Global Şərab Turizm Təşkilatının (GŞTT) rəhbəri Jose Antonio Vidal Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) səmimi qaşılanmadan məmnunluğunu bildirib. ATMU-nun rektoru İlham Mədətov, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və adıçəkilən kafedra əməkdaşlarının iştirak etdiyi işgüzar görüşdə ali təhsil müəssisəsinin başlıca hədəflərinə aydınlıq gətirən rektor İ.Mədətov,eyni zamanda Strateji Yol Xəritəsi, şərab marşrutları, Şamaxıda yüksək səviyyədə keçirilən “Şərab festivalı”ndan danışıb. Azərbaycanda şərabçılığın inkişafını şərtləndirən amillər sırasında ixtisaslı kadr hazırlığının təşkili prosesində ATMU-nu maraqlı tərəf kimi dəyərləndirib.
ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müdiri N.Quliyev müvafiq ixtisas tələbələrinə Qastronomiya və şərabçılıq turizmi, Şərab və qıcqırtma məhsullarının istehsal texnologiyası fənlərinin tədris edildiyini, praktik dərs-məşğələlərin vaxtaşırı Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutunda keçirildiyini bildirib.
Global Şərab Turizm Təşkilatının (GŞTT) rəhbəri Joze Antonio Vidal təşkilatın fəaliyyətində şərab istehsalı üzrə ixtisaslaşan regionların tanıdılması, müvafiq tədbirlərin təşkili, o cümlədən şərab destinasiyası təbliğinin əks olunduğunu diqqətə çatdırıb. Görüş çərçivəsində yeni proqramların işlənməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, turizm kurslarının təşkili, adıçəkilən təşkilat tərəfindən planlaşdırılan tədbirlərdə ATMU əməkdaşlarının yaxından iştirakı məsələləri müzakirə olunub.
J.A.Vidal Uruqvayda mart ayında keçiriləcək tədbirdə iştirakçılar arasında ATMU nümayəndələrini də görəcəyi təqdirdə məmnun olacağını deyib.