Erasmus+ proqramının PICASP layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Varşava Universiteti və İtaliyanın Ser.In.Ar təşkilatının birgə təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Ali təhsil müəssisələrində təcrübə müəssisələri konseptin tətbiq olunmasında Avropa İttifaqının təcrübəsi” mövzusunda onlayn görüş baş tutdu.
Tədbiri çıxış nitqi ilə açan ATMU tərəfindən layihə koordinatoru, ATMU-nun Elm və innovasiya şöbəsinin “Elmi innovasiya” bölməsinin rəhbəri Faina Qaçabəyova və Varşava Universitetinin layihə üzrə məsul şəxsi Krzysztof Narloch görüşün məqsədi haqqında iştirakçılara məlumat verdilər.
Görüşün fəxri qonaqları qismində iştirak edən Erasmus+ HEIPNET layihəsinin iştirakçıları Graz Universitetinin nümayəndəsi Dr. Gernot Dreisiebner, Vilnüs Tətbiqi Elmlər Universitetindən cənab Marius Ignatonis və xanım Rima Bačiulyte fəaliyyət göstərdikləri ali təhsil müəssisələrinin təcrübələrini bölüşərək HEIPNET layihəsində işlərinin intellektual məhsullarını təqdim etdilər.
Həmçinin, Ser.In.Ar. təmsilçiləri Prof. Massimo Bianchi və xanım Gabriella Paganelli tərəfindən Avropa Birliyinin ən yaxşı təcrübələr sorğusunun nəticələrinə dair təqdimat edildi. "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə heyətinin sədri Fariz Xəlili Mədəni turizmə həsr olunmuş və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verdi. Görüş təcrübə müəssisə konseptini dəstəkləyən, dünyanın ən böyük şəbəkəsi olan PEN Worldwide tərəfindən də işıqlandırılmışdır.
Onu da qeyd edək ki, ATMU Avropa Komissiyası tərəfindən maliyyələşdirilən PICASP Erasmus+ KA2 layihəsinə 2021-ci ildən qoşulub və konsorsium üzvləri ilə birgə turizm və sahibkarlıq mövzusunda sənayenin gözləntilərinə cavab verən açıq onlayn ödənişsiz kursların təşkilini də hədəfləyir.