Ümumi məlumat

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə bir sıra xarici ölkələrdə təcrübə keçmək imkanı yaradılmışdır. Bu günə kimi xaricdə 483 tələbə istehsalat təcrübəsini keçib.  Bu tələbələr İsrail (340), Türkiyə (83), Kipr (30) kimi ölkələrdə təcrübədə iştirak ediblər. İstehsalat təcrübəyə tələbələrimizi qəbul edən digər ölkələrin siyahısına Qazaxıstan, Almaniya, Malta, Yunanıstan, Rusiya, İspaniya, Çexiya, ABŞ, Ukryana, BƏƏ, Seyşel adaları, Çin, Bolqarıstan. Yay tanışlıq təcrübəsi Azərbaycanla yanaşı Türkiyə, Şimali Kipr Türk Cumhuriyyəti, Yunanıstan kimi ölkələr daxildir. Xaricdə yay tanışlıq təcrübəsi keçən tələbələrin ümumi sayı 139 tələbədir.

ATMU-da bakalavriatura və magistratura pillələri üzrə aşağıdakı təcrübə növləri mövcuddur:

Bakalavriatura pilləsi üzrə:

  1. İstehsalat təcrübəsi
  2. Könüllü təcrübə

Magistratura pilləsi üzrə:

  1. Elmi-tədqiqat təcrübəsi
  2. Elmi-pedaqoji təcrübə
Bakalavriat pilləsi üzrə təcrübə imkanları haqqında məlumat
İstehsalat təcrübəsi haqqında məlumat

Təhsil Nazirliyinin standartlarına əsasən istehsalat təcrübəsi 21 kredit təşkil edir. Belə ki, bakalavr pilləsində təhsil alan bütün tələbələr tədris planında nəzərdə tutulan semestrə uyğun olaraq ixtisasları üzrə istehsalat təcrübəsi keçməlidirlər. Tələbələr tədris ilinin 8-ci semestrində (istisna: Turizm və otelçilik ixtisasında 6-cı semestrdə) istehsalat təcrübəsində iştirak etmək hüququna malikdirlər.

Təcrübə müəyyən edilmiş vaxtda başlayır və bir dəfə olmaqla nəzərdə tutulan semestr ərzində tamamlanır. İstehsalat təcrübəsi üzrə məsləhət və təlimlər bu müddətə aid edilmir.

Qaydalar:

Təcrübə müddəti:Məcburi 14 həftə. Turizm və otelçilik ixtisası üzrə tələbələrin təcrübə müddəti 22 həftə müəyyən edilmişdir.
Həftəlik minimum iş saatı: 21 saat. Turizm və otelçilik ixtisasında həftəlik minimum iş saatı  30 saatdır.

İstehsalat təcrübəsi müddətində tələbə nəzərdə tutulmuş iş saatında təcrübə yerində olmalıdır. Tələbəyə heç bir halda təcrübəyə ayrılan müddətin 25%-dən artığında iştirak etməməyə icazə verilmir. Bu limiti keçən tələbənin yekun təcrübə qiyməti qeyri-kafi hesab olunur. Bu halda tələbə təcrübəni ödənişli əsaslarla istehsalat təcrübəsini yenidən keçməlidir.
Bu qaydaları pozan, üzrsüz səbəbdən təcrübədə iştirak etməyən və yaxud istehsalat təcrübəsini öz təşəbbüsü ilə, müəssisə və universitetin razılığı olmadan dayandıran tələbənin təcrübəsi baş tutmamış sayılır və tələbənin təcrübə fəaliyyəti “0”-la (qeyri-kafi) qiymətləndirilir.
İstehsalat təcrübəsində iştirak etməyən və ya təcrübəni uğurla başa çatdırmayan tələbə növbəti tədris ilində həmin ilin istehsalat təcrübəsi qaydalarına əsasən (tələbə tərəfindən ixtisasın istehsalat təcrübəsinə uyğun kreditin qanunla müəyyən edilən ödəndikdən sonra) təcrübəyə buraxılır.
İstehsalat təcrübəsini müvəffəqiyyətlə tamamlamayan tələbələr tədris prosesinin növbəti mərhələsinə davam edə bilərlər. İstehsalat təcrübəsində iştirak etməyən tələbələr yekun dövlət attestasiyasına buraxılmırlar.

