
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin “Turizm və otelçilik” ixtisasının 2 nəfər tələbəsi – Həmidə Həmzəzadə və Ayxan Yusifzadə cari tədris ilinin payız semestrində ATMU və Almaniya Federativ Respublikasının Vilhemshaven şəhərində yerləşən Yade Tətbiqi Elmlər Universiteti (TEU) arasındakı mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini adıçəkilən tərəfdaş universitetdə davam etdirəcək.
Hər iki tələbə təhsil müddətində 3000 avro məbləğində təqaüd alacaq. Uyğun təhsil təqaüdü tələbələrin yerləşmə, nəqliyyat və qidalanma xərcləri üçün nəzərdə tutulub.
ATMU və Yade Tətbiqi Elmlər Universiteti arasında 10 ildən çox dövrü aşan ikitərəfli əməkdaşlıq çərçivəsində indiyədək ATMU tələbələrindən təxminən 40 nəfər qeyd olunan tərəfdaş universitetdə "Mübadilə tələbəsi" statusunda təhsil alıb. Eyni zamanda hər il müəyyən sayda ATMU tələbəsi Yade Tətbiqi Elmlər Universiteti (TEU) tərəfindən təşkil edilən yay məktəbinin iştirakçısı olub. Əfsuslar olsun ki, cari ildə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Yay Məktəbi məlum qlobal pandemiya səbəbindən təxirə salınıb.
ATMU-da ikili diplom proqramının davamlılığını şərtləndirən təhsil müstəvisində Yade Tətbiqi Elmlər Universiteti ilə də ikili diplom üzrə tərəfdaşlığın gücləndirilməsi başlıca hədəf seçilib.