Universitetdə Turizm İşçiləri Günü münasibətilə dəyirmi masa keçirilib
26.09.2024
Turizm və Qonaqpərvərlik fakültəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 72
Universitetdə Turizm İşçiləri Günü münasibətilə dəyirmi masa keçirilib

26 sentyabr 2024-cü il tarixdə ATMU-nun Turizm biznesi kafedrasında fəaliyyət göstərən “Turizm dərnəyi”nin təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Turizm İşçiləri Günü” peşə bayramı münasibətilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan kafedra müdiri f.ü.f.d., dos. H.Hüseynov “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edildikdən sonra turizm işçiləri bu bayramı sentyabrın 29-da qeyd etdiklərini bildirib. H.Hüseynov diqqətə çatdırıb ki, son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsini şərtləndirən ardıcıl və məqsədyönlü tədbirlər sayəsində turizm sənayesi dinamik inkişafa qədəm qoyub. Belə ki, 2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlərdəndir. Turizm sahəsində bir çox ölkələrlə, o cümlədən Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələrimiz genişlənməkdədir. Onu da vurğulamalıyıq ki, 2023-2027-ci illər üçün ÜTT-nın İcraiyyə Şurasına üzv olmaq üçün Azərbaycanın namizədliyi irəli sürülüb.

Qürurla deyə bilərik ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Qarabağın turizm destinasiyasının inkişafına təkan verəcək. Turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq.

“Turizm İşçiləri Günü” peşə bayramına həsr olunan dəyirmi masada kafedranın baş müəllimləri Samirə Əzizovanın “Müasir şəraitdə Azərbaycanda turizmin inkişaf istiqamətləri” və Narxanım Kamilovanın “İqlim dəyişkənliyinin Azərbaycanın turizm sektoruna təsirinin təhlili” adlı məruzələri müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb.