Elmi konfranslar
“İdarəetmədə multikultural dəyərlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
“İdarəetmədə multikultural dəyərlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans 25 noyabr 2020-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Tədbiri çıxış nitqi ilə açan Universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilini yüksək qiymətləndirmiş, konfransda ölkəmizin və xarici dövlətlərin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin  iştirak etdiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, bu gün multikulturalizm tolerantlığın əsas aspektlərindən biridir. Müasir dövrdə multilulturalizm probleminin araşdırılması böyük elmi və praktiki əhəmiyyət daşıyır. XXI əsr qlobalizasiya və inteqrasiya əsri adlandırılır. Dünyada unifikasiya prosesilə üzləşən bir sıra çoxmillətli və çoxkonfessional dövlətlər mövcuddur. Bütün vətəndaşlara bərabərhüquqlu yaşayışı təmin etmək çox mürəkkəb prosesdir. Sivil dövlətlərin qloballaşması və modernləşməsi, kommunikasiya əlaqələrinin və kütləvi informasiya vasitələrinin genişlənməsi, urbanizasiya, cəmiyyətin sosial baxımdan dəyişməsi müasir problemlərə yeni yanaşmaların yaradılmasını tələb edir. Qloballaşan dünya şəraitində insan həmişə bir çox mədəniyyətlərin astanasında dayanır. Mədəni plüralizm və mədəni dialoq müasir cəmiyyətin aktual problemlərindən biridir. Multilulturalizm hakim mədəniyyəti olmayan qlobal dünyanın bütün çağırışlarına ən ideal cavabdır. Tolerant cəmiyyətin əsas xüsusiyyəti müxtəlif mədəniyyətlərin paralel şəkildə mövcudluğudur. Belə cəmiyyətlərdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə kömək edir, bu isə mədəniyyətlərin bir-birinə nüfüz etmə prosesiylə əlaqəlidir. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin Elm və inkişaf məsələləri üzrə prorektoru, professor İranə Əliyeva “ Turizm və müasir dünya” mövzusunda məruzəylə çıxış etdi. O, bildirdi ki, turizm müasir dünya iqtisadiyyatının ən böyük xidmət sahələrindən birdir. Turizm sahəsi beynəlxalq aləmdə neft sektorundan sonra ən gəlirli sahə hesab olunur.  Beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycan digər sahələrdə olduğu kimi turizm sektorunu da dünya miqyasında aparıcı mövqelərdə dayanmağı hədəf qoymuşdur. Həmçinin Plenar iclasda ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirli “Ali təhsilin idarə edilməsi” adlı məruzəsində ali təhsilin idarə edilməsiylə bağlı bir sıra təklif və tövsiyələr irəli sürmüşdür, həmin təklif və tövsiyələr Azrbaycan Turizm və Menecment Universiteti tərəfindən Azərbaycan Respublikasının Təhsil Qanununun müvafiq bəndlərinə uyğun olaraq tövsiyə kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. N.Nəsirli tərəfindən ali təhsil sistemində təhsilin keyfiyyətinin artırılması istiqamətində bir sıra təkliflər verilmişdir. Daha sonra Bolqarıstan Respublikasının Paisii Xilendarski adına Plovdiv Universitetinin dosenti Valentin Pavlov Petrusenko “Bolqarıstanda mədəniyyətlərarası və dinlərarası əhəmiyyətə malik turizm məkanları”, Rusiyanın Tomsk Dövlət Universitetinin professoru Anna Lojnikova “Müasir iqtisadiyyatda intellektual yoxsa insan kapitalı?”, Rusiyanın   Povoljsk Dövlət Texnologiya Universitetinin dosenti Svetlana Vasina “Rusiyada turizm - koronavirus pandemiyası zamanı problemlər və dəstək tədbirləri” mövzularda çıxış etdilər. Plenar iclasdan sonra konfrans 4 bölmə üzrə öz işini davam etdirdi. Konfrans Yekun Plenar İclasla başa çatmışdır.
"Azərbaycan turizmi: bu günü və gələcəyi" adlı VI Respublika konfransı Bütün dünyada “COVİD-19” virusu ilə əlaqədar elan olunmuş pandemiyanın yaratdığı qlobal problemə və izolyasiya tədbirlərinə baxmayaraq, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tələbələrinin təhsildən geri qalmamaları məqsədilə məsafədən tədris sisteminə keçid etmiş və bütün kollektivi ilə birgə tələbə və magistrlara mövcud problemin təsirlərinin azaldılması üçün onlayn dərslər keçməkdə davam edirlər. Eyni zamanda ATMU-nun illik fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün də səylər göstərilir. Fəaliyyət planına uyğun olaraq universitet Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Azərbaycan turizmi: bu günü və gələcəyi” adlı VI Respublika konfransı keçirilmişdir. Konfrans ölkədəki mövcud vəziyyət nəzərə alaraq onlayn rejimdə, Microsoft Teams Platformasında təşkil olunmuşdur. Konfransı giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov ölkədə turizmin inkişafı üçün aparılan məqsədyönlü siyasətdən, ölkə Prezidentinin bu sahəyə xüsusi diqqətindən danışmış və iştirakçılara uğurlar diləmişdir. Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov keçirilən bu tipli konfransların əhəmiyyətini vurğulayaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycanda turizmin maddi-texniki, həmçinin hüquqi bazasının formalaşması üçün atdığı addımlar haqqında konfrans iştirakçılarına məlumat vermişdir. Sonra Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti, Mingəçevir Dövlət Universitetindən olan 45 magistr və bakalavr tələbələrin məruzələri dinlənilmişdir. Sonda konfransın təşkilini həyata keçirən “Turizm biznesi” kafedrasının müdiri Hafiz Hüseynov, kafedranın dosenti Çingiz Gülalıyev, baş müəllimlər Şəmsiyyə Tahirbəyova, Rəfiqə Ağasıyeva və Aynur Hüseynzadə konfransla bağlı fikirlərini bölüşmüş və iştirakçılara tövsiyyələrini vermişlər.
