Sorğular

Azərbaycan Turizm və Menecment Universitetində tədris-təlim prosesinin keyfiyyətinin artırılması məqsədilə tələbələr, akademik və inzibati heyət üzvləri arasında müxtəlif növ sorğular aparılır.

Fənnin qiymətləndirilməsi sorğusu

Hər semestr sonu keçirilən “Fənnin qiymətləndirmə sorğusu”-nun əsas məqsədi tədrisin təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və bunun əsasında daha səmərəli iş həyata keçirməkdir.

Fənnin qiymətləndirmə sorğusu hər semestrin sonu dərslər yekunlaşandan sonra imtahan sessiyasından öncə aktiv olunur. Sorğuda iştirak etmək üçün ATMU tələbələri universitet tərəfindən açılmış korporativ email ünvanından istifadə edərək rəylərini anonim qaydada bildirə bilərlər. 2019-cu ildən keçirilən sorğunun müsbət göstəricilərindən biri də odur ki, tələbələrin iştirakçılığı əsasında akademik heyətin fəaliyyətini qiymətləndirmək imkanı daha da genişlənmişdir. Sorğu nəticələri bir qayda olaraq akademik heyətin işə qəbulu prosesində nəzərə alınır. Təcrübə göstərir ki, sorğu nəticələrin təhlili əsasında mühüm inkişafedici addımlar atılmışdır.

Mübadilə semestrin qiymətləndirilməsi

Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq əməkdaşlıq istiqamətləri arasında önəm verdiyi sahələrindən biri beynəlxalq proqramlar (Erasmus+ və Mevlana), eləcə də universitetlərarası ikitərəfli əməkdaşlıq əsasında mübadilələrdir.

Mübadilə imkanlarından həm tələbələr, həm də akademik heyət üzvləri yararlana bilər. Mübadilə semestrin qiymətləndirilməsi sorğusu bir semestr ərzində xarici təhsil müəssisələrində mübadilə proqramı çərçivəsində iştirak etmiş tələbələrə şamil olunur və mübadilə proqramlarının səmərəliliyinin artırılmasına xidmət göstərir. Sorğu anketi mübadilədə iştirak etmiş tələbələrə e-mail vasitəsilə Beynəlxalq əlaqələr şöbəsi tərəfindən təqdim olunur.

Təlim ehtiyacların qiymətləndirilməsi

2020-2021-ci tədris ilindən başlayaraq ATMU-da inzibati heyətin təlim ehtiyacların öyrənilməsi məqsədilə "Təlim ehtiyaclarının qiymətləndirilməsi" sorğusu aparılır.  Sorğu nəticələri təhlil olunduğundan sonra prioritet istiqamətlər müəyyən olunaraq təlimlərin keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər görülür və sorğuda iştirak etmiş iştirakçılar həmin təlimlərdə iştirak etmək üçün dəvət olunur. Təlimlərdə iştirak etmiş inzibati heyət üzvləri səmərəli fəaliyyət  üçün zəruri olan yeni bilik və bacarıqlara yiyələnmək üçün imkan qazanır. Peşəkar təlimçilər və müvafiq sahə üzrə mütəxəssislər tərəfindən təşkil olunmuş təlimlərin sonunda qiymətləndirmə aparılır və nəticələrə dair hesabat hazırlanılır.