Karyera sərgiləri

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tələbə və məzunlarının karyera imkanlarının dəstəklənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbələrin yerli və beynəlxalq nüfuzlu qurumlarda təcrübə keçmələrinin təşkili də ATMU üçün prioritet məsələlərdəndir.

Qeyd olunan istiqamətdə fəaliyyət göstərərkən ATMU karyera sərgilərinin keçirilməsinə xüsusi diqqət yetirir. Belə ki, universitet karyera sərgilərinin bilavasitə təşkilatçısı olmaqla yanaşı, dövlət və özəl qurumlar tərəfindən təşkil olunmuş bu qəbildən olan müxtəlif tədbirlərdə iştirak edir.

Karyera sərgilərinin keçirilməsində əsas məqsəd universitet məzunlarının məşğulluğunun təmin edilməsi, savadlı, bacarıqlı və təcrübəli gənclərin ixtisas yönümlü karyera perspektivlərinin dəstəklənməsidir. Tələbələrimiz üçün uyğun təcrübə imkanlarının yaradılması və onların əmək bazarına inteqrasiya olunmasının təmin edilməsi karyera sərgiləri təşkil olunarkən qarşıya qoyulmuş digər məqsədlər sırasında qeyd oluna bilər. Belə sərgilər sayəsində işəgötürənlərlə birbaşa əlaqədə olmaqla tələbə və məzunlarımız peşəkar ünsiyyət qurmaq  təcrübəsi də əldə edirlər.

Sərgilərin mövcud şərtlər və imkanlardan asılı olaraq il ərzində bir və ya iki dəfə keçirilməsi nəzərdə tutulmuşdur.

ATMU sənaye müəssisələri ilə əməkdaşlıq şəraitində əmək bazarında mövcud vakansiyalar barədə tələbələrini mütəmadi olaraq məlumatlı saxlayır. Bunun üçün vakansiyalar barədə məlumatlar universitetin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki ünvanlarında paylaşılır, həmçinin iş və təcrübə elanları tələbə və məzunların elektron poçt ünvanlarına yönləndirilir. 

“Ümumdünya Turizm günü: Turizm sahəsində karyera perspektivləri”

ATMU-nun təşkilatçılığı ilə keçirilən karyera sərgilərindən ən yadda qalanlarından biri 27.09.2019-cu il tarixində Ümumdünya Turizm günü ilə əlaqədar Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti və BMT-nin İnkişaf proqramının birgə təşkilatçılığı ilə keçirilmiş “Ümumdünya Turizm günü: Turizm sahəsində karyera perspektivləri” adlı tədbirdir. Tədbir diskussiya formatında baş tutmuş, elektron turizm, regional turizmin inkişaf perspektivləri, turizm təhsili və kadr potensialı kimi mövzuları ətrafında müzakirələr aparılmışdır. “Ümumdünya Turizm günü: Turizm sahəsində karyera perspektivləri” tədbirində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və BMT-nin İnkişaf Proqramının nümayəndələri təmsil olunmuşdurlar.

Tədbirdə turizm sektorunu təmsil edən şirkət nümayəndələri ilə yanaşı, turizm ixtisaslarının tədris edildiyi universitetlərin müəllim və tələbə heyəti, eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetinin məzunları da iştirak ediblər. Tədbir çərçivəsində 10 hotel və 5 turizm şirkətininin insan resurları üzrə nümayəndələrinin iştirakı ilə iş yarmarkası təşkil edilmişdir. Sevindirici haldir ki, iştirakçı şirkətlər arasında ATMU məzunlarının rəhbərlik etdiyi və ya fəaliyyət göstərdiyi şirkətlər də mövcud olmuşdur.

"Karyerada ilk addım"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri tələbə və məzunlarımızın məşğulluğunun təmin edilməsinə xidmət etmişdir. ATMU-nun rektoru İlham Mədətov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məsul işçiləri, ölkəmizin turizm sənayesinin rəhbərləri və təhsil müəssisəsinin müəllim-tələbə heyəti iştirak etdiyi sərgi böyük maraqla qarşılanmışdır.

“Karyerada ilk addım” məşğulluq tədbirində iştirakçılara 32 dövlət və özəl müəssisədən, ümumilikdə 103 boş (vakant) iş yeri və təcrübə proqramları təklif olunub. Vakant iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarında iştirak etmək istəyən tələbələrin qeydiyyatı aparılmışdır.

Tədbirin davamı olaraq, Bakı Şəhər Məşğulluq İdarəsinin dəstəyi ilə 2019-cu ilin dekabr ayı ərzində tələbələr üçün “Karyera və peşəkar inkişaf” mövzusunda iki günlük təlimlər təşkil olunmuşdur.