ATMU-da “İdarəetmədə multikultural dəyərlər” mövzusunda VII Respublika Elmi-Praktik Konfransı keçirildi
16-17 may 2024-cü il tarixlərində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İdarəetmədə multikultural dəyərlər” mövzusunda VII Respublika Elmi-Praktik Konfransı keçirilib. Tədbiri çıxış nitqi ilə açan universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamladıqdan sonra qeyd etdi ki, multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada tolerantlıq münasibətlərinin yüksək səviyyədə olmasıdır. Sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycandakı mövcud tolerantlığın kökü qədim dövrlərə gedib çıxır. Bu məmləkətdə əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılarla – Azərbaycan türkləri ilə yanaşı, talışlar, tatlar, tatarlar, ləzgilər, avarlar, yəhudilər, udilər, saxurlar, xınalıqlılar, buduqlar, ruslar, kürdlər və sair kimi milli və etnik azlıqlar əsrlərboyu mehribancasına, dinc – yanaşı yaşamışlar. Ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə separatçılığa son qoyuldu, Azərbaycan parçalanmaq təhlükəsindən qurtularaq yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edildi. Onun işləyib hazırladığı xalqların sülh və əmin-amanlıq şəraitində birgəyaşayışını təmin edən müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoydu. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyanın müxtəlif yerlərində narahatlıq doğuran ədalətsizliyin daha da artdığı müasir dövrümüzdə multikulturalizm ənənələrinin gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olmuşdur. Son illər isə ölkəmizin çoxsaylı mötəbər beynəlxalq siyasi, mədəni, idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsinin Azərbaycana beynəlxalq səviyyədə olan etimadın əyani göstəricisidir və Azərbaycan xalqının rifahına yönəlmiş genişmiqyaslı tədbirləri daim davam etdiriləcəkdir. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki, bölünməz Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə göstərilən diqqətdir. Rektor İ.Mədətov ATMU-da keçirilən “İdarəetmədə multikultural dəyərlər” mövzusuna həsr olunan növbəti-VII Respublika Elmi-Praktik Konfransa təqdim edilən məruzələrin əsas məqsəd olaraq multikulturalizm dəyərləri daşıyıcılarının və mədəni müxtəlifliyi qəbul edərək birgəyaşayış qaydalarına əməl etməklə iqtisadi inkişafa nail olmaq yollarının araşdırılması nəticələrinin müzakirə edilməsindən məmnunluğunu bildirdi.
Universitetin Elm və innovasiya şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nəsirulla Nəsirli “Müasir universitetin təşkilati strukturu” mövzusunda çıxışında bildirdi ki, “Ali təhsil müəssisəsinin, onun maliyyə-iqtisadi əsaslarının və idarəetmə sisteminin bazar şəraitində yenidən qurulmasında məqsəd ölkənin yeni sosial - iqtisadi strukturuna uyğunlaşmaq, ali təhsil sistemini rasionallaşdırmaq və bazar mexanizmlərinə uyğunlaşdırmaq, tələb və təklif, istehlakçıların müraciətləri nəzərə alınmaqla təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhsil sitemində tarazlığa nail olmaqdan ibarətdir.”
Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hafiz Hüseynov “Azərbaycanda halal turizmin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzəsində - Müasir dövrdə müsəlman ölkələrinin turizm sənayesi üçün getdikcə daha cəlbedici bir bazara çevrilməyə başladığını bildirdi. Həmçinin qeyd etdi ki, ümumi əhalisi 1,6 mlrd. nəfər və ya dünya əhalisinin 23%-ni təşkil edən müsəlman ölkələri çox gəlirli bir bazardır və müsəlman inancına və həyat tərzinə uyğun davranılmanı tələb edir. Son məlumatlar göstərir ki, müsəlmanların halal səyahət xərcləri 2016-cı ildə 169 mlrd. ABŞ dolları təşkil etmişdir (Thomson Reuters and DinarStandard, 2017). 2017-ci ildə müsəlman səyyahların sayı dünya üzrə 131 milyon nəfər (dünya üzrə beynəlxalq səyyahların 11%-i) təşkil etmişdir.
Bölmə iclasları ilə davam edən tədbirdə 50-dən çox məruzə dinlənildi.