Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq əlaqələrində önəmli yerlərdən birini beynəlxalq mübadilə proqramlarıdır. ATMU Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlər ilə əlaqələr quraraq, xeyli sayda tərəfdaşlar qazanmış, eləcə də məhz bu əməkdaşlıqlar çərçivəsində öz tədris planını daha da inkişaf etdirmək imkanı əldə etmişdir.

Erasmus+ mübadilə proqramı Avropa Birliyi tərəfindən formalaşdırılan beynəlxalq təhsil layihəsidir. Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsinin həyata keçirilməsinə imkan yaradır. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün mühüm vərdişlərə yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavriatura və magistratura pillələrində təhsil alan tələbələr, eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.

ATMU və proqram daxilində əməkdaşlıq edilən tərəfdaş universitetlər arasında son illər ərzində xeyli sayda müəllim və  tələbə mübadiləsi həyata keçirilmişdir. Belə ki, ümumilikdə son 4 il ərzində 20-dən çox ATMU tələbəsi Erasmus+ proqramı çərçivəsində tərəfdaş universitetlərdə təhsil almış, 10 nəfərdən artıq müəllim bu proqram vasitəsi ilə tərəfdaş universitetlərdə tədris aparmışdır.

Qeyd edilməlidir ki, proqramın davam etmə müddəti professor-müəllim heyəti və tələbələr üçün fərqlidir. Belə ki, proqram çərçivəsində təhsil alan tələbələr üçün mübadilə müddəti 5 aydan (1 semestr) 12 aya (2 semestr) qədər,professor-müəllim heyəti üçün minimum 1 həftə, maksimum 1 ay olar bilər.

Sözügedən beynəlxalq proqram çərçivəsində ATMU tələbələri İspaniya Krallığının Valladolid və Jirona Universitetlərində, Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetində, Rumıniya Respublikasının İoan Cusa Alexander Universitetində, Bolqarıstan Respublikasının D.A.Tsenov adına İqtisadiyyat Akademiyasında, Türkiyə Respublikasının Orta Doğu Texniki və Eskişəhir Anadolu Universitetlərində müxtəlif ixtisaslar üzrə mübadilə prosesinin iştirakçısı olmuşlar.

Maddi dəstək

Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin səyahət və yaşayış xərcləri qarşılanır. Bu xərcləri əhatə edən təqaüd ölkədən, ölkələrarası məsafədən, təqaüdə müraciət edən tələbələrin sayından asılı olaraq dəyişə bilər. Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.

Valladolid Universiteti

Valladolid Universiteti

Valladolid Universiteti İspaniya Krallığının Valladolid şəhərində yerləşir. İspaniya Krallığının ən qədim ali təhsil müəssisələrindən biri olan tərəfdaş universitetin qurulma tarixi 1241-ci ildən başlanır. Hal-hazırda İspaniya Krallığının ən qabaqcıl universitetlərindən biri hesab edilən Valladolid universitetinin tələbə sayi 30 000 üzərindədir. ATMU və Valladolid Universiteti arasında əməkdaşlıq Erasmus+ proqramı çərçivəsində 2017-ci ilin avqust ayının 25-dən etibarən başlamışdır və bü günədək 3 nəfər ATMU tələbəsi adıkeçən proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır.

Jirona Universiteti

Jirona Universiteti

Jirona Universiteti İspaniya Krallığının Jirona şəhərində yerləşir. İspaniya Krallığının ən qədim universitetlərindən biri olan Jironanın quruluş tarixi XV əsrdən başayır (1446-1717), müxtəlif dövrlərdə universitet fərqli adlar ilə mövcud olmuşdur amma 1991-ci il tarixindən etibarən rəsmi olaraq Jirona Universiteti olaraq fəaliyyətini davam etdirmişdir. ATMU və Jirona Universiteti arasında əməkdaşlıq Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində 2019-cu ilin aprel ayının 1-dən etibarən başlanmışdır. Qısa zaman ərzində 1 nəfər ATMU tələbəsi proqram çərçivəsində mövcud olan tələbə mübadiləsindən istifadə etmiş eləcədə tərəfdaş universitetin 2 nəfər akademik heyət nümayəndəsi müəllim mübadiləsi istiqamətində ATMU-da qonaq olmuşdurlar.

Kajaani Tətbiqi Elmlər Universiteti

Kajaani Tətbiqi Elmlər Universiteti

Kajaani Tətbiqi Elmlər Universiteti Finlandiya Respublikasının Kajaani şəhərində yerləşir. 1992-ci ildən dövlət universiteti kimi fəaliyyət göstərən tərəfdaş universitet 2000 tələbə sayı ilə turizm ixtisası üzrə Finlandiyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri sayılır. ATMU və Kajaani Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq Avropa Birliyinin Erasmus + proqramı çərçivəsində 2015-ci ilin sentyabr ayının 7-dən etibarən başlanmışdır. Bu günədək 10 nəfər ATMU tələbəsi proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır. Müəllim mübadiləsi imkanlarından istifadə edən 4 nəfər ATMU nümayəndəsi tərəfdaş universitetdə, 3 nəfər KAMK nümayəndəsi isə ATMU-da tədris aparmışdır.

