Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, Turizm və otelçilik ixtisasının tələbəsi Fidan Əhmədova, adıçəkilən ixtisasın və Azərbaycan-Avstriya Turizm Proqramının tələbəsi Röya Əliyeva avqustun 20-də Azərbaycan Radiosunda yayınlanan “Xəbəriniz olsun”adlı verilişdə ATMU-nun 15 illik fəaliyyətindən detallı bəhs ediblər.
Səidə Məmmədova radio dinləyicilərin diqqətinə çatdırıb ki, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 22 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutunun (ATİ) bazasında yaradılıb. ATMU ölkədə turizm və menecment sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli qərarı ilə ATMU Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir.
ATMU-da təhsil bakalavriatura, magistratura və doktorantura pillələri, həmçinin əlavə təhsil proqramı üzrə həyata keçirilir. Tədris Azərbaycan, rus və ingilis bölmələrində təşkil olunub.
S.Məmmədova Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi “turizm və otelçilik” ixtisası üzrə təhsil proqramlarının Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görüldüyünü deyib. Cənubi Qafqaz regionunda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsini Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyəti kimi dəyərləndirib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” adlı layihə çərçivəsində ATMU-nun turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinin ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sisteminə uyğunluq sertifikatına da sahibləndiyini deyib.
Emin Quliyev 2021/2022-ci tədris ili üzrə bakalavriatura pilləsi üzrə Turizm işinin təşkili, Turizm bələdçisi, Tərcümə (İngilis-Azərbaycan ), Menecment , Müzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, Qida məhsulları mühəndisliyi, Sosial iş, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarına qəbuldan danışıb. O, universitetə qəbul qaydaları, subbakalavrların ATMU-da təhsilalma imkanları haqqında dinləyiciləri məlumatlandırıb. E. Quliyev qeyd edib ki, ATMU öz tələbələrində öyrənmə mədəniyyətini inkişaf etdirməklə bərabər,daim yenilənən əmək bazarının tələbinə uyğun səriştəli və rəqabətədözümlü ixtisaslı kadr potensialını formalaşdırmaq istiqamətində maraqlıdır.
ATMU tələbəsi Röya Əliyeva çıxışı zamanı Azərbaycan Avstriya Turizm Proqramının təhsil üstünlüklərindən danışdı. Proqram çərçivəsində təhsil almaqla iki diplom - Azərbaycan Turizm və Menecment Universiteti və IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə etməkdən qürur duyduğunu, xarici ölkə mütəxəssislər tərəfindən tədris olunan dərslərin maraqlı olduğunu bildirdi. Beynəlxalq proqramın ATMU və Avstriya Respublikasının IMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm ixtisası üzrə davam edən uzunmüddətli təhsil proqramlarından birii olduğunu, bu günədək ATMU-nun 260 tələbəsinin ikili diplom (Azərbaycan Turizm və Menecment Universitetinin və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin) əldə etmək şansı qazandığını dedi.
Veriliş iştirakçıları 2020-ci ildə Dövlət Turizm Agentliyinin yaxından dəstəyi nəticəsində AATP proqram üzrə əməkdaşlıq müqaviləsinin yenidən imzalanmasına dair qərara gəlinməsi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019 – 2023–cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramında”da əksini tapması faktına aydınlıq gətiriblər.
Fidan Əhmədova ATMU-da tələbələrin hərtərəfli, geniş dünyagörüşlü ixtisaslı kadr kimi yetişdirilməsi istiqamətindəki təhsil imkanlarından, ölkəiçi və xaricdə nəzərdə tutulan təcrübə proqramının üstünlüklərindən bəhs edib. ATMU-da təhsil almaqla o, yalnız təhsilaldığı ingilis dilini deyil, həmçinin. rus, fransız, hətta çin dilini mənimsədiyini də dinləyicilərin diqqətinə çatdırıb.
“Xəbəriniz olsun”adlı radio verilişində ATMU-nun beynəlxalq layihələrdə uğurlu fəaliyyətindən də bəhs olunub.
Qeyd olunub ki, ATMU hazırda Avropa Komissiyası tərəfindən maliyyələşdirilən 3 Erasmus+ Ali təhsil sahəsində potensialın gücləndirilməsi (CBHE) layihəsinin benefisiarıdır. Buraya “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi, EQAC layihəsi,” İtaliyanın D’Annuntsio Universitetinin (Kyeti-Peskara) təşəbbüsü olan “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları, PICASP” adlı Eramus+ layihəsi və “Azərbaycanda Rektorlar Konfransının yaradılması, ECAR” Erasmus+ layihəsi daxildir.
Adıçəkilən radio verilişində universitetin müəllim və tələbələrinin Mövlanə mübadilə proqramı çərçivəsində səmərəli fəaliyyəti,o cümlədən müxtəlif ixtisaslar üzrə Türkiyənin Eskişehir Osmanqazi Universiteti, Sakarya Universiteti, Ankara Universiteti, Fransanın Anjers Universiteti, Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi sahəsində danışıqların davam etdirildiyi düqqətə çatdırıldı.Verilişin sonunda S.Məmmədova deyilən faktlara onu da əlavə edib ki, bu günlərdə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avropa Elm İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.ATMU nümayəndələrinin 2021–ci ilin sentyabrından təşkilatın müxtəlif layihələrində iştirakı gözlənilir. Bu beynəlxalq təşkilat Avropada təhsil və elm sahəsində fəaliyyət göstərən ən gənc təşkilatlardan biri sayılır. On ildən çoxdur Avropanın və eləcə də dünyanın fərqli ölkələrində fəaliyyət göstərən ali təhsil müəssisələrini üzv olaraq bir araya gətirən beynəlxalq təşkilat öz fəaliyyətini 2 əsas istiqamətdə - gənc alim və araşdırmaçıların tədqiqat layihələrinə cəlb edilməsi və gənclərin doktoranturadan sonrakı təhsil imkanlarının genişləndirilməsi sahəsində davam etdirir.
Universitetin əməkdaşları Azərbaycan Radiosunun “Xəbəriniz olsun” verilişinə dəvət aldıqlarına görə yaradıcı heyətə təşəkkürlərini bildiriblər.
Radio verilişi qeyd olunan hiperkeçiddən dinləyə bilərsiniz: https://cloud.mail.ru/stock/9TgcpSheYboVgZfv6ndq1ofa