Təcrübədə iştirak aşağıdakı mərhələlərdən ibarətdir:

1. Hazırlıq mərhələsi
2. Müqavilənin imzalanması
3. Təcrübə prosesi (təcrübədə iştirak)
4. Təcrübənin yekunu
5. Sənədlərin təhvil verilməsi
6. Qiymətləndirmə prosesi

Hazırlıq mərhələsi:
İstehsalat təcrübəsi başlanmazdan əvvəl KKŞ oktyabr ayında təcrübəyə gedəcək tələbələrə email vasitəsilə müraciət məktubu göndərir. Müraciətə əsasən, tələbələr KKŞ-nin məsul şəxsi Aida Bayramova ilə görüş vaxtı təyin edirlər. Bütün tələbələrin görüşdə iştirakı vacibdir. Görüş zamanı tələbələrin CV-ə baxılır, təcrübə keçmək istədikləri istiqamətlər öyrənilir və tələbələr müəssisələrə müsahibəyə göndərilirlər. Müsahibə nəticələrinin gec bilinməsini nəzərə alaraq, tələbələrin məsələyə ciddi yanaşmaları xahiş olunur. Əks halda, təcrübə üçün seçiləcək müəssisə tələbənin istəyinə uyğun olmaya bilər.

2020 - 4-cü kursların təcrübə semestrinə dair hazırlıq mərhələsi. 3-cü kurslarda prosesə dekabr ayında başlanılır, lakin, xarici təcrübə proqramları daha əvvəldən başlaya bilər.
Oktyabr - KKŞ-nin tələbələrə müraciətinin göndərilməsi və görüş üçün tələbələrin müraciətlərinin qəbul olunması
Noyabr - Tələbələrlə görüşlərin keçirilməsi və müəssisələrlə danışıqların aparılması
Dekabr - İlkin siyahının tərtibatı və müəssisələrlə danışıqların davam etdirilməsi
Yanvar - Yekun siyahının hazırlanması və fakültə dekanlığına təqdim edilməsi
Fevral - Təcrübə sənədləşmələrinin qaydaya salınması və təcrübənin başlanması
Qeyd: Tələbə təcrübəyə fevralın ortalarında başlayır, tarix ən gec yanvar ayında tələbələrə göndərilir.

KKŞ ilə məsləhətləşmək üçün aşağıdakı linkə keçid almağınız xahiş olunur:
ATMU KKŞ - tələbələrlə görüş üçün qeydiyyat linki

Xaricdə təcrübə proqramına müraciət ardıcıllığı

Mərhələ 1 - KKŞ Xaricdə təcrübə proqramını elan edir. (hər bir ölkə üzrə təcrübə imkanları ardıcıl olaraq elan olunur)
Mərhələ 2 - Qaydalar üzrə tələbələrin müraciətləri qəbul olunur.Qeyd: son müraciıt tarixləri və qaydalara düzgün riayət edən tələbələr növbəti mərhələyə keçirilir.
Mərhələ 3 - KKŞ tələbələrin müraciətlərini toplayaraq fakultə dekanlığına təqdim edir, dekanlıq tələbələr üçün tövsiyə məktubu hazırlayaraq KKŞ-ə göndərir.
Mərhələ 4 - KKŞ tələbə sayına uyğun olaraq müsahibə günləri və saatlarını təşkil edir, rəhbərlik tərəfindən təyin olunan komissiya üzvləri ilə vaxtı dəqiqləşdirir. Vaxt müəyyən edildikdən sonra, tələbələrə göndərilir.
Mərhələ 5 - Müsahibə keçirilir, müsahibənin nəticələrinə əsasən, proqram üçün tələb olunan sayda ən yüksək göstəricisi olan tələbələr proqrama uyğun hesab olunur.
Mərhələ 6 - Yekun nəticə tələbələrə göndərilir, sənədlərin qəbulu üçün son müraciət tarixi müəyyən edilir.
Mərhələ 7 - Sənədlər toplanır viza üçün müraciət edilir. Gediləcək ölkə ilə bağlı təqdimatlar, ehtiyac olduğu halda tələbələrlə qrup müzakirələri keçirilir. (İsrail proqramında ivrit dili dərsləri də təşkil edilir.)
Mərhələ 8 - Tələbələr üçün biletlər alınır və təcrübə üçün yola salınır.
Qeyd: Xarici təcrübə proqramından asılı olaraq qaydalar dəyişə bilir. Hər bir ölkə üzrə qaydalar, proqram elan edilərkən tələbələrə göndərilir.

