Azərbaycan Turizm və Menecment Universitetində “Karyera həftəsi” çərçivəsində 08.12.2021 tarixində Hilton otelinin İnsan resursları üzrə meneceri Xəyalə Əsgərzadə və İnsan resursları üzrə mütəxəssisi Aynur Ağayeva universitet tələbələri ilə görüşdülər.
Təlimin birinci hissəsində söz İnsan resursları üzrə menecer Xəyalə Əsgərzadəyə verildi. Hilton Baku oteli haqqında ümumi məlumat verərək təlimə başlayan Xəyalə xanım otelin daxili və xarici fəaliyyəti, müəssisənin yaratdığı imkanlar, iş və təcrübə imkanları və s. barədə tələbələri məlumatlandırdı. İnteraktiv formada davam edən təlimdə otelçilik sahəsi üzrə çoxillik təcrübəsi olan qonaq tələbələrə bu sahənin incəliklərini detallı şəkildə izah edərək dəyərli məsləhətlərini bölüşdu.
Təlimin ikinci hissəsində otel daxilindəki iş, vakansiya, təcrübə proqramları və tələbələr üçün yaradılan digər imkanlar haqqında məlumat verərək onların diqqətini çəkən İnsan resursları üzrə mütəxəssis Aynur Ağayeva gələcəkdəki işəqəbul və təcrübə prosesində bu sahədəki yeniliklərdən xəbərdar olmağın faydalarından söz açdı.
Daha sonra Hilton Baku otelindəki mövcud vakansiyalar, həmçinin təcrübə imkanları iştirakçıların diqqətinə çatdırıldı.
Təlimin sonunda təlimçilər tərəfindən tələbələri ən çox maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb imkanlardan yararlanmaq və müraciət üçün müvafiq e-mail ünvanı və vizit kartlar təqdim olundu.
Qeyd edilməlidir ki, 06-10.12.2021-ci il tarixləri müddətində davam edən “Karyera həftəsi” tədbiri universitetin Karyera və Kommunikasiya şöbəsi tərəfindən təşkil olunur.