08.05.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 318
Turizm insanları birləşdirir və mədəniyyətlərarası dialoqu təşviq edir

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib. "Turizm Araşdırmaları Salnaməsi”nin təsisçi-redaktoru Cəfər Cəfərinin moderatorluğu ilə keçən sessiyada çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COVID pandemiyasından sonra bu il Azərbaycanda turizm sahəsinin tam bərpasına nail olunduğunu, xarici turistlərin sayında xeyli artım qeydə alındığını bildirib.

O, Azərbaycanda turizm sahəsinin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb: “Azərbaycanın turizm potensialı yüksəkdir. Həmçinin turizm insanları birləşdirmək imkanı yaradır. Bütün dünya üzrə turistlərin sayının artmasını nəzərə alaraq, fərqli mədəniyyətlərə malik insanlar davamlı şəkildə mübadilə edirlər. Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun panel sessiyasında məruzəçilər tədbirin əhəmiyyətini yüksək dəyərləndirməklə bərabər, turizmin mühüm rolundan,iş yerlərinin 10 faizinin məhz turizmlə bağlılığından, müxtəlif dinə və mədəniyyətə mənsub gənclər arasında ünsiyyətin yaradılmasını şərtləndirən birgə layihələrin həyata keçirilməsindən və s. məsələlərdən danışıblar.

Panel sessiyanın işində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov, ali təhsil müəssisəsinin prorektorları Zaur Bağırov, İranə Əliyeva, Araz Aslanlı və struktur rəhbərləri yaxından iştirak ediblər