İyulun 17-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2020-2021 tədris ili məzunlarının buraxılış mərasimi keçirilib. Tədbirdə Universitetin müvafiq ixtisaslarının bakalavriatura və magistratura pillələrini qeyd olunan tədris ilində birinciliklə bitirən məzunlar, inzibati və professor - müəllim heyəti və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin məsul nümayəndəsi iştirak ediblər.
Mövcud pandemiya səbəbindən məhdud sayda məzunun iştiraki ilə keçirilən və eyni zamanda onlayn formatda təşkil olunan mərasimdə ATMU-nun rektoru İlham Mədətov məzunları təbrik edərək, onlara gələcək işlərində uğurlar arzuladı. “Universitetimizin builki məzunları qalib ölkənin Zəfər ilinin məzunlarıdırlar. Biz sevinc və qürur dolu günü bizə yaşadan insanlara, başda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi xidmətlərindən söz açan rektor İ.Mədətov ATMU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunu Məhəmmədəli Həsənzadənin əziz xatirəsinin daim uca tutulacağını, o cümlədən 44 günlük müharibədə iştirak edən universitet tələbələrinin hər cür qayğı və ehtirama layiq olduqlarını dedi.
Rektor daha sonra diqqətə çatdırdı ki, ölkəmizin dövlət ali təhsil müəssisələri sırasında 15 il əvvəl qərarlaşan ATMU-da yaradılan rəqabətqabiliyyətli təhsil mühiti, çoxşaxəli beynəlxalq əlaqələrin qurulması, kadr hazırlığı keyfiyyətinin cəmiyyəti və dövləti qane etməsi qısa zaman ərzində ictimai etimad qazanmağa imkan verdi. İnanıram ki, biz hər zaman Sizlərlə birlikdə ATMU-nun inkişafı uğrunda əlimizdən gələni edəcəyik.
15 sentyabr 2006-cı il tarixində 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlayan universitetdə hazırda 3 fakültə, 9 kafedrada bakalavr səviyyəsində 1701 nəfər, magistraturada 264 nəfər, doktoranturada 56 nəfər, ikinci ali təhsildə 31 nəfər təhsil alır.
Azərbaycan Turizm və Menecment Universiteti mövcud ixtisaslar qalmaqla və yeni ixtisasların açılması şərtilə yaxın illərdə beynəlxalq tələblərə cavab verən, “tədris-təlim-təcrübə-tədqiqat” modelinə əsaslanan turizm və digər xidmət sahələrində aparıcı ali təhsil ocağına çevrilməyi planlaşdırır.
Bu il universitetimizi uğurla bitirən 441 nəfər bakalavrdan 8-i, magistr pilləsini başa vuran 141 nəfərdən 16-ı ATMU-nu fərqlənmə diplomu ilə başa vurub. Beləliklə, indiyədək ATMU ailəsində bütövlükdə 3931 gənc peşəkar səviyyəli mütəxəssis kimi həyata vəsiqə alıb. Sevindirici haldır ki, məzunlarımızın əksəriyyəti hazırda öz ixtisasları üzrə uğurla fəaliyyət göstərirlər.
ATMU-nun bu ilki məzunlarından 24 nəfəri eyni zamanda Avstiryanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomunu əldə edib. Beləliklə, İMC Kremsdən indiyədək 260 nəfər məzun olub və iki diplom alıb. Fürsətdən istifadə edib, magistraturaya qəbul olmuş tələbələrimizi də təbrik edir, Sizləri beynəlxalq magistr proqramında aktiv iştiraka dəvət edirəm.
Ölkəmizdə ilk dəfə ATMU tələbələri üçün nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələrimiz Azərbaycanın nüfuzlu turizm müəssisələrində peşəkar vərdişlərə yiyilənirlər. Hal-hazırda ATMU-nun 171 nəfər tələbəsi cari ilin istehsalat təcrübəsini davam etdirir.
Universitetimiz yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilata üzv olaraq əlaqələr qurmuşdur. İndiyədək ATMU-nun onlarla müəllim və tələbəsi Mövlanə və Erasmus+ mübadilə proqramlarından uğurla faydalanıblar. Bununla yanaşı olaraq ikili işbirliyi anlaşmaları əsasında ATMU tələbələri Fransa, Türkiyə, Yunanıstan, Polşa, İsveç, Macarıstan kimi ölkələrin nüfüzlu ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil almaq şansına yiyələnə biləcəklər.
Rektor İlham Mədətov çıxışının sonunda diqqətə çatdırdı ki, “Son 15 ildə ATİ-dən ATMU-ya uzanan inkişaf yolunu bir komanda olaraq gəldik. Sizə bilik və səylərinizi birləşdirib daha yüksək uğurlar əldə etmənizi arzu edirəm. Bu düşüncə ilə sizləri böyük həyat məktəbinə yola salırıq. 2020-2021-cı tədris ilinin yekun dövlət attestasiya imtahanlarında uğur qazanan bütün tələbələri məzun olmaları ilə təbrik edir və bu tədris ilini başa çatmış elan edirəm!!!”
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva məzunları Agentliyin sədri cənab Fuad Nağıyevin adından təbrik edərək, onlara uğurlu karyera arzuladı. Respublikada turizm sektorunun dinamik inkişafına göstərilən qayğıdan lazımınca faydalanmağı tövsiyyə etdi.
Tədbirdə çıxış edən 2020/21-ci tədis ilinin məzunlari onlar üçün təhsil müddətində yaradılan imkanlar və üstünlüklərə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda Universitetin müvafiq ixtisaslarını bakalavr və magistr pillələrini qeyd olunan tədris ilində birinciliklə bitirən məzunlar Təltifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.