Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkil etdiyi Yay Dil Kursu Təqaüd Proqramı haqqında keçirilən tədbirdə iştirak ediblər. Tədbir, ötən həftə Azərbaycan Dillər Universitetindəki (ADU) DAAD-ın lektoru Lisa Brandt tərəfindən təşkil olunub.
Tədbirin açılış mərasimində Almaniya Səfirliyinin nümayəndəsi iştirakçıları salamlayaraq beynəlxalq mübadilə proqramlarının gənc tələbələr üçün əhəmiyyəti və imkanları barədə məlumat verib. Tədbirin məqsədi tələbələrə DAAD təqaüd proqramı haqqında ətraflı məlumat vermək, Almaniyada təhsil almaq və dil biliklərini təkmilləşdirmək üçün təqdim edilən imkanları izah etmək idi.
Tədbir çərçivəsində DAAD təqaüdçüləri də iştirak edərək, Almaniyada təhsil təcrübələrini və Almaniya ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşüblər. İştirakçılar təqaüd proqramının onların peşəkar və şəxsi inkişafına göstərdiyi müsbət təsirdən danışaraq, tələbələri bu imkanlardan faydalanmağa təşviq ediblər.
ATMU tələbələri tədbirdə fəal iştirak edərək, proqramla bağlı suallar verib və Almaniyada keçiriləcək yay dil kurslarına müraciət etmək barədə əlavə məlumatlar əldə ediblər.
⭐DAAD Yay Dil Kursu Təqaüd Proqramı tələbələrə Almaniyada dil biliklərini təkmilləşdirmək və alman mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Tədbir iştirakçıları proqramın tələbələr üçün yarada biləcəyi perspektivlər haqqında müsbət fikirlər səsləndiriblər.
Cari il üçün DAAD Yay Dil Kursu Təqaüd Proqramında iştirak etmək istəyən tələbələr aşağıdakı keçid üzərindən ətraflı məlumat əldə edə bilərlər.
https://www2.daad.de/deutschland/stipendium/datenbank/de/21148-stipendiendatenbank/?status=1&origin=68&subjectGrps=&daad=1&q=&page=1&detail=50035295