Sentyabr ayının 30-da Göyçay şəhərindəki Heydər Əliyev mərkəzində Ümummilli liderin 100 illiyinə həsr olunmuş “Göyçay ensiklopediyası”nın ictimaiyyət üçün təntənəli təqdimatı keçirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüşlər.
Tədbiri açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qeyd etmişdir ki, bu tədbir çox əlamətdar bir ildə və tarixi günlər ərəfəsində baş tutur: “Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu üçün bu il “Heydər Əliyev İli”dir. Eyni zamanda 3 il əvvəl Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan Zəfər yürüşü bir neçə gün öncə tam və qəti Qələbəmizlə tamamlanmış, bütün ərazilərimizdə suverenliyimiz bərpa olunmuşdur. Belə bir tarixi günlərdə elimizin ağsaqqalı Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə Göyçay ensiklopediyasının işıq üzü görməsi və Heydər Əliyev adını daşıyan bu möhtəşəm mərkəzdə göyçaylılara təqdim edilməsindən böyük və dəyərli hədiyyə ola bilməz”.
Tədbirdə “Göyçay Ensiklopediyası”nın ideya müəllifi və naşiri Elxan Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Ensiklopediyanın redaksiya şurasının üzvü professor Şövqü Göyçaylı, nəşrin baş redaktoru Asif Hacılı, millət vəkili Zahid Oruc və digərləri çıxış etdilər.
Təqdimat mərasimində millət vəkili, birinci vitse-spiker Əli Hüseynli, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafaya, Sabir Hacıyev, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və digərləri ştirak edirdi.
Ensiklopediyada ATMU-nun iki əməkdaşı – t.e.d.,professor Məhərrəm Zülfüqarlı, Turizm və qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov haqqında məlumat verilmişdir.