Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı “ Erasmus+” layihəsi çərçivəsində 11 Azərbaycan universitetinin uyğun nümayəndə heyəti Polşanın Bydqoş şəhərində işgüzar səfərdə olub. Dekabrın 04-dən 09 dək keçirilən təlimlərə Polşanın Bydgoszcz İqtisadiyyat Universiteti (WSG) ev sahibliyi edib.
Azərbaycanın ali təhsil müəssisələrinin prorektor, dekan, kafedra müdiri və digər inzibati və akademik heyət üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı və layihə koordinatoru Ülviyyə Cümşüdlü təmsil edib.
Təlimin gündəliyində Ali Təhsil müəssisələrində sahibkarlıq təfəkkürünün və sahə üzrə fəaliyyətlərin inkişaf etdirilməsi , sahibkarlığın strategiya, kurrikulum və tədqiqata inteqrasiyası və universitet-sənayə əməkdaşlığının gücləndirilməsi kimi mövzular əksini tapıb. Eyni zamanda sahibkarlığın təhsil və tədqiqata inteqrasiyası mexanizmini əhatə edən və müxtəlif istiqamətləri şərtləndirən müzakirələrin, təqdimatların və praktiki sessiyaların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 36 ay müddətində reallaşdırılması nəzərdə tutulan” ENGAGE” layihəsində başlıca hədəf Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsi məsələləridir