraq rəsmiləşdirilir.

Hər bir doktoranta görə elmi rəhbərə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən əməkhaqqı ödənilir.

Doktoranturada təhsil müddətində doktorant Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.

Doktorantların Azərbaycan Turizm və Menecment Universitetindən başqasına, həmçinin əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi ATMU-nun Elmi Şurasının qərarı ilə ATMU-nun nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Turizm və Menecment Universitetində doktorant təhsil müddətində:

- Peşə biliklərinə dərindən yiyələnməli;

- Müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;

- Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;

- Fərdi iş planını tam yerinə yetirməli;

- İxtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), və xarici dildən doktorluq imtahanlarını verməli;

- Elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;

- Elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;

- Elmi tədqiqat işini bitirməlidir.

Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Fəlsəfə doktoru imtahanları fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının attestasiyasının əsas tərkib hissəsi olub, dissertasiyanın ilkin müzakirəsinədək verilir və  iddiaçının ixtisas üzrə bilik səviyyəsini müəyyən edir.

Fəlsəfə doktoru imtahanları aşağıdakı fənlər üzrə verilir:

- İddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən);

- Xarici dil (ingilis, alman və ya fransız dillərindən biri);

- Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün);

- İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı iddiaçının seçiminə uyğun olaraq, dissertasiya işinin yerinə yetirildiyi və ya dissertasiya müdafiəsinin keçiriləcəyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində verilir.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Fəlsəfə doktoru imtahanının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiyası yaradılan elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi ödəyir.

Fəlsəfə doktoru imtahanlarının keçirilmə qaydasını və proqramını Komissiya təsdiq edir və imtahan nəticələrinin qiymətləndirilməsi Komissiyanın müəyyən etdiyi meyarlar əsasında aparılır.

İddiaçılara hər bir fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən və Komissiyanın müəyyən etdiyi formada şəhadətnamə verilir.

Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçısının hazırladığı dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından Komissiyanın təsdiq etdiyi proqram əsasında əlavə imtahan verməlidirlər. Pedaqoji sahədə fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının ali təhsil müəssisəsində yiyələndiyi ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə hər yarımilin sonunda müvafiq ixtisas kafedrasının iclasında hesabat verir.

Doktorantın hesabatının bir nüxsəsi kafedranın iclasının protokolundan çıxarış ilə bir yerdə iki iş günündən gec olmayaraq Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinə (və ya bu funksiyanı həyata keçirən müvafiq struktura) təqdim edilməlidir.

Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün Azərbaycan Turizm və Menecment Universitetinin elmi işçiləri ilə bərabər kitabxanadan, laboratoriyadan, mövcud avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək, ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.

Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, hər ilinin sonunda Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən qəbul edilmiş qaydalara və bu Əsasnaməyə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.

Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasında hər yarımilin sonunda doktorantların elmi rəhbərlərinin hesabatları dinlənilir, doktorantın elmi rəhbərinin hesabatının bir nüxsəsi elmi şuranın protokolundan çıxarış ilə bir yerdə beş iş günündən gec olmayaraq Azərbaycan Turizm İnstitutunun Doktorantura şöbəsinə (və ya bu funksiyanı həyata keçirən müvafiq struktura) təqdim edilməlidir.

Azərbaycan Respublikasında dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələbləri və dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və  indeksləmə  sistemlərinin (bazalarının) siyahısını Komissiya müəyyən edir.

Dissertasiyaların xarici dildə dərc olunmuş əsas elmi nəticələrinin Azərbaycan dilində xülasəsi (dərc edilmiş nəticələrin 20 faizindən az olmamaqla) Komissiyaya təqdim edilməlidir.

Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının ikisi həmmüəllifsiz olmaqla beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir.

Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim edilmiş yerli patent dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən Azərbaycan Respublikasının dövri elmi nəşrlərində bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur. Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim olunmuş beynəlxalq patent dissertasiyaların əsas elmi nəticələrini əks etdirən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur.

Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərin sayı fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün azı üç (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri xaricdə dərc olunmaqla), elmlər doktoru elmi dərəcəsi iddiaçıları üçün isə azı beş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı ikisi xaricdə dərc edilməklə) olmalıdır.

Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, o cümlədən elektron nəşrlərə dair tələbləri Komissiya müəyyən edir. Dissertasiyaların əsas elmi nəticələrini əks etdirən və bu Əsasnamə ilə müəyyən olunmuş sayda elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən azı bir ay əvvəl dərc edilməlidir. Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən əvvəl həmin sistemlərdə (bazalarda) yerləşdirilməlidir. Doktoranturada fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən, doktoranturada təhsil üzrə Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən qəbul edilmiş tədris planına uyğun olaraq tələb olunan bütün fənlərdən zəruri krediti toplayan və elmi tədqiqat işini bitirən şəxslərə dissertasiyasının kafedrada ilkin müdafiəsinə izacə verilir. Dissertasiyanın kafedrada ilkin müdafiəsini müfəffəqiyyətlə başa vuran doktorantın AAK-nın müəyyən etdiyi qaydalara uyğun olaraq “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılır.  Fərdi planda nəzərdə tutulan müddətdə tədqiqat işi kafedranın müzakirəsindən keçməyən doktorant, təhsil müddəti başa çatdıqdan sonra işlərini ödənişli əsaslarla davam etdirə bilər. Ödənişin məbləği müəyyən olunan komissiya üzvlərinin sayından və elmi dərəcələrindən asılı olaraq müəyyənləşdirilir.

Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərlərliyi doktorantlara fərdi iş planında nəzərdə tutulan elmi tədqiqatların yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində daxili imkanları hesabına yardım göstərir.

Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya Azərbaycan Turizm və Menecment Universitetinin daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər.

Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.

Elmlər doktorluğu hazırlığı üzrə doktorantura

Azərbaycan Turizm və Menecment Universitetində elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental və tətbiqi tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. Azərbaycan Turizm və Menecment Universitetində elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: - ərizə (Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına);

- Kadrların şəxsi-qeydiyyat vərəqi;

- Tərcümeyi-hal;

- Fotoşəkil (3x4 sm ölçüdə) 2 ədəd;

- İş yerindən xasiyyətnamə;

- Əmək kitabçasından çıxarış;

- Çap olunmuş elmi işlərin siyahısı;

- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Azərbaycan Turizm və Menecment Universitetində elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyən şəxslər:

- Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinin (və ya bu funksiyanı həyata keçirən müvafiq strukturun) müvafiq kafedraya təqdimatı (təqdimata bu əsasnamənin 4.2-ci maddəsində göstərilən sənədlər əlavə edilir) əsasında kafedranın iclasında iddiaçının ərizəsinə baxılır;

- Kafedranın iclası Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinin (və ya bu funksiyanı həyata keçirən müvafiq strukturun) rəhbərinin (və ya məsul şəxsin) iştirakı ilə təşkil edilir;

- İddiaçının elmlər doktoru proqramı üzrə müvafiq ixtisasa doktorant qəbul olunması məqsədəmüvafiq hesab olunduqda kafedra müdiri tərəfindən ATMU-nun Doktorantura şöbəsinə (və ya bu funksiyanı həyata keçirən müvafiq struktura) təqdimat yazılır. Təqdimata, 4.2-ci maddədə göstərilən sənədlər və kafedra iclasının protokolundan çıxartış əlavə olunur;

- Tədris ili ərzində edilən müraciətlər doktorantura şöbəsi tərəfindən ümumiləşdirilir və tədris ilinin sonunda (və ya tələb olunan vaxtda) doktoranturaya illik qəbul və dissertantların təhkimolunma plan yerlərinin sifariş edilə bilməsi üçün Azərbaycan Turizm və Menecment Universitetinin rektoruna məlumat verilir.

Doktoranturaya nəzərdə tutulan ixtisaslar üzrə illik qəbul və plan yerləri müvafiq qurumlar tərəfindən təsdiq olunduqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi vaxtda ATMU-nun doktorantura şöbəsi iddiaçıların sənədlərini ATMU-nun doktoranturaya qəbul komissiyasına təqdim edir.

ATMU-nun doktoranturaya qəbul komissiyası elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyən iddiaçıların sənədləri ilə tanış olduqdan sonra iddiaçılarla müsahibə keçirir və müsbət qərar qəbul etdiyi təqdirdə bu qərarını yazılı surətdə Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasına təqdim edir.

Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası “Elmlər doktoru” elmi dərəcəsinə iddiaçı haqqında qəbul komissiyasının təqdimatı əsasında doktoranturaya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul edir. Həmin qərar Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinə uyğun olaraq rəsmiləşdirilir.

Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.

Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə (o cümlədən, xaricdə yerləşən) ezam oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

Doktorantlar hər ilin sonunda Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasına fərdi iş planının yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun doktoranturada təhsilini davam etdirməsi barədə qərar qəbul olunur. Doktorantın təqdim etdiyi hesabatın bir nüxsəsi şuranın protokolundan çıxarış ilə bir yerdə beş iş günündən gec olmayaraq Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinə (və ya bu funksiyanı həyata keçirən müvafiq struktura) təqdim edilməlidir. Doktorant Azərbaycan Turizm və Menecment Universitetində təhsil müddəti ərzində dissertasiya işini başa çatdırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidir. Azərbaycan Turizm və Menecment Universitetində dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil alan doktorantlar Azərbaycan Turizm və Menecment Universitetində müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.