ATMU-da “Beşbarmaq dağının turizm perspektivləri” adlı seminar keçirilib
09.10.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 157
ATMU-da “Beşbarmaq dağının turizm perspektivləri” adlı seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Beşbarmaq dağının turizm perspektivləri” adlı seminar keçirilib. Seminar "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun elmi işçisi, sənətşünüs Anar İbrahimov tərəfindən təşkil olunub.

A.İbrahimov təqdimatla çıxış edərək, hələ də tədqiq edilən və əfsanəvi tarixi gündən-günə özünə böyük diqqət çəkən Beşbarmaq dağının turizm potensialından bəhs edib. O, bu dağ haqqında dolaşan bəzi əfsanələri də seminar iştirakçıları ilə bölüşüb. Elmi işçi Azərbaycan ərazisində olmuş səyyahların bu tarixi abidəyə olan marağını diqqətə çatdıraraq deyib ki, Beşbarmaq dağı hələ qədim zamanlardan onlarda böyük təəssüratlar yaradıb.

Qoruğun əməkdaşı hazırda Beşbarmaq ərazisinin turizm destinasiyası kimi həm yerli, həm də xarici turistlərin diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, yerli turistlər daha çox bu yeri dini nöqteyinəzərdən dəyərləndirsələr də, digər ölkələrdən gələn qonaqlar isə abidənin tarixinə və təbii xarakteristikasına maraq göstərirlər. Onu da əlavə etmək yerinə düşər ki, Beşbarmaq dağı ərazisi paytaxt Bakıya yaxın yerdə yerləşdiyi üçün böyük turizm prespektivinə malikdir.

Görüşün sonunda A.İbrahimov ölkəmizdə davamlı turizmin inkişafından, yeni turizm istiqamətlərindən və işğaldan azad edilmiş ərazilərin turizm potensialından bəhs edib və tələbələri bu sahələri daha dərindən mənimsəməyə çağırıb.

Seminar tələbələr tərəfindən maraqla qarşılanıb.