Azərbaycan Turizm və Menecment Universitetində Dillər kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Nizami- 880”adlı tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov onlayn formatda tədbirə qatılanları salamladıqdan sonra 2021-ci ilin ölkəmizdə “Nizami ili” kimi qeyd olunduğunu deyib. Rektor İ.Mədətov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı uyğun Sərəncamda dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri kimi dəyərləndirilir.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradıb. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır
Rektor İlham Mədətov qeyd edib ki, ölkəmizdə Nizami irsinin tədqiqi və tanıdılması sahəsində xeyli iş görülüb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Onu da deyim ki, Nizaminin Romadakı heykəlini ziyarət etmək mənə də nəsib olub.
Azərbaycanda Nizami irsinin davamlı tədqiqatçılarından sayılan AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ATMU-da təşkil olunan tədbirdə iştirakdan məmnunluğunu bildirdi. Romada Nizamiyə ucaldılan heykəlin dahi şairə, bəşər mədəniyyətinə böyük dəyəri kimi səciyyələndirdi. Nizami yaradıcılığında poetik qayənin əsasını məhz sülh və əmin-amanlıq, mərhəmət, kin-küdurətdən uzaq, insanlara sevgi kimi bəşəri hisslərin üstünlük təşkil etdiyini dedi. Akademik T.Kərimli dünyanı əmin-amanlığa, insanlığı qorumağa çağıran mütəfəkkir Nizaminin 880 illiyini qeyd etdiyimiz günlərdə ABŞ Prezidentləri tərəfindən ilk dəfə 1981-ci ildə Ronald Reyqan və aprelin 24-də təkrarən ikinci dəfə Co Baydenin dediyi “erməni soyqrımı” ifadəsi tarixi saxtalaşdırmaq və xalqlararası nifrəti körükləmək deməkdir.
Onlayn tədbirdə ATMU-nun Dillər kafedrasının əməkdaşları dosent Ağaverdi Xəlilov, baş müəllim Almaz Zöhrabova, filologiya üzrə fəlsəfə doktoru Aysel Quliyeva və
Günel Əliyeva “Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları”, “Nizami irsində türklüyə verilən dəyər” və dahi şairin ümumbəşəri ideyalarının müasir dövrdə tədrisi” mövzularında çıxış ediblər.
ATMU tələbələri şairin “Sənsiz” qəzəlini və müdrik kəlamlarını Azərbaycan, ingilis, rus, alman, fransız və fars dillərində səsləndiriblər. Tədbir Nizamiyə həsr olunan “Oyanış” adlı videoçarxın nümayişi ilə başa çatıb.