IV İslam Həmrəylik Oyunları zamanı Bakının mərkəzi hissəsində Azərbaycan Turizm və Menecment Universitetinin “ASK ME-Məndən Soruş” turizm könüllüləri fəaliyyət göstərəcək

16 May 2017
Author :  

12-22 may 2017-ci il tarixlərində Bakı 2017 IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtımıza dünyanın 54 islam ölkəsinin 20 müxtəlif idman növü üzrə mübarizə aparacaq minlərlə atleti, çoxsaylı turistlərin gəlməsi nəzərdə tutulur.IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin son iclasında ölkəyə yarışlar zamanı gələcək turistlərə yardımçı olmaq üçün Bakı şəhərinin mərkəzi hissəsində xidmət göstərəcək “ASK ME-Məndən Soruş” turizm könüllülərindən ibarət qrupların yaradılması məqsədəuyğun hesab olunmuşdur. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə aparılmış məsləhətləşmələrdən sonra  Azərbaycan Turizm və Menecment Universitetinin xarici dil biliyi olan tələbələrindən ibarət turizm könüllüləri qrupu (47 nəfərdən ibarət) yaradılmışdır. Bu qrupa cəlb olunmuş tələbələrə müxtəlif təlimlər keçirilmiş, onlar Oyunların Təşkilat Komitəsi tərəfindən akkreditasiyadan keçirilmiş və üzərində “ASK ME” sözləri yazılmış Oyunların könüllüləri üçün nəzərdə tutulmuş geyimlə təchiz olunmuşlar. Hər bir tələbə ilə müvafiq qaydada könüllülük müqaviləsi imzalanmış, o cümlədən tələbələr qəza sığortasından keçirilmiş, onlara Bakı şəhərinin bələdçi kitabları, turist xəritələri verilmiş, gomap turizm naviqasiya sistemindən istifadə etməklə turistlərə gedəcəkləri yerlərə yönəltmə haqqında məlumatlar verilmişdir. “ASK ME” könüllülər qrupu 12-22 may tarixlərində turistlərin ən çox toplandığı yerlərdə, şəhərin mərkəzi hissəsində saat 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək, turistlərin ictimai yerlərdə qarşılaşacağı suallara cavab tapmaqda onlara yardımçı olacaqlar. Tələbələr 2 nəfərlik qrup halında şəhərin mərkəzi hissəsində böyük ticarət (Gənclik, Metropark, 28 Mall və Park Bulvar) mərkəzlərində, metro stansiyalarının (Nərimanov, Gənclik, 28 May, Nizami, Sahil və İçərişəhər) çıxışlarında və turistlərin ən çox ziyarət edəcəkləri tarixi və mədəni (İçərişəhər qoruğu ərazisində, Fəvvarələr meydanında, Nizami küçəsində, Bakı dənizkənarı bulvar ərazisində, Heydər Əliyev Sarayının və Mərkəzinin qarşısındakı parklarda, Dağüstü parkda və s.) yerlərdə ümumilikdə 20 qrup olmaqla fəaliyyət göstərəcəklər. Həmçinin “ASK ME” qrupunun üzvləri könüllü fəaliyyəti zamanı  qarşılaşacaqları sualların qeydiyyatını aparacaq və oyunlar bitdikdən sonra  aparılmış qeydiyyat turizm sahəsində tədqiqat işi kimi nəzərdən keçiriləcəkdir. Bu tədqiqat şəhərin müxtəlif hissələrində turistlərin ən çox rastlaşdıqları problemlərin nələrdən ibarət olduğunu və turistləri  ən çox hansı sualların düşündürdüyünü müəyyən etməyə imkan verəcəkdir. Əldə olunmuş nəticələr bu səviyyəli  gələcək tədbirlərə hazırlıq işlərində istifadə olunacaqdır.    Qeyd olunanları, IV İslam Həmrəylik Oyunlarının ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq,  bütün Bakı sakinlərindən  bu tələbələrə ərazidəki fəaliyyətləri zamanı yardımçı olmalarını xahiş edirik.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…