Etik davranış qaydaları

«Azərbaycan Turizm və Menecment Universitetində təhsilalanların etik davranış Kodeksi» (bundan sonra «Kodeks») Azərbaycan Turizm və Menecment Universitetində (bundan sonra «ATMU» və ya ismin müvafiq halında «Universitet») təhsilalanların etik-davranış normalarını və prinsiplərini, hüquq və vəzifələrini, məsuliyyətini və məsuliyyətə cəlb olunma qaydalarını tənzimləyir.

Bu Kodeks Azərbaycan Respublikasının Konstitusiyasına, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Təhsil prosesi iştirakçılarının etik standartları modeli»nə, Ümumdünya Turizm Təşkilatının Assambleyası tərəfindən qəbul edilmiş «Turizmin qlobal kodeksi»nə və «Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi»nə uyğun hazırlanmışdır.

Bu Kodeks Azərbaycan Turizm və Menecment Universitetində təhsilalanlara şamil edilir və onun tətbiqində əsas məqsəd tədris prosesinin iştirakçıları arasında sağlam işgüzar mühitin bərqərar olmasına, təhsilalanların etik davranış standartlarına riayət edilməsinə, təhsilin səmərəliliyinin və şəffaflığının artırılmasına, universitetdə baş verə biləcək neqativ halların qarşısının alınmasına və tələbə heyətinin mənəvi keyfiyyətlərinin daha da yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Bu Kodeks Universitetə daxil olduğu andan etibarən vətəndaşlığından və təhsil növündən asılı olmayaraq bütün təhsilalanlara - tələbələrə, magistrlərə, doktorantlara və əlavə təhsilalanlara şamil edilir.

Bu Kodeks, eləcə də ona əlavələr və dəyişikliklər ATMU-nun İntizam Komissiyasının qərarı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və onun əməl olunmasına nəzarətin təşkili universitetin rektoru tərəfindən müəyyən edilir.