Onlayn formatında keçirilən tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Xocalı soyqırımının insanlıq tarixinə kütləvi terror aktı kimi daxil olduğunu deyib. 29 il əvvəl baş verənlərin detallı şərhində diqqətə çatdırıb ki, Xocalı soyqırımı qurbanlarından 63-ü uşaq, 106-ı qadın,70-i qoca olmaqla, ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən birini itirib. Gecəboyu 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 155 nəfər itkin düşüb. Bir gecədə yer üzündən silinən Xocalı şəhəri sakinlərinin faciəsindən xəbərdar olub, tutduğum vəzifəyə uyğun yardım əlini uzadan insanlarla birlikdəydim- deyən.rektor İ.Mədətov daha sonra qeyd edib ki, dövlətimiz erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif anım və tanıtım tədbirləri keçirilir.
Rektor İ.Mədətov Xocalı faciəsinin xalqımıza qarşı XX yüzillikdə apardıqları yeganə etnik təmizləmə və soyqırımı siyasəti olmadığını da konkret faktlarla isbatlayıb. İnsanlığa qarşı törədilən cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib.
Tədbirdə A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.ü.f.d., professor Cəbi Bəhramov, Xocalı soyqırımının iştirakçısı, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması İctimai Birliyinin baş məsləhətçisi Samirə Hüseynova, II Qarabağ müharibəsinin iştirakçısı, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallı, ATMU-nun məzunu Emin Nəcəfov da iştirak edib, faciə ilə bağlı ətraflı fikir bildirdilər.
Sonda Soyqırım qurbanları ilə bağlı məlumatı özündə əks etdirən video-çarx nümayiş olundu.
Onlayn tədbirdə universitetin struktur rəhbərləri və tələbələri.Xocalı faciəsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
ATMU-da gün ərzində Xocalı faciəsinə həsr edilən elmi kütləvi və bədii əsərlərdən ibarət kitab sərgisi və ATMU MEDİA-da videoçarx nümayiş olunub.