15.03.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 960
ATMU – yeni yaradılacaq Karyera Mərkəzləri Şurasının İdarə heyətində təmsil olunacaq

11 Mart tarixində Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) dəstəyi ilə Azərbaycanda Ali məktəblərin Karyera Mərkəzləri şurasının yaradılmasına dair növbəti görüş keçirildi. Görüşdə iştirak edən universitet təmsilçiləri yeni yaradılacaq Karyera Mərkəzləri Şurasının idarə heyətinə seçilmək üçün təqdimatlar və təkliflər irəli sürdülər. Təqdimatçılar arasında, Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin əməkdaşı Aida Bayramova da olmuşdur. Görüşdə ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti və s. universitetlər də təmsil olunmuşdur.

Səsvermə nəticəsində 6 Universitet yeni yaradılacaq Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə seçilmişlər. Səs çoxluğu ilə İdarə Heyətinə seçilənlər arasında Azərbaycan Turizm və Menecment Universiteti də yer almışdır. Karyera Mərkəzləri Şurasının İdarə heyətində Universitetlərdən başqa bir nəfər DMA və bir nəfər Təhsil Nazirliyinin nümayəndəsi də yer alacaqdır. Şuranın əsas məqsədi universitetlərin Karyera mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, müəssisələrlə əməkdaşlıq, tələbələrlə peşəyönümlü işlərin aparılması, peşəkar karyera dəstəyi və s. istiqamətlərdə beynəlxalq və yerli təcrübənin tədqiqi, öyrənilməsi və tətbiqini əhatə edir. Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetində Karyera və Kommunikasiya şöbəsi 4 ildən çoxdur fəaliyyət göstərir. Anar Eminovun rəhbərliyi ilə şöbənin fəaliyyəti tələbələrin istehsalat və könüllü təcrübə proqramlarını, məzun bazasının formalaşdırılması və bir sıra peşəkar karyera inkişafı yönümlü layihələrin icrasını əhatə edir. Bundan başqa, müxtəlif müəssisələrdə karyera imkanları, onlayn karyera günləri və s. kimi tədbirlər də ATMU Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə həyata keçirilir.