Təcrübə müəssisəsi ilə müqavilənin imzalanması aşağıdakı qaydalara rəayət olunaraq həyata keçirilməlidir:
Tələbə müəssisə tərəfindən təcrübə yeri müəyyən olunduqdan sonra istehsalat təcrübəsi haqqında müqavilə imzalanır və təcrübə başlamadan ən gec 5 gün əvvəl fakültə dekanlığına təqdim edilməlidir. İstehsalat təcrübəsi haqqında müqavilə 3 nüsxədə tərtib olunur. Bir nüsxə müəssisəyə, bir müəssisə ATMU-ya təqdim olunur, digər nüsxə isə təcrübəçidə qalır.

Sənədlərin təhvil verilməsi:
Tələbə təcrübə dövründə gündəlik gördüyü işləri “tələbənin təcrübə kitabçası”nda qeydə alır. Təcrübənin sonunda isə təcrübə sənədləri sayılan təcrübə kitabçası, qiymətləndirmə forması və yekun hesabatı 1 həftə ərzində dekanlığa təqdim edir.
Qeyd: Təcrübə kitabçasında həftəliklər ayrı-ayrılıqda təcrübə yerindəki səlahiyyətli şəxsin imzası ilə təsdiqlənir. İmzası və möhürü olmayan, üzərində pozuntu olan təcrübə kitabçası qəbul edilmir.

Qiymətləndirmə prosesi:
Tələbənin istehsalat təcrübəsi dövründəki fəaliyyəti aşağıdakı göstəricilərə əsasən aparılır:
- Davamiyyət - 10 bal
- Tələbənin təcrübə kitabçası - 40 bal
- Yekun hesabat - 50 bal
- Çatışmayan göstəricilər “0” olaraq qiymətləndirilir. İstehsalat təcrübəsini müvəffəqiyyətlə tamamlayan tələbə təhsil proqramında təcrübə üçün ayrılmış müvafiq kreditləri qazanmış hesab olunur.
Müəssisənin rəyi: Təcrübə dövrü başa çatdıqdan sonra müəssisə tələbənin fəaliyyətini qiymətləndirir. Universitetin “Qiymətləndirmə forması” müəssisənin istehsalat təcrübəsi üzrə rəhbəri və ya müəssisədə səlahiyyətli şəxs tərəfindən doldurulmalı və zərflə bağlı şəkildə tələbəyə təqdim edilməlidir. İmzası, möhürü olmayan və üzərində pozuntu olan blank qəbul edilmir.
ATMU Karyera və Kommunikasiya şöbəsi ildə 2 dəfə tələbə və məzunlar üçün könüllü təcrübə imkanı yaradır. Bundan başqa, əməkdaşlıq əsasında bir sıra müəssisələrin müxtəlif dövrlərdə təcrübə proqramları barədə məlumatları da tələbə və məzunlara email vasitəsilə göndərir. Tədbirlər və proqramlar barədə ətraflı məlumatı saytımızın elan bölməsində də əldə etmək mümkündür. Tələbə və ya məzunların könüllü təcrübə proqramından yararlanmasına heç bir məhdudiyyət qoyulmur. Lakin, təcrübə tələbənin dərsləri ilə uyğunlaşdırılmalı və təhsil müddətində tələbənin dərslərinə mane olmamalıdır. Könüllü təcrübədə olan tələbə təcrübə müddəti bitdikdən sonra Karyera və Kommunikasiya şöbəsinə məlumat göndərməlidir. Birinci kurs tələbələrinin tədris ili bitməmiş uzunmüddətli könüllü təcrübəyə qoşulması tövsiyə olunmur.

Könüllü təcrübə proqramlarında iştirak etmək istəyən tələbə və ya məzunlar bununla bağlı birbaşa Karyera və Kommunikasiya şöbəsinin əməkdaşına müraciət göndərə bilərlər (Aida Bayramova a.bayramova@atmu.edu.az). Müraciət göndərilərkən tələbə ad, soyad, təhsil aldığı ixtisas və əlaqə nömrəsini,mövzu hissədə isə “Könüllü təcrübə” mütləq qeyd etməlidir. Karyera və Kommunikasiya şöbəsinin əməkdaşı üç iş günü müddətində tələbəyə geri dönüş edir. Könüllü təcrübəyə müraciət etmiş tələbə və məzunların on iki həftəlik (üç aylıq) müddətdə təcrübəyə göndərilməsi nəzərdə tutulur. Bəzi səbəblər nəzərə alınaraq müddət dörd-səkkiz həftəyə endirilə bilər.
Magistratura pilləsi üzrə təcrübə imkanları haqqında məlumat
Elmi-tədqiqat təcrübəsi haqqında məlumat
Təhsil Nazirliyinin standartlarına əsasən elmi-tədqiqat təcrübəsi 6 kredit təşkil edir. Belə ki, magistratura pilləsində təhsil alan bütün tələbələr tədris planında nəzərdə tutulan semestrə uyğun olaraq ixtisasları üzrə elmi-tədqiqat təcrübəsi keçməlidirlər. Tələbələr tədris ilinin 4-cü semestrində (istisna: Biznes idarəçiliyi fakültəsi ixtisasları 3-cü semestrdə) elmi-tədqiqat təcrübəsində iştirak etmək hüququna malikdirlər. Tələbələrin təcrübə müddəti 4 həftə müəyyən edilmişdir.

Elmi-tədqiqat təcrübəsinin obyektlərini əsasən Azərbaycan Turizm və Menecment Universitetinin kafedraları təşkil edir.

Təcrübədə iştirak növbəti mərhələlərdən ibarətdir:
1. Kitabçaların təhvil alınması
2. Təcrübə prosesi (təcrübədə iştirak)
3. Təcrübə hesabatının yazılması və kafedraya təqdim olunması
4. Təcrübənin yekun attestasiyası
5. Kitabçaların təhvil verilməsi

Kitabçaların təhvil alınması:
Elmi-tədqiqat təcrübəsində əsas sənəd magistr tələbələri üçün hazırlanan təcrübə kitabçası hesab olunur ki, bu da təcrübə prosesi üçün əsas uçot, davamiyyət və keyfiyyətli təlim üzrə mənimsəmə sənədi funksiyasını yerinə yetirir. Magistrantlar təcrübə keçərkən yerinə yetirdiyi tapşırıqlar, öyrəndiyi bilgilər və digər tələb olunan məsələlərlə bağlı elmi-tədqiqat təcrübəsi kitabçasında müvafiq qeydlər aparırlar. Elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsi ATMU-nun rektorunun əmrinə əsasən kitabça Tədris-metodiki şöbənin Təcrübə bölməsi tərəfindən müvafiq rekvizitləri doldurularaq ixtisas kafedrasının müdirinin təsdiqinə göndərilir. Tədris-metodiki şöbənin Təcrübə bölməsi elmi-tədqiqat təcrübəsinin başlanmasına azı 2 həftə qalmış kitabçanı magistranta təqdim etməlidir.

Təcrübənin yekun attestasiyası:
Yekun attestasiya elmi-tədqiqat təcrübəsinin hesabatının müdafiəsi formasında elmi rəhbərlərin iştirakı ilə təqdim olunmuş müvafiq sənədlər əsasında ixtisas kafedralarında keçirilir. Bu məqsədlə ixtisas kafedrasında 3 nəfərdən az olmayaraq attestasiya kommisiyası yaradılır. Kommisiyanın tərkibinə ixtisas kafedrasının müdiri /sədr/, elmi-tədqiqat təcrübəsinin rəhbəri və ixtisas kafedrasının müəllimləri sırasında üzv və üzvlər daxil edilir. Yekun attestasiyada hesabatın müdafiəsi zamanı magistrant elmi-tədqiqat təcrübəsi zamanı əldə olunan nailiyyətlərlə çıxış etməli, özünün qazandığı yeni təcrübi bilikləri təqdim etməlidir. Elmi-tədqiqat təcrübəsinin yekunları differensial məqbul formatında yüzballı sistem üzrə qiymətləndirilir və nəzəri təlim qiymətləri ilə eyni səviyyədə götürülür. Yekun attestasiyasının nəticələri magistrantlar tərəfindən hazırlanmış hesabat materiallarının keyfiyyəti və həcminə müqabil olaraq təcrübə proqramı və fərdi iş planının (tapşırığı) yerinə yetrilməsi səviyyəsi ilə müəyyən edilir.

