SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.07.2024
Turizm Biznesi Kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 79
ATMU-nun baş müəllimi Polşanın Bydgoszcz İqtisadiyyat Universitetində təlimlərdə iştirak edib

Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində daha bir işgüzar səfər 24-28 iyun tarixlərində Polşanın Bydgoszcz İqtisadiyyat Universitetində baş tutub. Səfərdə layihə konsorsiumunun üzvü olan Azərbaycan Turizm və Menecment Universitetinin Turizm Biznesi kafedrasının baş müəllimi, i.ü.f.d. İmamverdiyeva Çinarə Rüfət qızı iştirak edib. 5 günlük təlim proqramının əsas məqsədi layihənin hədəflərinə uyğun olaraq ali təhsil sistemində sahibkarlıq təşəbbüsləri və təcrübələrinə dair xarici təcrübənin öyrənilməsi olub. Belə ki, təlimlər zamanı sahibkarlığın inkişaf etdirilməsində geniş istifadə olunan müasir üsul və mexanizmlər, o cümlədən dizayn yönümlü düşüncə, Canvas biznes modelinin qurulması, sahibkarlıq təşəbbüsləri vasitəsilə sosial məşğulluq mühitinin yaradılması, şəxsi brendinqin formalaşdırılması, vizual marketinqin həyata keçirilməsi, fərdi potensialın kəşf edilməsi, sahibkarlıq təhsilində innovativ tədris metodlarının tətbiqi üzrə bilik və təcrübələr əldə edilib. Eyni zamanda təlim proqramı çərçivəsində Bydgoszcz şəhərinin sahibkarlıq subyektləri, eləcə də Bydgoszcz Sənaye və Texnologiya Parkı ilə tanışlıq həyata keçirilib. Təlimlərin nəticəsi olaraq öz biznes ideyaları üzərində qrup işləri aparan universitet nümayəndələri təqdimatlarla çıxış edərək geniş təcrübə mübadiləsi aparıblar.

Proqrama uyğun olaraq təlimlərin yekununda sertifikatların təqdim edilməsi mərasimi keçirilib və iştirakçılar Bydgoszcz İqtisadiyyat Universiteti tərəfindən sertifikatlarla təltif olunublar.