SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.01.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 372
ATMU əməkdaşı ECAR layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin idarə heyətinin üzvü seçilib

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib. İclasda Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı t.ü.f.d., dos. Bahadur Bilalov və Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova ATMU-nu təmsil edib.

Layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda baş tutan toplantıda ilkin olaraq tərəfdaşlar komitə üzvləri ilə tanış oldular. Həmçinin strateji inkişaf məsələləri üzrə müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları iclas zamanı müzakirə olunan əsas mövzular olub. Müzakirələrin gedişində tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.

İclas zamanı 2 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb.

85.7 % səs çoxluğu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və İnnovasiya üzrə prorektoru Araz Aslanlı idarə heyətinin sədri seçilib.

Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Səsvermənin nəticələrinə əsasən Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru Filologiya elmləri doktoru, professor Sevinc Zeynalova və Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova sədrin müavinləri seçiliblər.

Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmilləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə , Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.

Araz Aslanlı bakalavriatura pilləsi üzrə təhsilini Türkiyənin Hacettepe Universitetində, magistratura pilləsi üzrə təhsilini Ankara Universitetində, doktorantura pilləsi üzrə təhsilini Gazi Universitetində alıb.

Türkiyənin və Avrasiya regionunun nüfuzlu strateji araşdırmalar mərkəzlərində (əvvəlcə ASAM-da, daha sonra isə TUSAM-da) Azərbaycan şöbəsinin sədri, Ümumqafqaz Şöbəsinin sədri, mərkəzin sədr müavini kimi vəzifələrdə işləyib. Gənc tədqiqatçılar üçün təşkil edilən araşdırma məktəblərinin təlimçisi olub. 2000-ci ildən eyni zamanda tədqiqatçı jurnalistika fəaliyyəti ilə məşğuldur. Qarabağ problemi, enerji strategiyası, Azərbaycan xarici siyasətinin müxtəlif istiqamətləri, Türkiyənin xarici siyasəti, etnik münaqişələr və s. mövzularda 100-dən çox məqalənin müəllifidir. Məqalələri Azərbaycan, ingilis, rus, alman, fransız, türk, ərəb və digər dillərdə dünyanın müxtəlif ölkələrinin (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, İngiltərə, Qətər və s.) jurnal və internet saytlarında dərc olunub.

Azərbaycan, ingilis və türk dillərində nəşr edilmiş 5 kitabın müəllifi, 12 kitabın həmmüəllifidir. 2007-ci ildən Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası kimi müxtəlif ali təhsil müəssisələrində “Diplomatiya tarixi”, “Azərbaycanın xarici siyasəti”, “Avropa ölkələrinin müasir daxili və xarici siyasətləri” və digər fənləri tədris edir. Dövlət Gömrük Komitəsinin Akademiyasında Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi işləyib. Hazırda Akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavinidir. Eyni zamanda Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM-ın) sədridir.

Professor Sevinc Zeynalova 1988-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis-alman fakültəsində təhsil alıb. 1994-cü ildə aspiranturada təhsil almışdır. “İngilis klassik ədəbiyyatında portret problemi (C.Çoser, V.Şekspir, C.Qolsuorsi yaradıcılığı əsasında)” adlı dissertasiya mövzusunu müdafiə etmiş, 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2005-ci ildə Azərbaycan Respublikası Prezident yanında Ali Attestasiya Kommisiyasının qərarı ilə dosent diplomu almışdır.

S. Zeynalova 2014-cü ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan ədəbiyyatında Qərb mövzusu (Qərbli obrazının inikası və Qərb ədəbi-estetik dəyərlərindən təsirlənmə problemi)” adlı dissertasiya mövzusunu müdafiə etmişdir.

S. Zeynalova 1993 – 2000-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası kafedrasında müəllim, 1999 – 2007-ci illərdə İlyas Əfəndiyev adına Fondun Təlim mərkəzinin direktoru, 2006 – 2008-ci illərdə Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında (0,5 ştat) müəllim, 1999-2010-cu illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Xarici dillər kafedrasının müdiri, 2011 – 2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Xarici dillər kafedrasının dosenti (0,5 ştat əvəzçilik qaydasında), 2010 – 2014-cü illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti, 2014 – 2017-ci illərdə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin nəzdində İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, 2017 – 2019-cu ilin mart ayının 29-dək Azərbaycan Dillər Universiteti Filologiya və jurnalistika fakültəsinin nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri və 2019-cu ilin mart ayından noyabr ayınadək ADU-nun Elmi işlər üzrə prorektoru olub. 2019-cu ilin noyabr ayından həmin universitetin Tədris məsələləri üzrə prorektorudur.