Alexandru İoan Cusa Universiteti

Alexandru İoan Cusa Universiteti

Alexandru İoan Cusa Universiteti Rumıniya Respublikasının İaşı şəhərində yerləşir. Universitet Rumıniyanın ən qədim universitetlərindən biri hesab olunur. 1860-cı ildən dövlət universiteti olaraq fəaliyyət göstərən tərəfdaş universitet hal-hazırda 24 000 təhsil alan tələbə sayı və 500-dən çox beynəlxalq tərəfdaşa malik olan ali təhsil müəssisıi kimi Rumıniyada ən qabaqcıl universitetlərdən sayılır. ATMU və tərəfdaş universitet arasında əməkdaşlıq 2017-ci ilin fevral ayının 22-dən etibarən Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində başlanmışdır. 2017-2020-ci tədris illəri ərzində 3 nəfər ATMU tələbəsi beynəlxalq proqram çərçivəsində tələbə mübadiləsindən yararlanaraq tərəfdaş universitetdə təhsil almış, eləcədə ATMU-nun 1 nəfər akademik heyət nümayəndəsi müəllim mübadiləsi çərçivəsində tərəfdaş universitetdə tədris aparmışdır.

Orta Doğu Texniki Universiteti

Orta Doğu Texniki Universiteti

Orta Doğu Texniki Universiteti Türkiyə Respublikasının paytaxtı olan Ankara şəhərində yerləşir. 1956-cı ildən dövlət universiteti kimi fəaliyyətə başlayan tərəfdaş universitet hal-hazırda bakalavr pilləsi üzrə 41, magistratura pilləsi üzrə 107 və doktorantura pilləsi üzrə 69 ixtisas olmaqla 30 000 tələbə sayına malik olan önəmli universitetlərədən biri sayılır. Erasmus+ proqramı çərçivəsində ODTÜ ilə ATMU arasında əməkdaşlıq 2015-ci ilin oktyabr ayının 23-dən etibarən başlamışdır. Bu günədək 5 nəfər ATMU tələbəsi məlum proqram çərçivəsində tərəfdaş universitetdə təhsil almışdır.

Eskişehir Anadolu Universiteti

Eskişehir Anadolu Universiteti

Eskişehir Anadolu Universiteti Türkiyə Respublikasının Eskişehir şəhərində fəaliyyət göstərir. 1958-cı ildən fəaliyyətə başlamış olan Eskişehir Anadolu universiteti hal-hazırda 2 milyona yaxın tələbə sayı ilə Türkiyə Respublikasının qabaqcıl ali təhsil müəssisələrindən biri hesab olunur. ATMU və Eskişehir Anadolu Universiteti arasında əməkdaşlıq Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində 2016-cı ilin 12 may tarixindən etibarən mövcuddur. Bu günədək 1 nəfər ATMU tələbəsi proqram çərçivəsində iştirakçı olaraq tərəfdaş universitetdə təhsil almışdır.

D.A.Tsenov adına İqtisadiyyat Akademiyası

D.A.Tsenov adına İqtisadiyyat Akademiyası

D.A.Tsenov adına İqtisadiyyat Universiteti Bolqarıstan Respublikasının Sviştov şəhərində fəaliyyət göstərir. 1936-ci ildən fəaliyyət göstərən tərəfdaş universitet ilə ATMU arasında əməkdaşlıq Erasmus+ proqramı çərçivəsində 2017-ci ilin 22 sentyabr tarixindən etibarən başlanılmışdır. Adı keçən beynəlxalq proqram çərçivəsində bu günədək 1 nəfər ATMU tələbəsi tələbə mübadiləsi, 1 nəfər akademik heyət nümayəndəsi isə müəllim mübadiləsi istiqamətindən yararlanmışdır.

Aşağıdakı şərtlərə cavab verən tələbələr proqramda iştirak edə bilərlər:

  • İxtisas üzrə uyğunluq;
  • Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı;
  • Lazım olan xarici dil  (əsasən inglis dili) biliklərinə malik olmaq;
  • Yüksək dərs ortalaması (70-90 arası);
  • I kurs tələbələri proqramda iştirak edə bilməz.

Mübadilə proqramında iştirak üçün ATMU-nun Beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlanılmalıdır. Mütəmadi olaraq Erasmus+ proqramı çərçivəsində mümkün olan təhsil imkanları haqqında ATMU-nun sosial media və elanlar lövhəsi vasitəsi ilə tələbələrə lazımi məlumat verilir. Elanlarda əsasən proqramda iştirak üçün tələblər, maliyyə şərtləri və ümümi məlumatlar (müraciət üçün son tarix, təhsil alınacaq tərəfdaş universitet və ixtisas, müsahibənin forması) göstərilir.