SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
23.09.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 63
ATMU əməkdaşları Erasmus+ proqramı çərçivəsində İtaliyada olublar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının PİCASP layihəsi çərçivəsində İtaliyanın Roma, Chieti-Pescara və Forli şəhərlərində keçirilən seminarlara qatılıb.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP” layihəsinin tərəfdaşı statusunda ATMU-nu Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Həlilə Məmmədova və Turizm və qonaqpərvərlik fakültəsinin akademik məsləhətçisi, eləcə də Turizm biznesi kafedrasının müəllimi Güllü Əsgərli təmsil edib.

Roma şəhərində İtaliya Mədəniyyət Nazirliyində keçirilən ilk təlim çərçivəsində ATMU nümayəndələri ilə yanaşı Qazaxıstan, Polşa, Litva, İtaliya və Azərbaycandan,həmçinin Xəzər Universiteti və Miras – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə tanışlıq görüşü keçirilib.

Səfər çərçivəsində İtaliyanın Chiet-Pescara şəhərində Ud’A Universitetində (Università degli Studi G. d’Annunzio di Chieti-Pescara) layihə sənədlərinin işlənməsi, layihə dövründə görülən işlər və yekun hesabatların hazırlanması məsələləri müzakirə edilib, layihənin icrasından gözlənilən ilkin nəticələrə dair fikir mübadiləsi aparılıb.

Həmçinin səfər çərçivəsində Forli şəhərində yerləşən Bolonya universitetinin LABİC -informasiya laboratoriyaları kampusunda müəssisə nümayəndələrinin məruzələri dinlənilib, innovativ tədris prosesinin təşkili, təkmilləşdirilməsi, yeni sillabusların hazırlanması kimi məsələlər müzakirə predmeti səviyyəsində diqqətdə saxlanılıb.

Onu da qeyd edək ki,növbəti görüşlərin Azərbaycanda keçirilməsi planlaşdırılıb.