“Azərbaycan Mədəniyyətlər Akademiyası" adlı düşərgədə ATMU-nun tələbəsi də qalib olub
23.09.2024
Turizm və Qonaqpərvərlik fakültəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 111
“Azərbaycan Mədəniyyətlər Akademiyası" adlı düşərgədə ATMU-nun tələbəsi də qalib olub

18-21 sentyabr tarixlərində İsmayıllı rayonunda "Azərbaycan Mədəniyyətlər Akademiyası" adlı düşərgə təşkil olunub.

19 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Azərbaycan Mədəniyyətlər Akademiyası” adlı düşərgənin açılış mərasimi baş tutub.

Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan yerli və xarici tələbələr iştirak edib, dövlət qurumlarının nümayəndələri tərəfindən tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Turizm və Menecment Universitetini düşərgədə “Turizm və qonaqpərvərlik fakültəsi”nin “Turizm işinin təşkili" ixtisası üzrə təhsil alan III kurs tələbəsi Cəlal Əliyev təmsil edib. Cəlal Əliyev təşkil olunan oyunlarda və debatlarda aktiv iştirakına, həmçinin Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun məşhur “Gün var əsrə bərabər” əsərinin motivləri əsasında yazdığı “Əsrə bərabər gün” əsərini səhnələşdirdiyinə görə 65 tələbə arasından seçilən 5 qalibdən biri olub.

Qeyd edək, tədbirin təşkilatçılarından biri də CreART Mədəniyyət Klubları Şəbəkəsidir. Cəlal Əliyev həm də ATMU-nun CreART Mədəniyyət Klubunun sədridir.

Tələbəmizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!