Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tərəfindən “Experience Talks” layihəsi çərçivəsində məzunlar və tələbələr üçün müxtəlif mövzularda onlayn tədbirlər keçirilir. Gənclərin pandemiya dövründə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün “Azərbaycan muzeyləri”, “Könüllükdən peşəkarlığa”, “Şüuraltının uğurlu karyeraya təsiri”, “Marketinq sahəsindəki kadr çatışmazlığı”, “Effektiv layihə yazılışı”, “Azərbaycanda şərabçılığın tarixi və müasir şərabçılıq” və “Tibbi turizm sahəsində karyera imkanları” və “Turizm bələdçisi peşəsi” mövzularında silsilə onlayn tədbirlər təşkil olunub.
Layihə çərçivəsində son görüş Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı və Azərbaycan Elm Assosiasiyasının həmtəsisçisi, peşəkar tədqiqatçı İnqilab Şahbazovun təqdimatında “Sosial tədqiqatların əhəmiyyəti” mövzusunda olub. Görüşdə İnqilab Şahbazov keyfiyyət və kəmiyyət araşdırmaları barədə ətraflı məlumat verib.
Qeyd edək ki, “Experience Talks” sosial layihə olmaqla, bilik və bacarıqların gənclərin diqqətinə çatdırılması, müxtəlif mövzularda maarifləndirmə və bu kimi digər məsələləri əhatə edir. Təqdimatçılar arasında Mədəniyyət Nazirliyinin əməkdaşı Şahin Şahbazov, “Turizm könüllüləri” təşkilatının sədri Hüseyn Məmmədov, “MarCom” şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev, ATMU-nun əməkdaşı Aida Bayramova və digərləri olub.
Görüşlərə qoşulmaq üçün ATMU-nun rəsmi saytını və ya “Facebook” səhifəsini izləmək lazımdır. Növbəti görüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunur. Layihə hər kəs üçün açıqdır və ödənişsizdir.