
Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetinin beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Mahmut Sami İşlek bu günlərdə Azərbaycan Turizm və Menecment Universitetində olub. Qonaq ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa ilə görüşüb.
Görüş zamanı söhbət əsnasında hər iki universitet arasında əlaqələrin daha da gücləndirilməsi məsələsi diqqətdə saxlanılıb. Qeyd edilib ki, adıkeçən ali təhsil müəssisələri Avropa Birliyinin Erasmus+ proqramı və Türkiyə Respublikasının Mövlanə mübadilə proqramı çərçivəsində əməkdaşlıqdan səmərəli faydalanıblar.
ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, görüş iştirakçıları fikir mübadiləsi zamanı turizm ixtisası üzrə tərəfdaş universitetlər arasında reallaşması gözlənilən mümkün ikili diplom layihəsinin tezliklə həyata keçiriləcəyinə əminlik ifadə ediblər.