İlham Mədətov

İlham Mədətov

Rektor

Təhsil hər bir insanın gələcək həyatını dəyişməyə qadir olan, onun cəmiyyətdə layiqli mövqe tutmasını təmin edən, eldə edilmiş bilikləri elmə çevirən, qarşıya qoyulmuş hədəf və məqsədlərə çatmağa kömək edən bir vasitədir. Təhsil hər bir fərdin həyatının əsas istiqamətvericisidir. Onun sayəsində insanlar uğura aparan yolda doğru düşüncə tərzi, doğru davranış, elmi yanaşma nümayiş etdirməklə, yalnız özlərinin deyil, həm də cəmiyyətin inkişafına nail olurlar.

quote
Rektorun müraciəti

Son illərdə qeyri-neft sektorunun, xüsusilə turizm sektorunun inkişaf etdirilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas prioritetlərindəndir. Turizm sadəcə ölkəmizə gələn turistlərin rəqəmlərlə ifadəsi deyil, həmçinin güclü infrastrukturun yaradılması, inkişaf etmiş otel və mehmanxana sisteminin mövcud olması, müasir standartlara cavab verən nəqliyyat sisteminin təmin edilməsi, o cümlədən bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsidir.

Ali təhsil müəssisəsi olaraq ATMU beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli təhsil sistemini təmin etmək və bu sahədə peşəkar kadrların yetişdirilməsi kimi çox mühüm və ciddi vəzifənin öhdəsindən gəlir. Universitetimiz Azərbaycan Respublikasının gənc, dinamik və sürətlə inkişaf edən ali təhsil müəssisələrindən biri olmasına baxmayaraq turizm və menecment sahəsində böyük uğurlara imza atmışdır. Bu gün qururla qeyd edə bilərəm ki, ATMU Cənubi Qafqaz regionunda Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülən yeganə ali təhsil müəssisəsidir. Bundan əvvəl isə Universitetimiz başa çatmaqda olan tədris ilində “ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi” beynəlxalq keyfiyyət sertifikatını da əldə edib.

Cəmiyyətimizin və dövlətimizin inkişafı yüksək ixtisaslı, peşəkar biliklərə malik olan gənclərdən asılıdır. Məhz buna görədir ki, ATMU-nun əsas hədəfi ixtisaslaşdıqları sahələrdə dayanıqlı inkişafı təşviq edən və fəaliyyət göstərdikləri müəssisələrdə xidmət səviyyəsini yüksəltməyə töhfə verəcək yeni nəsil liderlər yetişdirməkdir. Müasir dünya ilə ayaqlaşmaq, dəyişkən tələblərə cavab vermək gənclərdən dünyagörüşlü, bilikli və bacarıqlı olmağı tələb etdiyi kimi, fərdi keyfiyyətlərini artırmağı və kollektiv ruhda çalışmağı da labüd edir. Ənənəvi təhsildən müasir, beynəlxalq standartlara cavab verən təhsil sisteminə keçid etməklə universitetimizdə yaradılan təhsil mühiti, təklif etdiyimiz ixtisaslar, çoxşaxəli beynəlxalq əlaqələrin qurulması, xaricdə və ölkəmizin aparıcı müəssisələrində təcrübə, beynəlxalq və yerli təşkilatlarla həyata keçirilən layihələrdə və ixtisaslaşdığımız sahələr üzrə elmi tədqiqatlarda iştirak, həmçinin ölkədə ilk dəfə tətbiq olunan ikili diplom proqramı olan Azərbaycan-Avstriya Turizm Proqramında təhsil almaqla başqa ölkəyə getmədən Avropa ali təhsil müəssisəsinin diplomunu qazanmaq və digər fürsətlər tələblərimiz üçün yaradılır. Fəxrlə deyə bilərəm ki, bu gün məzunlarımız ölkəmizin aparıcı turizm müəssisələrində layiqli yerlərini tutmaqla yanaşı, dünyanın nüfuzlu universitetlərində heç bir çətinlik çəkmədən təhsillərini davam etdirirlər.

Tələbə və məzunlarımızla sıx əməkdaşlıq çərçivəsində ATMU-nun professor-müəllim və inzibati heyəti yüksək keyfiyyətli və tələbə mərkəzli təhsil mühiti yaratmaq istiqamətində fəaliyyət göstərir. Tələbələrimizin yüksək ixtisaslı, peşəkar mütəxəssislər kimi yetişməyi, cəmiyyətdə layiqli mövqe tutmağı üçün professor-müəllim kollektivimiz daim onların yanındadır. Biz əminik ki, yetişdirdiyimiz kadrlar fəaliyyət göstərdikləri sahələrin uğurlu liderləri, turizm mütəxəssisləri, sosial işçiləri, menecerləri, marketinq mütəxəssisləri, qida təhlükəsizliyinə cavabdeh olan şəxsləri olacaqlar.

Tələbə və məzunlarımızdan əsas gözləntimiz fəaliyyət göstərdiyiniz sahələrdə ATMU-nu layiqincə təmsil etmək, hər zaman vətənimizə və xalqımıza xidmət edən mütəxəssislər olmağıdır.   

Mən inanıram ki, bundan sonra da ATMU həyata keçirdiyi təhsil siyasəti nəticəsində həm regionun, həm ölkəmizin, həm də cəmiyyətimizin həyatında mühüm rol oynayan ali təhsil müəssisəsi olmaqda davam edəcəkdir.

Sonda abituriyentləri, təhsillərinin növbəti pilləsini davam etmək niyyətində olan namizədləri, karyerasını universitetimizdə qurmaq arzusunda olan akademik heyəti ATMU ailəsinə qoşulmağa dəvət edirəm!