Təşkilatlar
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT/UNWTO)

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT/UNWTO)

Ümumdünya Turizm Təşkilatı 1974-cü ildə turizm sənayesi üzrə yaradılmış ilk beynəlxalq qurumdur. Adıkeçən beynəlxalq təşkilatın mərkəzi İspaniya Krallığının Madrid şəhərində yerləşir. 2011-ci ildən ATMU Ümumdünya Turizm Təşkilatının “qoşulmuş üzvü” (Affiliate member), bir müddət sonra isə Bilik Şəbəkəsinin üzvü seçilmişdir. Ümumdünya Turizm Təşkilatına üzvlük ATMU-nun dünya turizm sənayesinə çıxışı üçün daha geniş imkanlar açmış, eləcə də tələbələrimizə daha böyük arenalardan ölkəmizi və universitetimizi təmsil etmək şansı qazandırmışdır. 2019-cu ildə ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsi 3 illik müddətinə BMÜTT-nin UNWTO.Tedqual keyfiyyət sertifikatına layiq görülmüşdür.

Alman Akademik Mübadilə Xidməti (DAAD)

Alman Akademik Mübadilə Xidməti (DAAD)

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) əsası 1925-ci ildə Almaniya Federativ Respublikasında qoyulmuşdur. Beynəlxalq təşkilat olaraq əsas fəaliyyət istiqaməti dünya ölkələri arasında müəllim və tələbə mübadiləsini həyata keçirmək eləcədə elmi araştırmalar sahəsində xüsusi təqaüdlər təşkil edərək dünya elminin inkişafına dəstək verməkdir. DAAD Azərbaycanda 1997-ci ildən yerli lektorluq kimi fəaliyyətə başlamış və 2004-cü ildən Bakı Məlumat Mərkəzi olaraq DAAD dünya şəbəkəsinə daxil olmuşdur. ATMU və DAAD arasında əməkdaşlıq əlaqələri 2008-ci ildən başlamışdır. Uzun bir əməkdaşlıq müddətində ATMU nümayəndələri beynəlxalq təşkilatın müxtəlif ölkə içi və ölkə xaricində təşkil edilmiş beynəlxalq tədbirlərində iştirakçı olmuşdurlar. Xeyli sayda ATMU tələbəsi DAAD-ın təşkilatçılığı ilə təşkil edilmiş beynəlxalq layihə və kurslarda iştirak etmişdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ)

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ)

Avropa qitəsində iqtisadiyyat sahəsində önəmli təşkilatlardan biri sayılır. 1950-ci ildən fərqli adlar ilə mövcud olan təşkilatın mərkəzi Almaniya Federativ Respublikasının Bonn şəhəridir. Hal-hazırda dünyanın 150-dən çox ölkəsində ofisi mövcuddur. Ölkəmizdə 2007-ci ildən fəaliyyətə başlayan beynəlxalq qurum ilə ATMU arasında əməkdaşlıq 2007-ci ildən başlamışdır. Məhz 2007-2014-cü illərdə ATMU və GİZ təşkilatçılığı ilə Azərbaycanda eko turizm və kənd turizminin inkişafı ilə bağlı olaraq 14 beynəlxalq layihə icra edilmişdir. Bununla yanaşı olaraq ATMU nümayəndələri adıkeçən beynəlxalq təşkilatın dəstəyi ilə həm ölkəmizdə həmdə xarici ölkələrdə təşkil edilmiş çoxlu sayda tədbirlərdə iştirak etmişdir.

Lüsern Dünya Turizm Formu (WTFL)

Lüsern Dünya Turizm Formu (WTFL)

Turizm sənayesində önəmli forumlardan biri sayılan Lüsern Dünya Formu 2009-cu ildən etibarən təşkil edilir və 2015-ci ildən başlayaraq ATMU adıkeçən formun tədbirlərində aktiv iştirakçıdır. 2015-ci ildən etibarən ATMU-nun müəllim və tələbə heyəti forumun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmişdir. Forumun təşkil edilməsində əsas məqsəd dünyada turizm sektoru üzrə mövcud olan təşkilatları və ali təhsil müəssisələrini bir araya gətirərək müxtəlif müzakirələr təşkil etməkdir.

