SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.02.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 306
ATMU nümayəndələri ECAR layihəsi çərçivəsində Polşaya səfər ediblər

Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 30 yanvar - 3 fevral tarxilərində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektorları və səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub. Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.

Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru, f.e.d, professor Zaur Bağırov və Karyera və Kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU tərəfindən layihə koordinatoru Səidə Məmmədova səfərdə ATMU-nu təmsil edib.

Təlimlərin ilk iki günü Kozminski Universitetində keçirilib. Burada universitetin ümumi inkişaf dayanıqlı inkişaf, rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.

Səfərin növbəti günlərində Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse prezidenti cənab Michał Zasada tərəfindən strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

Varşava Həyat Elmləri universitetinin əməkdaşları tərəfindən strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzularda təlim-seminarlar həyata keçirilib.

Təlim proqramı çərçivəsində Varşava Universitetinin əməkdaşı Şəhla Kazımova tərəfindən Universitetdə Azərbaycan dilinin tədrisi, Azərbaycan mədəniyyətinin təbliği, elmi konfranslar və digər tədbirlər haqqında ətraflı təqdimat həyata keçirilib.

Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub. Görüşdə xanım səfir Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumatlar verib. N.Qurbanova universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.

Təlim proqramının yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihədə həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm tapşırıqlar, Stratji İnkişaf Komitəsinin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.