Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 22 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutunun (ATİ) bazasında yaradılmışdır. ATMU ölkədə turizm və menecement sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə ATMU Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeçiliyində fəaliyyət göstərir.
Hazırda universitetdə 3 fakültə və 8 kafedra fəaliyyət göstərir.
ATMU-da tədris təhsilin bakalavriatura, magistratura və doktorantura pillələri, həmçinin əlavə təhsil proqramı üzrə həyata keçirilir.
ATMU-da bakalavriatura və magistratura pillələri üzrə cəmi 1980 nəfər tələbə təhsil almaqdadır. Həmçinin, doktorantura pilləsində 52 nəfər, əlavə təhsil proqramında isə 27 nəfər tələbə təhsilini davam etdirir. Fəaliyyət göstərdiyi müddətdə, ümumilikdə 4481 nəfər tələbə (3799 nəfər bakalavr, 625 nəfər magistr, 9 nəfər doktorantura) Azərbaycan Turizm və Menecment Universitetinin məzunu adını qazanmışdır. Həmçinin, universitetimizdə mövcud olan əlavə təhsil proqramları üzrə 48 nəfər tələbə məzun olmuşdur.
Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Respublikasında turizm təhsili verən Ali Təhsil Müəssisələri arasında ilk dəfə beynəlxalq ikili diplom proqramını tətbiq etmişdir. Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə 2007-ci ildə Azərbaycan-Avstriya Turizm Proqramının reallaşdırılması ilə bağlı müqavilənin imzalanması ilə 15 ildir uğurla davam edən proqram çərçivəsində 285 nəfər bakalavr, 13 nəfər magistr olmaqla, ümumilikdə 298 nəfər məzun olmuş, hazırda onlar yerli və beynəlxalq turizm təhsilinin incəliklərindən xəbərdar olan mütəxəssislər kimi turizm sektorunun inkişafına töhfə verməkdədirlər. Təhsil aldıqları müddətdə tələbələr təhsillərini 1 semestr ərzində Avstriyada davam etdirməklə beynəlxalq təhsil təcrübəsi əldə etmiş olurlar. Avstriyadan olan mütəxəssislər tərəfindən tədrisin aparıldığı proqramı uğurla bitirmiş tələbələr iki diplom - Azərbaycan Turizm və Menecment Universiteti və IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edirlər.
20 noyabr 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universiteti “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülmüşdür. ATMU-nun qeyd olunan sertifikata layiq görülməsi onun effektiv idarəetmə sisteminə malik olması və beynəlxalq standartlara cavab verən təhsil siyasətini həyata keçirməsinin göstəricisidir.
10 mart 2020-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti “Turizm işinin təşkili” ixtisas proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür. Cənubi Qafqaz regionu ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir. “UNWTO.TedQual” Ali Təhsil Müəssisələri Şəbəkəsinə qoşularaq ATMU, akademik heyət üzvlərinin və tələbələrin mübadilə proqramlarında iştirak etmək hüququ əldə etməklə bərabər, həmçinin bilik və təcrübə mübadiləsi fürsətlərindən bəhrələnmək imkanı da qazanıb.
Tələbələrimizdə öyrənmə mədəniyyətini inkişaf etdirməklə daim dəyişən əmək bazarında uğur qazanmaq üçün tələb olunan səriştələri formalaşdırmaqdır.
Korporativ dəyərlərimiz dürüstlük, şəffaflıq, hesabatlılıq, rasionallıq, kollegiallıq, akademik peşəkarlıq, biliyə maraq və yaradıcılıq dəyərləri üzərində qurulmuşdur.
- Dürüstlük - əməkdaşlarımız və tələbələrimizin şəxsi davranışları ən yüksək etik standartlara cavab verməlidir.
- Şəffaflıq - universitet fəaliyyətilə bağlı maraqlı tərəflərin məlumat əldə etmək hüququ təmin olunmalıdır.
- Hesabatlılıq - verilmiş bütün qərarlara görə universitetin cavabdehliyi təmin olunmalıdır.
- Rasionallıq - qərarlar əsaslandırıla bilən olmalı və tədris prosesin inkişafına xidməet etməlidir.
- Kollegiallıq - qərarların verilməsi prosesində aidiyyatı əməkdaşların iştirakçılığı təmin edilməli və demokratik müzakirə mühiti qorunub-saxlanılmalıdır.
- Akademik peşəkarlıq - əməkdaşlar və tələbələr akademik fəaliyyətlərində etik dəyərlərə və prinsiplərə riayət etməlidirlər.
- Biliyə maraq - universitet əməkdaşların və tələbələrin biliyə marağının artırılması və intellektual mühitin qurulması üçün davamlı çalışmalıdır.
- Yaradıcılıq - tədris və əlaqələr sahələrdə yaradıcı və yenilikçi yanaşmaların istifadəsi təşviq edilməlidir.
Azərbaycan Turizm və Menecment Universiteti:
- Turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsidir;
- “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO: 9001-2015 - Keyfiyyət İdarəetmə Sistemi və Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülmüşdür;
- Müasir təlim texnologiyalarından istifadə etməklə əmək bazarı üçün rəqabət qabiliyyətli kadrlar hazırlayır;
- Tədrisin ixtisaslı və praktik biliklərə sahib mütəxəssislər tərəfindən aparılmasını təmin edir;
- Ölkədə turizm ixtisası üzrə ilk beynəlxalq ikili diplom proqramını tətbiq edir;
- Tələbələrə beynəlxalq mübadilə proqramları ("Erasmus+", Mevlana Mübadilə Proqramı) çərçivəsində Avropa ali təhsil müəssisələrində təhsil almaq fürsəti yaradır;
- Tələbələr üçün beynəlxalq və yerli tərəfdaş təşkilatların araşdırma layihələrində iştirak imkanı yaradır;
- Elmi-tədqiqat fəaliyyətinin aparılması üçün UNWTO, Thomson Reuters, EBSCO kimi elektron məlumat bazalarına çıxışı olan Kitabxana İnformasiya Mərkəzindən istifadə şansı verir;
- Ölkənin dövlət strukturları və böyük şirkətləri ilə əməkdaşlığın nəticəsi olaraq nüfuzlu milli qurumlarda təcrübə keçmək və karyera qurmaq imkanlarını yaratmaqla təhsil müddətində müvəffəqiyyət qazanmış tələbələrin ixtisas profili üzrə karyera imkanlarını dəstəkləyir;
- Xarici ölkələrdə (Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan Respublikası, İsrail Dövləti, Şimali Kipr Türk Respublikası, Türkiyə Respublikası) 22 həftə müddətində istehsalat təcrübəsi prosesini təşkil edir.