O, hal hazırda ADU-nun ED 2.12 Dissertasiya Şurasının sədr müavini və Dil və Ədəbiyyat jurnalının redaktoru kimi elmi fəaliyyətlə məşğuldur. S. Zeynalova 2017-2019 - AAK-ın Humanitar Elmlər üzrə Ekspert Şurasının üzvü, 2016-2017 -ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının Elmi Seminarının sədri,2015-2016 Magistr dissertasiyalarının Müdafiəsi üzrə Elmi Şuranın sədri vəzifələrini icra edib.

Sevinc Zeynalova 2 monoqrafiyanın, 1 kitabın, 5 metodik vəsaitin, fənn proqramlarının və 50-dən artıq elmi məqalənin müəllifi və həmmüəllifidir.

ADU-nun (2021-2026 ADU Strateji Planı) Strateji planlaşdırma və siyasətin hazırlanmasına rəhbərlik etmiş, sillabusların yenilənməsi, ingilis dilinin tədrisinin ümumi məqsədlərdən akademik məqsədlərə keçidini təmin etmişdir (pilot layihəsinin müəllifi olaraq). İkili diplom proqramlarının həyata keçirilməsində, tərəfdaş universitetlərlə proqram mexanizminin hazırlanmasında, eləcə də proqramların akkreditasiyasında yaxından iştirak edir.

Bir sıra elmi respublika və beynəlxalq konfransların Təşkilat komitəsinin sədr müavini qismində, o cümlədən Türkiyənin Dokuz Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin əməkdaşlığı çərçivəsində silsilə konfransların təşkilatçısı olmuşdur.

Faina Qaçabəyova 2015-ci ildən etibarən ali təhsildə beynəlxalq əməkdaşlıq və layihələrin idarəedilməsi istiqamətində əmək fəaliyyətinə başlamış, Birləşmiş Millətlər Ümümdünya Turizm Təşkilatı, Birləşmiş Millətlər İnkişaf Proqramı, Lüsern Dünya Turizm Forumu, Romualdo del Bianco Fondu və s. kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıqları koordinasiya etmişdir.

Hazırda o, ATMU-da keyfiyyət təminatı işinin, o cümlədən keyfiyyət təminatı işinin planlaşdırılması, universitetin strateji inkişaf planın icrasının monitorinqi, xarici akkreditasiya işinin koordinasiyası, daxili proseslərin təkmilləşdirməsi işində dəstəyin göstərilməsi kimi işlərini icra edir. Eyni zamanda, o, Ümümdünya Turizm Təşkilatının TedQual akkreditasiyası, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə sertifikasiyası işinin təşkili kimi məsələləri icra edir. Faina Qaçabəyova çalışdığı ali təhsil ocağında müxtəlif dövrlərdə “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)”, British Council tərəfindən maliyyələşdirildiyi Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı, “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən pilot kursları (PİCASP)” kimi layihələri də koordinasiya etməkdədir.

O, ATMU və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin birgə həyata keçirdiyi Azəbaycanda ilk ikili diplom (Azərbaycan-Avstriya İkili Diplom Proqramı, AATP) proqramının məzunudur. F. Qaçabəyova həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universitetinin “Təhsil və insan kapitalının inkişafı” adlı birgə ikili diplom proqramı üzrə ikinci magistratura təhsilini bitirmək üzərədir.

2019-cu ildən etibarən Faina Qaçabəyova AATP proqramında “Mədəniyyətlərarası səriştə” fənninin tədrisini həyata keçirir.

Faina Qaçabəyova ABŞ-ın NAFSA - Beynəlxalq Pedaqoqlar Assosiasiyası tərəfindən 2022-ci ildə keçirilmiş konfransa təqdim edilmiş materialların rəyçisi, eyni ildə Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş EU4Culture layihəsində Goethe İnstitutu ilə əməkdaşlıq əsasında Azərbaycan üzrə təqdim edilmiş layihə təkliflərin rəyçisi qismində çalışmışdır. O, həmçinin Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosasiyası adlı təşəbbüs qrupunda idarə heyətinin üzvüdür.