Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) universitetin İctimai fənlər kafedrasının dosenti t.ü.f.d. İbrahim Zülfiqar oğlu Əliyevin “Cənubi Qafqaza erməni köçü” adlı sənədli filminin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanan sənədli filmin təqdimatında ATMU-nun müəllim kollektivi iştirak edib.
Sənədli filmdə ermənilərin planlı şəkildə Cənubi Qafqaza köçürülməsi prosesi, köçürülmə planının məqsədi, Cənubi Qafqazda etnik tərkibin süni surətdə dəyişdirilməsi və digər məsələlərdən bəhs edilir.
Tədbiri ATMU-nun elmi məsələlər üzrə prorektoru, p.e.d., prof. İranə Əliyeva açaraq, müəllifə uğurlar arzulayıb. İ.Əliyeva bildirib ki, regionun çoxəsrlik tarixini nəzərdən keçirdikdə faktlar erməni iddialarının uydurma olduğunu bir daha sübut edir. Bu ərazilərə erməni köçündən danışarkən tarixin bütün mərhələlərinə diqqət yetirmək vacibdir. Onun sözlərinə görə, müasir dövrdə həqiqətlərin üzə çıxması baxımdan belə sənədli filmlərin ərsəyə gəlməsi, xüsusən də müxtəlif dillərdə, o cümlədən daha geniş auditoriyada təqdimatı arzulanan və olduqca faydalıdır.
Sənədli filmin müəllifi İ.Əliyev çıxış edərək yaradıcı heyətə və iştirakçılara təşəkkürünü bildirib. O qeyd edib ki, filmdə XIX əsrin əvvəllərindən məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına erməni köçünün bir neçə mərhələsindən bəhs edilir.
Çıxışlardan sonra “Cənubi Qafqaza erməni köçü” sənədli filmi nümayiş olunub.