British Council

British Council

British Council beynəlxalq təşkilat olaraq 1934-cü ildən fəaliyyət göstərir. British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır.Ölkəmizdə 1993-cü ildən fəaliyyət göstərir. ATMU və British Council arasında əməkdaşlıq 2009-cu ildən başlamışdır. Əməkdaşlığın ilk illərindən bü günədək ATMU nümayəndələri mütəmadi olaraq tərəfdaş təşkilatın tədbirlərində iştirakçı olmuş eləcədə adıkeçən təşkilatın müxtəlif tədbirləri müxtəlif zamanlarda ATMU-da təşkil edilmişdir.

Dante Alighieri Cəmiyyəti

Dante Alighieri Cəmiyyəti

Dante Alieghieri Cəmiyyəti İtaliyada 1889-cu ildə Cozue Karduççi tərəfindən əsası qoyulduqdan sonra fəaliyyətə başlamışdır. Cəmiyyətin əsas fəaliyyət istiqamətləri İtaliya və xarici dövlətlər arasında mədəni əlaqələrin qurulması, italyan dilinin təbliğatıyla bağlıdır. Cəmiyyətin qərargahı Roma şəhərində yerləşir və hal-hazırda dünyanın 200-dən çox şəhərində komitələri fəaliyyət göstərir. 2012-ci il noyabr ayından etibarən Dante Alieghieri cəmiyyəti Bakıda da fəaliyyətə başlayıb və əsas ofisi Landmark hotelində yerləşir. Bu günə qədər cəmiyyətin Bakıda əsas fəaliyyət istiqaməti İtaliya ilə bağlı mədəni tədbirlərin keçirilməsi və müxtəlif səviyyələr üzrə italyan dili kurslarının təşkili olmuşdur. ATMU və beynəlxalq təşkilat arasında əməkdaşlıq 2015-ci ilin 27 yanvar tarixindən başlamışdır. 5 il ərzində adıkeçən beynəlxalq təşkilatn bir çox tədbirləri ATMU-da təşkil edilmiş eləcədə ATMU tələbələri üçün italyan dili kursları təşkil edilmişdir.

Romualdo Del Bianko Fondu

Romualdo Del Bianko Fondu

1998-ci ildən fəaliyyət göstərən beynəlxalq fondun mərkəzi İtaliya Respublikasının Florensiya şəhərində yerləşir. Hal-hazırda fondun 500-dən çox üzvü vardır və ATMU 2016-cı ilin avqust ayından etibarən adıkeçən fond ilə əməkdaşlığa başlamışdır. Mütəmadi olaraq ATMU rəhbərliyi fond tərəfindən təşkil edilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişdir. Fondun yaradılmasında əsas məqsəd turizm, mədəniyyət və mədəni irs sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatları bir araya gətirərək ümumdünya səviyyəli layihələr həyata keçirtməkdir.

Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA)

Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA)

Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) – 1951-ci ildə əsası qoyulmuş qeyri-kommersiya teşkilatıdır. Mərkəzi ofis Tailand Krallığının paytaxtı Bangkok şəhərində yerləşir. Asia-Sakit Okean regionunda 800 təşkilat sözügedən Assosiasiyasının üzvüdür. Şəbəkəyə dünyanın 62 təhsil müəssisəsi, 88 dövlət qurumu, 21 aviaşirkət və aeroport, yüzlərlə turizm agentliyi və turoperator daxildir. ATMU 2017-ci ildən adıkeçən quruma üzv olmuşdur. Beynəlxalq quruma üzvlük nəticəsində ATMU tələbələrinin Çin Xalq Respublikasında istehsalat təcrübəsi imkanları təşkil edilmiş eləcədə ATMU nümayəndəsi təşkilatın beynəlxalq tədbirində iştirak etmişdir.

