Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Erasmus+ proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq və təhsil mübadiləsi fəaliyyətlərini daha da genişləndirməkdədir. Bu proqram universitetin müəllim heyətinin və beynəlxalq akademik mütəxəssislərin iştirakını təmin edərək, təhsil prosesinə yeni perspektivlər gətirir.
Erasmus+ proqramı çərçivəsində Eskişehir Osmanqazi Universitetinin iki akademik mütəxəssisi ATMU-da tədqiqat və tədris fəaliyyətinə qatılıb. Turizm İşletmeciliği fakültəsinin tədqiqatçısı Yunus Özhasar turizm sahəsi üzrə tədris təcrübəsi ilə bağlı tələbələr üçün faydalı bilik mübadiləsi aparıb. Həmçinin universitetin mövcud tədris proqramlarına qatılaraq, tələbələrə sahənin ən aktual mövzuları ilə bağlı geniş fikirlərini bölüşüb.
Bundan əlavə, Qastronomiya və Turizm sahəsində doktorluq dərəcəsinə malik olan Gizem Sultan Kaman da ATMU-da tədris fəaliyyətinə qatılıb. Tələbələrə nəzəri və praktiki biliklər çatdıran Gizem Sultan Kaman qastronomiya və turizm sahəsində müasir yanaşmaları tədris edib. Türk mətbəxti adlı mühazirə ilə tələbələrə bu sahələrdə qabaqcıl biliklər və təcrübələr qazandıraraq, onların peşəkar inkişafına böyük töhfə verib.
Erasmus+ proqramı ATMU-ya beynəlxalq təcrübə mübadiləsi üçün əhəmiyyətli imkanlar yaradır. Proqramın məqsədi universitetin tədris səviyyəsini artırmaq, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli kadrlar yetişdirmək və tədris prosesini zənginləşdirməkdir.
ATMU belə əməkdaşlıqları genişləndirməklə, tələbələr və müəllim heyəti üçün daha çox beynəlxalq imkanlar yaradır və beynəlxalq akademik şəbəkələrdə daha aktiv rol oynamağı hədəfləyir.