Rusiya Federasiyasının Stavropol şəhərində “Azərbaycanın və Rusiyanın IV Gənclər Təşəbbüsləri Forumu” keçirilib.
Forumun əsas məqsədi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında gənclərlə iş sahəsində əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Olqa Petrova, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov və Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov Forumun açılışında çıxış edərək bu tədbirin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsində böyük rol oynadığını vurğulayıblar.
Forumda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rəna İmanbəyli Komitənin gənclərlə iş sahəsində fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda gənclərlə iş sahəsinin hansı səbəbdən mühüm olduğunu, “Azərbaycan Diaspor Könüllüləri” könüllülük programı, “Diaspor Gəncləri 1+1” layihəsi, Diaspor Gənclərinin V Yay düşərgəsi və Azərbaycanın gənclər siyasəti haqqında iştirakçılara məlumat verib.
Rusiya Federasiyasının Stavropol şəhərində baş tutantədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Elmi işlər üzrə prorektoru, prof. İranə Əliyeva və Mehmanxana və restoran biznesi kafedrasının müdiri prof. Novruz Quliyev iştirak ediblər. ATMU nümayəndələri İ. Əliyeva və N.Quliyevin forumun plenar hissəsində “Elm və təhsil” mövzusunda çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Rusiya Federasiyasının təhsil üzrə nazirinin müavini OlqaViktorovna Petrova, Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Nikolayeviç Bespalov ilə görüşdə əməkdaşlıq niyyətinin əhəmiyyətindən danışılıb.
Şimali Qafqaz Federal Universitetinin elmi işlər üzrə prorektoru və struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə isə universitetlər arasında müştərək elmi-tədqiqatların aparılması istiqamətinin hər zaman gündəmdə olduğu bildirilib.