Avrasya İpəkyolu Universitetlər Birliyi (ESRUC)

Avrasya İpəkyolu Universitetlər Birliyi (ESRUC)

Beynəlxalq təşkilatın qurulmasında əsas rolu Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən Ərzurum Atatürk Universiteti oynamışdır. Təşkilat 2004-cü ildən rəsmi fəaliyyətə başlamış və hazırda 100 yaxın ali təhsil müəssisəsi adıkeçən qurumun üzvüdür. ATMU 2009-cu ildən Avrasya İpəkyolu Universitetlər Birliyinin üzvü olmuşdur. Beynəlxalq təşkilatın yaradılmasında əsas məqsəd ipək yolu ərazisində yerləşən ali təhsil müəssisələri və təhsil təşkilatları arasında əlaqələri gücləndirməkdir. ATMU nümayəndələri bu günədək müxtəlif vaxtlarda beynəlxalq təşkilatın tədbirlərində iştirakçı olmuşdur.

Qafqaz Universitetlər Birliyi (KUNİB)

Qafqaz Universitetlər Birliyi (KUNİB)

Qafqaz Universitetlər Birliyi 2009-cu ilin 11 noyabr tarixindən etibarən əsasən Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlər tərəfindən qurulmuşdur. Beynəlxalq təşkilatın qurulmasında əsas məqsəd Qafqaz bölgəsində mövcud olan universitetlər arasında əlaqələri gücləndirmək, universitetlər arasında elmi araştırmalara yönəlik əməkdaşlığı daha da təkmilləşdirməkdir. ATMU 2010-cu ildən etibarən adıkeçən beynəlxalq qurumun üzvüdür. ATMU nümayəndələri son 10 il ərzində tərəfdaş təşkilatın təşkil etdiyi xyli sayda tədbirlərdə iştirak etmişdir.

Robert Bosch Fondu

Robert Bosch Fondu

Beynəlxalq təşkilat olaraq 1964-cü ildə Almaniya Federativ Respublikasının Ştutqart şəhərində yaradılmışdır. Fondun yaradılmasında əsas məqsəd alman dili və mədəniyyətinin dünyada tanıdılması olmuşdur. ATMU və adıkeçən fond arasında əməkdaşlıq 2011-ci ildən başlamışdır. Son 7 il ərzində fondun xüsusi təqaüdləri çərçivəsində 3 nəfər alman dili müəllimi ATMU-da alman dili fənnini tədris etmişdir. Bununla yanaşı olaraq ATMU-nun alman dili fənni üzrə dərs deyən müəllimləri müxtəlif vaxtlarda beynəlxalq fondun Almaniya Federativ Respublikasında təşkil edilən tədbirlərində iştirak etmişdir.

Skal Beynəlxalq Turizm Klubu

Skal Beynəlxalq Turizm Klubu

İlk dəfə olaraq 1932-ci ildə Fransa Respublikasının Paris şəhərində qurulmuşdur. Hazırda dünyanın 87 ölkəsində 500 yerli klub sayı və 21.000 üzvü ilə turizm sənayesinin önəmli beynəlxalq təşkilatlarından biri sayılır. 2009-cu ilin 8 oktyabr tarixində SKAL BAKU Klubu təsis edilmişdir və klubun ilk rəhbəri ATMU rektoru seçilmişdir. ATMU və Skal klubu arasında əməkdaşlıqda məhz 2009-cu ildən başlamışdır.

Konfutsi İnstitutu

Konfutsi İnstitutu

2004-cü ildən fəaliyyət göstərən Konfutsi İnstitutunun mərkəzi ofisi Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində yerləşir və institutun əsas məqsədi xarici ölkələrdə Çin Xalq Respublikası ilə bağlı olaraq müxtəlif sosial, mədəni və xüsusən təhsil layihələrinin həyata keçirilməsi və bütün bunların timsalında Çin Xalq Respublikasının tarix və mədəniyyətinin təbliğatına yönəlik işlərin aparılmasıdır. Hazırda dünyanın 96-dan çox ölkəsində fəaliyyət göstərən təşkilatın 328-ə yaxın regional ofisi mövcuddur. ATMU və beynəlxalq təşkilat arasında əməkdaşlıq 2017-ci ilin aprel ayından etibarən başlamışdır. Məlum əməkdaşlıq çərçivəsində ATMU-nun Dillər Mərkəzində Konfutsi İnstitutunun kiçik bir bölməsi fəaliyyətə başlamışdır. 3 il ərzində müxtəlif zamanlarda ATMU tələbələri üçün çin dili kursları təşkil edilmiş eləcədə ATMU nümayəndələri tərəfdaş təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmişdir.