15.03.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 934
“HR Talks” layihəsinin birinci Modulunun yekun hesabat görüşü keçirildi

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə baş tutan “HR Talks” layihəsinin 1-ci modulu üzrə yekun hesabat görüşü keçirilmişdir. Qeyd edək ki, “HR Talks” layihəsi sosial layihə olmaqla tələbə və gənclərin pandemiya zamanı öz asudə vaxtlarını şəxsi inkişaflarına sərf etmələrini prioritet məqsəd kimi müəyyənləşdirmiş bir layihə olaraq həyata keçirilmişdir. Layihənin ilk modulunda 10 təqdimat baş tutmuşdur.

Təqdimat zamanı ATMU-un rektoru cənab İlham Mədətov çıxış edərək təqdimatçılara öz təşəkkürünü etmiş, layihəni dəstəklədiyini və bu kimi layihələrin gənc məzun və tələbələr üçün önəmindən bəhs edərək hər bir iştirakçıya uğurlar arzuladığını bildirmişdir. Layihə rəhbəri ATMU Karyera və Kommunikasiya şöbəsinin Sənaye ilə Əməkdaşlıq üzrə mütəxəssisi Aida Bayramova, görüşdə layihənin yekun hesabatını iştirakçıların diqqətinə çatdırmışdır. Layihənin ərsəyə gəlməsi və təşkilatçılığında, o cümlədən layihənin təşviqi, təlimçilərin və tələbələrin layihəyə cəlb edilməsi və digər təşkilati işlərdə layihə rəhbəri olaraq Aida Bayramova birbaşa iştirak etmiş və layihəyə öz töhfələrini vermişdir. Hesabat zamanı Aida Bayramova qeyd etmişdir ki, indiyə kimi layihə üçün qeydiyyatdan keçən şəxslərin sayı 811 nəfər olmuş, sosial şəbəkələr üzərindən orta hesabla hər çıxış 480 nəfər tərəfindən izlənilmişdir. Bundan başqa, Aida Bayramova layihənin faydalarından da söz açaraq layihənin yalnız məzun gənc və tələbələr deyil, o cümlədən pandemiya dövründə öz işini itirmiş şəxslərə də faydalı olduğunu bildirmişdir. Layihənin əsas məqsədlərindən biri məhz iştirakçıların əmək bazarı ilə yaxından tanış olması ilə işsizlik probleminin aradan qaldırılmasıdır. Layihə gedişatında qeyd edilmişdir ki, bir neçə ATMU məzunu layihə çərçivəsində işlə təmin edilmiş və onların məşğulluq problemi aradan qalxmışdır. Maraqlı faktlardan biri də odur ki, layihə iştirakçılarının 60 faizi digər universitetlərin tələbələri olmuşdur. Ümumilikdə, layihəni izləyənlərin 40 faizi paytaxtdan kənarda yaşayan region gəncləri olmuşdur.

Təqdimatın yekununda təqdimatçılara bütün görüşləri əhatə edən xatirə videosu təqdim edilmişdir. ATMU-nun rektoru cənab İlham Mədətov sonda hər kəsə bir daha təşəkkür etmiş və hər bir təlimçini təşəkkürnamə ilə təltif etmişdir. Layihənin keçirilməsində dəstəyi olan ATMU əməkdaşları, eləcə də qrafik dizayner Elçin Mahmudzadə və Dövlət Məşğulluq Agentliyinin İnsan Resursları şöbəsinin direktoru Emil Hüseynov da qeyd edilmişdir.

“HR Talks” layihəsi çərçivəsində keçirilən bütün görüşlərü Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi “facebook” səhifəsindən izləyə bilərsiniz.

“HR Talks” layihəsinin birinci Modulunun yekun hesabatına aid videçarxı :  https://www.youtube.com/watch?v=K3WIGQEJDVw