SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
22.11.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 79
“Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfrans keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda onlayn formada (Microsoft Teams proqramı vasitəsilə) VI Respublika Elmi-Konfransı keçirilmişdir. Tədbiri çıxış nitqi ilə açan Universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamlayaraq, ilk öncə onu qeyd etdi ki, “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda qarşıda duran ən mühüm vəzifələrdən biri bütün sahələr və istiqamətlər üzrə müasir idarəetmənin nəzəri və metodoloji problemlərini araşdırmaq və həll etməkdir. Çünki, elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. İdarəetmə insanların fəaliyyətini istiqamətləndirməklə və onların davranışlarının əsaslarını yaratmaqla məqsədə nail olmaq bacarığı olub, insan fəaliyyətinin bütün sahələrinə aid edilir. Bazar münasibətlərində baş verən dəyişikliklər iqtisadi sistemin mahiyyətini dəyişdirərək bütövlükdə idarəçilik münasibətlərində də dəyişikliklər etməyə sövq edir. İdarəetmə münasibətlərində dəyişiklik isə yeni bazar münasibətləri şəraitində idarəetmənin təkmilləşdirilməsini və inkişafını nəzərdə tutur. Müasir cəmiyyətdə idarəetmənin təkmilləşdirilməsinin və inkişafının əsasında idarəetmə nəzəriyyələrinin və konsepsiyalarının formalaşdırılması və inkişafı durur. Ona görə də müasir idarəetmə nəzəriyyələrinin və konsepsiyalarının öyrənilməsi çox aktual bir məsələdir, eyni zamanda mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Universitetin tədris işləri üzrə prorektoru, f.ü.e.d.,prof. Zaur Bağırov “Müasir təhsil sistemi və onun idarə edilməsində qarşıya çıxan problemlər” mövzusunda çıxış edərək, respublika konfransının təşkilini yüksək qiymətləndirmiş və öz çıxışında qed etdi ki, təhsil sistemi, bütövlükdə onun strukturu, fəaliyyət prinsipləri və inkişaf istiqamətləri (perspektivləri) dövlət tərəfindən müəyyən edilir və formalaşdırılır. Azərbaycan Respublikasında Təhsil sahəsində dövlət siyasətinin prinsipləri "Təhsil haqqında" Qanununda (versiya 2009) öz əksini tapmışdır. Müasir cəmiyyətin təhsil və təlim sahəsində qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsini müvafiq təhsil sistemi olmadan təsəvvür etmək mümkün deyil.

Həmçinin plenar iclasda universitetin elm və innovasiya şöbəsinin müdiri, f-r.e.n.,dos. Nəsirulla Nəsirli “Azərbaycanda müasir təhsilin aktual problemləri” mövzusunda çıxışı ilə qeyd etdi ki, Azərbaycan respublikasının bazar münasibətlərinə keçidi ali peşə təhsili sistemi qarşısında yeni məqsədlər qoydu ki, onların həlli sistemin özünün dərin transformasiyasını tələb edir. Respublikada ali peşə təhsilinin inkişafının təhlili göstərir ki, 1990-cı illərə qədər keçən əsrdə cəmiyyətin və onun iqtisadiyyatının inkişafına cavab verən sərt peşə təhsili sistemi mövcud idi. Belə sistem təhsil proqramlarının məzmununun dəyişdirilməsi baxımından, eləcə də təhsilin təşkilati formalarında tələbə və müəllimlərin təşəbbüskarlığını və yaradıcı yanaşmasını praktiki olaraq istisna edirdi. Fikrimcə, transformasiyalar mütləq şəkildə həm mövcud təhsil sisteminin təkmilləşdirilməsinə, həm də iqtisadiyyatın müasir inkişafına və dövlətin sosial siyasətinə uyğun olaraq onun inkişafı üçün proqnozlar əsasında yeni yanaşma və şəraitin formalaşmasına təsir göstərməlidir.

Ardıcıl olaraq, konfrans bölmə iclaslarıyla işini davam etmişdir. Konfransın gündəliyinə 42 məruzə daxil edilmişdir. Məruzələr əsasən “Dövlət siyasətində idarəetmənin yeri və idarəetmədə hüquq problemləri”, “Sosial və xidmət sahələrinin idarə edilməsi problemləri”, “Korporativ idarəetmə və biznesin idarə edilməsi” bölmələri üzrə mövzuları əhatə edir.

Bölmə iclaslarında Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlının “Sovet totalitarizminin yumşalma dövrünün idaretmə siyasəti”, professor Minaxanım Əsədovanın “Açıq səmada olan muzeylərin kulturoloji əhəmiyyəti”, Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Tofik İmanovun “Карабах. Историческая реальность и факты” mövzularında məruzələri və digərlərinin çıxışları onlayn formada konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib. Konfrans Yekun Plenar İclasla başa çatmışdır.