01 aprel 2021–ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Szederkenyi ilə görüş keçirilmişdir. ATMU-nun rektoru İlham Mədətov ölkələrimiz arasında ildən – ilə güclənən əlaqələrdən söz açmış, təhsil sahəsində mümkün əməkdaşlığın daha da gücləndirilməsinin xüsusi önəm daşıdığını bildirmişdir. Söhbət əsnasında cənab səfirə universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri və s. haqqında ətraflı məlumat verilmişdir. Görüş zamanı xüsusi olaraq müzakirə edilən mövzulardan biri də hər iki ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi olmuşdur. ATMU tələbələrinin Macarıstan Respublikasında fəaliyyət göstərən turizm və iaşə obyektlərində istehsalat təcrübələrinin təşkili universitet tərəfindən əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilmişdir. Bununla yanaşı olaraq Macarıstan Respublikasında turizm ixtisası üzrə tədris aparan ali təhsil müəssisələri ilə ikili diplom istiqamətində beynəlxalq layihələrin təşkili məsələsi də universitet tərəfindən qarşı tərəfə bildirilmişdir.
ATMU-nun rektoru İlham Mədətov və Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Szederkeny mövcud əlaqələrin gücləndirilməsi istiqamətində kifayət qədər imkanların mövcudluğunu əsas tutaraq qarşıdakı illərdə, xüsusilə təhsil sahəsində hər iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyindən əminliklərini bildirmişdir.
Görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov, rektor müşaviri Elvin Yusifli və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişdir.