Leyla Əliyevanın iştirakı ilə keçirilən təmizlik aksiyasında ATMU-nun tələbələri də iştirak edib
02.09.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 210
Leyla Əliyevanın iştirakı ilə keçirilən təmizlik aksiyasında ATMU-nun tələbələri də iştirak edib

Sentyabrın 1-i Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və IDEA könüllülərinin iştirakı ilə təmizlik aksiyası keçirilib.

Aksiyanın könüllüləri arasında Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri də olub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya Kürdəxanı ərazisində yerləşən gölün sahilində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz edilmiş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.

Tədbirin əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə cəlb etməkdir.