Kitabçaların təhvil verilməsi:
Yekun attestasiya bitdikdən və qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra tələbə təcrübə kitabçasını müvafiq ixtisas kafedrasına təhvil verməlidir.
Təhsil Nazirliyinin standartlarına əsasən elmi-pedaqoji təcrübə 6 kredit təşkil edir. Belə ki, magistratura pilləsində təhsil alan bütün tələbələr tədris planında nəzərdə tutulan semestrə uyğun olaraq ixtisasları üzrə elmi-pedaqoji təcrübə keçməlidirlər. Tələbələr tədris ilinin 4-cü semestrində (istisna: Biznes idarəçiliyi fakültəsi ixtisasları 3-cü semestrdə) elmi-pedaqoji təcrübədə iştirak etmək hüququna malikdirlər. Təcrübə kafedra müdirinin müəyyən etdiyi ixtisas müəllimlərinin dərslərində aparılmalı və elmi rəhbərin nəzarəti altında həyata keçirilməlidir. Bir magistr-tələbə bir ixtisas müəlliminə təhkim oluna bilər.

Təcrübədə iştirak növbəti mərhələlərdən ibarətdir:
1. İştirak edəcəyi dərslərin qrafikinin təsdiqi
2. Dərslərdə aktiv və passiv iştirak
3. Açıq dərsin təşkili
4. Hesabatın yazılması
5. Təcrübə sənədlərinin təhvili
6. Qiymətləndirmə prosesi

İştirak edəcəyi dərslərin qrafikinin təsdiqi
Tələbə iştirak edəcəyi dərslər haqqında məlumatı kafedra müdirinin və elmi rəhbərin imzası ilə təsdiq olunmuş cədvəl formasında (forma tələbəyə öncədən göndəriləcək) Tədris-metodiki şöbəyə təqdim etməlidir.

Dərslərdə aktiv və passiv iştirak və açıq dərsin təşkili
Tələbənin 4 həftəlik təcrübəsi həftədə minimum 2 dərs, ilk 2 həftə passiv dərs, sonrakı 2 həftə isə aktiv dərs formasında olur. 4-cü həftədə olan aktiv dərslərin biri təcrübə komissiyasınıın iştirakı ilə açıq dərs şəklində keçirilir və təcrübə komissiyası tərəfindən qiymətləndirilir.

Təcrübə sənədlərinin təhvili
Tələbə təcrübə dövründə tədris prosesinin gedişatını, öz fəaliyyətini, aktiv dərslərin təşkili prosesini Həftəlik təcrübə gündəliyində yazmalıdır. Həftəlik təcrübə gündəliyi hər həftənin sonunda ixtisas muəllimi və elmi rəhbərin adı, soyadı, həmin şəxsin imzası ilə təsdiqlənir. İmzası olmayan, üzərində pozuntu olan Həftəlik Təcrübə Gündəliyi qəbul edilmir. Təcrübə sənədləri sayılan Həftəlik Təcrübə Gündəlikləri, Qiymətləndirmə vərəqi və yekun hesabat təcrübə dövrü (1 ay) başa çatdıqdan sonra 10 gün ərzində Tədris-metodiki şöbəyə təqdim edilməlidir.

Qiymətləndirmə prosesi
Tələbənin təcrübə dövründəki fəaliyyəti aşağıdakı göstəricilərə əsasən aparılır:
- Həftəlik blanklar - 10 bal
- Qiymətləndirmə blankı - 10 bal
- Açıq dərsin qiymətləndirməsi - 50 bal
- Hesabat - 30 bal
- Çatışmayan göstəricilər “0” (sıfır) olaraq qiymətləndirilir.
İxtisas müəllimin rəyi: Təcrübə dövrü başa çatdıqdan sonra ixtisas müəllimi magistr-tələbənin fəaliyyətini “Qiymətləndirmə blankı”-nı dolduraraq qiymətləndirir. İmzası olmayan və üzərində pozuntu olan blank qəbul edilmir. Təcrübəni müvəffəqiyyətlə tamamlayan tələbələr tədris prosesinin növbəti mərhələsinə davam edə bilərlər. Təcrübə keçməyən tələbələr isə dissertasiya işinin müdafiəsinə buraxılmırlar.