"XXI əsrdə Beynəlxalq İqtisadi münasibətlərinin prioritet istiqamətləri " adlı ilk beynəlxalq virtual elmi-praktik konfrans 22.05.2020

22 may 2020-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində "XXI əsrdə Beynəlxalq İqtisadi münasibətlərinin prioritet istiqamətləri " adlı ilk beynəlxalq virtual elmi-praktik konfrans keçirildi. 24-25 aprel 2020-ci ildə keçirilməsi planlaşdırılan beynəlxalq konfrans Koronavirus pandemiyası dövrü olduğu üçün 22 may tarixində onlayn şəkildə keçirildi. Konfransda Almaniya, Bolqarıstan, Moldova, Türkiyə, Gürcüstan, Ukrayna, Estoniya, Rusiya, Rumıniya, Portuqaliya və Azərbaycandan nümayəndələr iştirak etdilər. Konfransın virtual məkanı yeni reallıqlarla beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə və pandemiya dövründə qapalı dövlət sərhədlərinin olmasına baxmayaraq öz fonunda davamlılığını qorudu. Konfrans plenar iclas və 3 bölmədən ibarət bütün iştirakçıların yekun iclası ilə başa çatdı. Tədbirin plenar hissəsinin açılışını Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov etdi və tədbir xaricdən konfransa virtual qoşulan qonaqların nitqi (məruzəsi) ilə davam etdirildi. Cənab Mədətov öz məruzəsində bu beynəlxalq elmi-praktik konfransın bu forumda toplanan universitetlərin və tədqiqat mərkəzlərinin qlobal iqtisadiyyatın inkişafındakı müasir tendensiyaları araşdırmaqda maraqlı olanların gələcək əməkdaşlığına xidmət edəcəyindən ümidvar olduğunu bildirdi. O, son vaxtlar qlobal iqtisadiyyatda baş verən hadisələrin turizm sahəsinə ən çox təsir edən sosial-iqtisadi xarakterli bəzi dəyərlərə yenidən baxılmasının zəruriliyini göstərdi. Çıxışlar zamanı bölmələrin paralel işi geniş müzakirə və müxtəlif ölkələrin spikerləri arasında intensiv təcrübə mübadiləsini təmin etdi. Görüşün yekun hissəsində görülən işləri yekunlaşdıraraq ATMU-nun Elm və innovasiya üzrə prorektoru, professor İrana Əliyeva çıxış etdi. O çıxışında təhsil və elm mühitində təcrübə mübadiləsi şəraitində bu kimi tədbirlərin əhəmiyyətini vurğuladı. Çıxışında təhsilin beynəlmiləlləşdirilməsinin və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğuladı. Bu qeyd sayəsində, son plenar iclasda, müxtəlif ölkələrdən olan iştirakçıların fikirləri günün fəsli ilə əlaqəli olduğunu sübut edən distant təhsilin ayrıca müstəqil müzakirə mövzusuna çevrildi. Ümumilikdə iştirakçıların 70-ə yaxın təqdimatı dinlənildi.
“Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusunda dəyirmi masa 25.02.2020

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) marketinq kafedrasının təşkilatçılığı ilə “Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru, p.e.d., prof. İrana Əliyeva tədbirə qatılan iştirakçıları və xarici universitetlərin professor-müəllim heyətini salamladıqdan sonra qeyd edib ki,ixtisaslı və peşəkar kadr potensialının yaradılmasını hədəfləyən Azərbaycan Turizm və Menecment Universiteti xarici əlaqələrin genişləndirilməsində də maraqlıdır. Beynəlxalq onlayn dəyirmi masaların təşkili ənənəsi ADA, UNEC, BDU, BMU və digər universitetlərin təcrübəsindən də məlumdur.İ.Əliyeva ATMU-nun tədbirlər planına əsasən marketinq kafedrasının təşkilatçılığı ilə universitet əməkdaşlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) UNEC Rus İqtisad Məktəbinin direktor müavini professor Elşad Məmmədov, Bakı Mühəndislik Universitetinin prorektoru, dosent Elçin Süleymanov, DİA-nın professoru Fərhad Rəhmanovla tərəfmüqabili olduqlarını deyib. Lakin növbəti dəyirmi masa eyni anda fərqli ölkələr- Estonya, Moldova, Ukrayna, Bolqarıstan və Rumıniyanın universitetləri ilə canlı bağlantıdan faydalanıb görüşmək və əlaqələr yaratmaq ideyası Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən daha bir ilkə imza atılması deməkdir. Bu görüşün nəticəsi olaraq tam əminliklə demək olar ki, əlaqələr müstəvisində tələbə və müəllim mübadiləsinə, faydalılıq əmsalı yüksək dəyərləndirilən təcrübənin tətbiqinə təkan verəcək. Rumıniyanın “ARTİFEX” Universitetinin rektoru Ph.D.Prof. Alexandru Manole öz videoçarxında başda ATMU-nun rektoru İlham Mədətov olmaqla universitetin professor-müəllim heyətinə salamlarını çatdırdı.Qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə və inkişafına nail olmaq üçün səylərini əsirgəməyəcəyini bildirdi. İştirakçılara uğurlar arzulayıb. Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov “Ali təhsilin iqtisadi artımı”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri, əməkdar elm xadimi, professor Əli Əlirzayev “Azərbaycan iqtisadiyyatının inkişafında sosial islahatların əsas istiqamətləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rus İqtisad Məktəbinin direktor müavini i.e.d., prof. Elşad Məmmədov “Nağdsız dövriyyənin ölkənin iqtisadi artımına təsiri”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rus iqtisad məktəbinin iqtisadiyyat kafedrasının məsləhətçisi, i.e.d., prof. Fərhad Rəhmanov “Sosial sahibkarlıq: müəssisələrin sosial inkişafı. a) Beynəlxalq təcrübə və Azərbaycan həqiqətləri; b) Özəl müəssisə və onun mövcud vəziyyəti”, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) marketinq kafedrasının müdiri i.ü.f.d., dos. Elmira Qocayeva “Qloballaşma şəraitində Azərbaycan dövlətinin sosial siyasəti: a) müasir vəziyyət; b) problemlər və icra mexanizmi”, Bakı Dövlət Universitetinin (BDU) “İqtisadiyyat və idarəetmə” kafedrasının professoru i.e.d., prof. Vahid Abbasov “Sahibkarlığın inkişafının iqtisadi artıma təsiri” mövzusunda məruzə etdilər. Birbaşa canlı bağlantıya qatılan Moldova, Rumıniya,Ukrayna və Bolqarıstan universitetlərinin elm adamları tərəfindən konkret desək qeyri – neft sektorunun prioritet istiqamətlərini ehtiva edən mövzulara həssaslıqla yanaşmaları diqqətdən yayınmadı. Fikir mübadiləsi şəraitində davam edən canlı bağlantı iştirakçılar tərəfindən razılıqla qarşılandı. Qeyd etmək lazımdır ki,”Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusuna həsr olunan beynəlxalq onlayn tədbir azərbaycan,rus və ingilis dillərində fəaliyyət göstərib.
“Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda 5-ci respublika elmi-praktik konfransı 22.11.2019

Noyabrın 22-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda 5-ci respublika elmi-praktik konfransı keçirilib. Açılış nitqində ATMU-nun rektoru İlham Mədətov konfrans iştirakçılarını salamladıqdan sonra konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində çalışan tədqiqatçı, alim və mütəxəssislərin, doktorant və magistrantların qatıldığını qeyd etdi və konfransın işina uğurlar arzuladı. Universitetin elm və inkişaf məsələləri üzrə prorektoru prof. İranə Əliyeva konfransa hazırlıq işləri barədə məlumat verərək, bu tip tədbirlərin tez-tez keçirilməsinin zəruriyilindən danışdı. Plenar iclasda Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli “Ali təhsildə innovasiya fəaliyyəti”, Karyera və kommunikasiya şöbəsinin müdiri Anar Eminov “Sosial sahələrin inkişaf etdirilməsində yeni investisiya modelləri”, Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov “Azərbaycanda turizm bazarının formalaşması və inkişafının problemləri” mövzularda çıxışlarını konfrans iştirakçılarının diqqətinə çatdırdılar. Məruzələrdə əsas diqqət müasir dövrdə idarəetmədə yol verilən nöqsanların müəyyənləşdirilməsi və aradan qaldırılması, idarəetmə sahəsində yeniliklərin tətbiqi imkanlarının araşdırılması və s. məsələlərə yönəlib. Konfrans “Tarixi-mədəni abidələrin tanıdılmasında turizmin rolu”, “Turizm və xidmət sahələrinin idarə edilməsi”, “İdarəetmə mədəniyyəti və idarəetməyə innovativ yanaşma”, “Etnik münasibətlər və dillər”, “İqtisadi inkişaf proseslərinin idarə edilməsi” adlı bölmələr üzrə 90-dan çox məruzə dinləməklə işini davam etdirdi. Müvafiq bölmələrdə dinlənilən məruzələrin çap edilməsi tövsiyə olundu. Konfrans Yekun Plenar İclasla öz işini başa çatdırdı.