ATMU-da Xəzəryanı ölkələrin Dövlət Universitetləri və Elmi-tədqiqat Mərkəzlərinin Assosiasiyası, Azərbaycan Turizm və Menecment Universitetinin Elm və innovasiya şöbəsi, həmçinin Mehmanxana və restoran biznesi kafedrasının birgə dəstəyi ilə “Xəzəryanı ölkələrdə multikultural dəyərlər və turizmin inkişafı problemləri” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirilib.
Konfransın təşkilində başlıca məqsəd müasir dövrdə turizm və qida təhlükəsizliyinin müxtəlif sahələrində qarşıya çıxan problemlərin aradan qaldırılması, o cümlədən regionların inkişafına təkan verən perspektiv yeniliklərin multikultural dəyərlər çərçivəsində müzakirəsini gündəmdə saxlamaqla həlli yollarına mütəxəssis mövqeyindən münasibət bildirmək idi.
Beynəlxalq tədbirə Türkiyə, Rusiya, Qazaxıstan, Macarıstan, Bolqarıstan Həştərxan, Çelyabinsk, Türkmənistan və Özbəkistandan olan iştirakçılar öz məruzələri ilə qatılıblar. Konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Gəncə Texnologiya Universiteti, AMEA-nın akademuk Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu,həmçinin Otellər və Restoranlar Assosiasiyasının nümayəndələri də təmsil olunublar.
Konfransın Plenar iclasını giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov qonaqları salamladıqdan sonra beynəlxalq tədbirin əhəmiyyətinə aydınlıq gətirdi. Türkiyənin Anadolu Universitetinin Turizm fakültəsinin dekanı Oktay Emir, Macarıstan səfirliyinin nümayəndəsi Mixaly Qruber, Cənubi Ural Dövlət Universitetinin Turizm və sosial-mədəni xidmətlər kafedrasının müdiri Tatyana Tretyakova, Azərbaycan Turizm və Menecment Universitetinin Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli və Mehmaxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyevin təqdimat- çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı.
Plenar iclasdan sonra elmi konfrans öz işini Xəzəryanı ölkələrdə turizm və qonaqpərvərlik sənayesi üçün kadr hazırlığı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizm infrastrukturunun inkişaf istiqamətləri. Azərbaycan turizm destinasiyası kimi, Multikultural dəyərlər və dayanıqlı inkişaf, Qida sənayesi və qida təhlükəsizliyi. Qida məhsullarının istehsalı və saxlanılması. Qidalanma xidməti adlanan bölmələrdə davam etdirib.
“Xəzəryanı ölkələrdə miltikultural dəyərlər və turizmin inkişafı problemləri”mövzusuna həsr olunan beynəlxalq elmi konfrans geniş müzakirə və fikir mübadiləsi şəraitində başa çatıb.