SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.09.2020
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 646
ATMU-da “Ümumdünya Turizm günü" ilə bağlı tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində “Ümumdünya Turizm günü: Azərbaycanda kənd turizminin inkişaf trendləri” mövzusunda tədbir baş tutub.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və Azərbyacan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə 26 sentyabr 2020-ci il tarixində Ümumdünya Turizm günü ilə əlaqədar “Ümumdünya Turizm günü: Azərbaycanda kənd turizminin inkişaf trendləri” mövzusunda tədbir keçirilib. Onlayn formatda baş tutan tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin “Mədəni irs və regional turizm” şöbəsinin nümayəndəsi Könül Nuriyeva, “Absheron Hotels Group”un Gəlirlərin idarə olunması üzrə direktoru və ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müəllimi Bahar Qəniyeva, Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru, həmçinin ATMU-nun məzunu Səbinə Yadullayeva, “Biogarden Agro ekoturizm məkanı”nın rəhbəri və “Şəhərdən Kəndə” layihəsinin iştirakçısı Etibar Nuriyev, “Citrus valley” fermer təsərrüfatının rəhbəri və  “Şəhərdən Kəndə” layihəsinin iştirakçısı Rəftarə Şükürova çıxışçı qismində iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə açan rektor İlham Mədətov iştirakçılara turizm təhsilində keyfiyyətin təmin olunması, ATMU-da həyata keçirilən təhsil siyasəti, universitetin əldə etdiyi uğurlar, kənd turizminin inkişafı üçün ATMU-dakı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətdən bəhs etdi. Bundan əlavə, rektor Universitetin həyata keçirdiyi təhsil siyasətinin əsas istiqamətlərindən birinin “Məzunlarla iş” istiqaməti olduğunu vurğulayaraq  ATMU-nun onların kənd turizmi sahəsində əmək fəaliyyətini dəstəklədiyini bildirdi.

Könül Nuriyeva tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edərək  Dövlət Turizm Agentliyi tərəfindən fermer təsərrüfatlarının kənd turizmi dəyər zəncirinə qazandırılması istiqamətində görülən işlərdən danışdı.

Bahar Qəniyeva “Kənd turizmi - Davamlı İnkişaf modeli kimi” mövzusuna toxunaraq kənd turizminin iqtisadiyyata təsiri, regional marketinq və mövqeyin idarə olunması, yerli əhalinin turizmə dəstəyi və Universitetin təhsil və təlim proqramlarının təşkilində rolu və yeri məsələləri haqqında görüş  iştirakçılarına ətraflı məlumat verdi.

Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru, həmçinin ATMU-nun məzunu Səbinə Yadullayeva isə Covid-19 pandemiyası dövründə Şəki-Zaqatala regionunda reallaşdırılan fəaliyyətdən, regionun önəmi, Ümumdünya Turizm günü münasibəti ilə həyata keçirilən tədbirlərdən, Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlalədəki təmizlik işləri və bu işdə Turizm Könüllülərinin əməyindən, Qax rayon rəhbərliyinin dəstəyindən ətraflı şəkildə bəhs etdi.

Etibar Nuriyev və Rəftarə Şükürova rəhbərlik etdikləri təsərrüfatlardan, onların kənd turizminin inkişafındakı rolundan, Universitet tələbələrinin bu təsərrüfatlarda təcrübə və təlimlərə cəlb edilməsi imkanlardan danışdılar.

Sonda təbdir iştirakçıları onları maraqlandıran sualları çıxışçılara ünvanlayıb ətraflı cavablar əldə etdilər.