31.01.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 384
ATMU-da M.Ə.Rəsulzadənin 140 illiyi münasibətilə “Enməz demisən bu bayraq, enməyəcəkdir” adlı tədbir olub

Bu gün (30.01.2024) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli sərəncamının icrasından irəli gələn tədbirlər planına uyğun olaraq Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) yubiley tədbiri keçirilib. Professor-müəllim, inzibati heyət nümayəndələrinin və Tələbə Elmi Cəmiyyət (TEC) üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ATMU-nuu rektoru İlham Mədətov görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edib.

“Heydər Əliyev lektoriyası”nın rəhbəri, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı M. Ə. Rəsulzadənin ictimai – siyasi,elmi fəaliyyətindən danışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda “Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir”iqtibasının böyük şəxsiyyətə verilən yüksək qiymət kimi dəyərləndirib. “MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ ENSİKLOPEDİYASI Bakı-2013”, “Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildliyi, Bakı 2015”, “MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ ƏSƏRLƏRİ (MÜHACİRƏT DÖVRÜ) II CİLD, Bakı – 2021” və s. kitabların nəşri Məhəmməd Əmin Rəsulzadə irsinə hörmət və qayğının göstəricisi sayan M.Zülfüqarlı Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra M. Ə. Rəsulzadənin müxtəlif illərdə yazdığı “Əsrimizin Siyavuşu”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərlərində,o cümlədən mühacirət həyatında son nəfəsinə qədər Azərbaycanın istiqlalına ürəkdən bağlı olduğunu tədbir iştirakçılarının diqqətə çatdırıb.

Mustafa Kamal Atatürkün M.Ə.Rəsulzadənin “Azərbaycan Xalq Cümhuriyyəti” kitabının ön səhifəsinə öz əli ilə yazdığı fikir bu gün də “Bir millət, iki dövlət” şüarı ilə birləşən Azərbaycan -Türkiyə qardaşlığının sarsılmaz olduğunu sübut edir. Böyük Atatürk M. Ə. Rəsulzadəyə müraciətlə yazmışdı: “Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!”.

Çıxışın sonunda məruzəçi qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun böyük zəfəri sayəsində, o cümlədən, 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanması istiqlal uğrunda varisiliyin əzmlə davam etdiyini bir daha sübut etdi.

Tədbirin sonunda məruzələr ətrafında çıxışlar, sual və cavablar dinlənildi.