Noyabrın 23-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Təcrübə və iş imkanları” mövzusunda seminar təşkil olunub. 

ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə SOCAR, “Azercell Telekom”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kimi qurumların təcrübə proqramları və işə qəbul qaydaları haqqında məlumat verilib. Tədbir iştirakçıları ilə ATMU-nun rektoru İlham Mədətov arasında keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Seminarda iş imkanları və işə qəbul qaydaları kimi məsələlər barədə məruzələr dinlənilib, tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Turizm və Menecment Universiteti yarandığı gündən təhsil, tədris, təlim və təcrübə modelinə fəaliyyətində xüsusi önəm verir. Təsadüfi deyil ki, ölkə ali təhsil müəssisələri içərisində sənaye ilə birbaşa əməkdaşlığı prioritet elan edən ATMU tələbələrin ölkə daxilində və xaricdə 22 həftəlik istehsalat təcrübəsinin təşkilində daha bir ilkə imza atanlardandır. 2009-cu ildən 2017-ci ilin aprelinədək 1780 tələbə istehsalat təcrübəsini uğurla başa vurub. Hazırda universitet tələbələrindən ümumilikdə 117 olmaqla 50 nəfərdən 2 nəfər Türkiyədə, 9 nəfər Şimali Kipr Türk Cümhuriyyətində, 38 nəfəri İsrailin “İsrotel” otellər şəbəkəsində fəaliyyət göstərən otellərdə və 1 nəfər Moskvanın nüfuzlu turizm şirkətində istehsalat təcrübəsini davam etdirirlər. Ölkə daxilində təcrübə keçən tələbələrə praktik peşə vərdişlərinə yiyələnmələri üçün respublikamızda fəaliyyət göstərən 5 ulduzlu “Fairmont  Baku Hotel”, “JW Marriott Absheron Baku”, “Excelsior Hotel and Spa Baku”, “Ramada Plaza Gəncə Hotel”, “Landmark Hotel Baku”, “Qalaaltı Hotel and Spa”, “Marxal Resort and Spa Hotel”, “El Resort Hotel” və 4 ulduzlu və butik otellərdə təcrübəçi gənclərə xüsusi qayğı ilə yanaşılır. Qeyd edildiyi kimi Azərbaycan Turizm və Menecment Universitetinin cari ildə təcrübə keçən tələbələri içərisində gələcək karyerasını turizm şirkətləri ilə bağlamaq istəyənlər üçün sənayenin nüfuzlu müəssisələri hesab olunan “Pasha Travel” MMC, “Millenium Turizm və Konqres”, “Royal travel and services”, “Qlobus LTD”, “Gerso Travel” MMC və digərlərində peşəkarlıq vərdişləri qazanmalarından ötrü lazımi imkan yaradılıb.Ölkəmizdə turizmin prioritet sahə kimi elan olunması sənaye işçi potensialının peşəkar kadrlardan formalaşmasını başlıca vəzifə kimi qarşıya qoyub. Bu baxımdan turizm sənayesi üçün ixtisaslı kadr hazırlığını həyata keçirən ATMU-da, o cümlədən 1-ci və 2-ci kurs tələbələri üçün yay tanışlıq təcrübəsinin təşkilinə də xüsusi diqqət yetirilir. Hazırda yuxarıda qeyd olunduğu kimi 1-ci və 2-ci kurs tələbələrindən bir qrupu “Fairmont  Baku Hotel”, “Excelsior Hotel and Spa Baku”, “Hilton Baku Hotel” və sair otellərdə yay tanışlıq təcrübəsinə hazırlıq təlimləri yekunlaşmaq üzrədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak ediblər. S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizin dayanıqlı iqtisadi inkişafına səbəb olmaqla, yeni iş yerlərinin açılmasına, əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasına şərait yaratdığını vurğulayıb. Nazir görülən işlərin müsbət nəticəsi kimi, Azərbaycanın gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasında yer tutduğunu bildirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının reallaşdırılmasına yönələn tədbirlərin bir istiqaməti də gənclərin əmək bazarında fəal iştirakının təmin olunmasına yönəlib. Bu tədbirlərin davamı olaraq, cari ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclərdən ibarət olub. Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün müvafiq işlər aparılır. Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu məqsədə xidmət edir. 2013-cü ilin dekabr ayında istifadəyə verilən həmin Mərkəzdə cari il mayın 1-dək 1056 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına qəbul edilib”.Nazir diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının iştirakçılarının da bir hissəsini gənclər təşkil edir. Bununla bərabər, əmək bazarına daxil olmağa hazırlaşan gənc işçi qüvvəsinin gələcək karyeralarını əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara uyğun şəkildə, düzgün müəyyən etmələri üçün təkcə bu ilin birinci rübündə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib.Gənclərin məşğulluğuna yönəlik işlərin tələbə və məzunları da əhatə etdiyini bildirən S.Müslümov qeyd edib ki, tələbə və məzunların əmək bazarına daha çevik şəkildə inteqrasiyası məqsədilə son illərdə iki ali təhsil ocağında virtual müəssisələr yaradılıb. Ölkəmizdə interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşməsinə xidmət edən belə müəssisələrin yaradılması Beynəlxalq Əmək Təşkilatı tərəfindən də yüksək dəyərləndirilib: “Digər bir istiqamət isə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkil olunmasıdır. Ötən il ölkənin 10 ali təhsil müəssisəsində belə tədbirlər keçirilib və həmin tədbirlərdə 370 müəssisə tərəfindən 1838 boş (vakant) iş yeri gənclərin seçiminə təqdim olunub. Bu tədbir də gənclərin öz ixtisaslarına uyğun uğurlu karyeralarını qurmalarının, digər tərəfdən müvafiq sahə üzrə işəgötürənlərin ixtisaslı kadr seçiminin dəstəklənməsi məqsədini daşıyır”.Nazir Əbülfəs Qarayev hazırda respublikamızda daim inkişaf edən sahələrdən birinin də turizm sahəsi olduğunu, ölkəmizə gələn turistlərin sayının ildən-ilə əhəmiyyətli şəkildə artdığını, Azərbaycanda turizm sənayesinin inkişafı yönündə hazırda da mühüm işlərin aparıldığını vurğulayıb. O bildirib ki, turizm sahəsi üzrə potensialın daha da təkmilləşdirilməsi üçün bu sahənin ixtisaslı işçi qüvvəsi ilə təmin olunması da vacib məsələlərdəndir. Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və məzunları üçün “Karyerada ilk addım” devizi altında hər il keçirilən aktiv məşğulluq tədbirləri bu baxımdan mühüm dəstək rolunu oynayır. Ə.Qarayev qeyd edib ki, eyni zamanda, belə tədbirlər turizm sahəsi üzrə ixtisaslara yiyələnmiş gənclərimizin öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarına malik olmalarına, turizm sektorunda fəaliyyət göstərən işəgötürənlərlə əlaqələrinin yaranmasına, bir sözlə, onların əmək bazarına fəal inteqrasiya edə bilmələrinə şərait yaradır.Tədbirdə 73-ü özəl, 4-ü dövlət sektoruna aid olan 77 müəssisə tərəfindən 237 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 6-sı dövlət, qalan 231-i isə özəl müəssisələrə aid olub. İştirakçılar seçdikləri boş (vakant) iş yerlərinə göndərişlə təmin olunublar. Həmçinin tələbə və məzunlar əmək bazarı barədə ətraflı məlumatlar öyrənib və işəgötürənlərin nümayəndələri ilə ilkin əlaqələr quraraq, şəxsi məlumatları əks olunan CV-lərini onlara təqdim ediblər. İşəgötürənlərin nümayəndələri isə ixtisaslı kadr seçimini aparmaq imkanı əldə ediblər.

Aprelin 7-də “JW Marriot Absheron” hotelində “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) 10 illik yubileyi münasibətilə “Azərbaycan-Avstriya Turizm Proqramı Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm və Menecement Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov çıxış edərək konfransın proqramı haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, sözügedən proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb. Onlar hazırda beynəlxalq tələblərə cavab verən əmək bazarlarında layiqincə təmsil olunurlar.Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycan turizm sektorunda keyfiyyətin kadr təminatı” mövzusunda məruzəsi dinlənilib. Nazir proqramın önəmindən danışaraq bildirib ki, proqram üzrə məzun olmuş tələbələr Azərbaycan turizm sənayesinə öz töhfələrini verməkdədir. Buna görə də bu proqram üzrə təhsil alan tələbələrin sayının artırılması vacibdir.Qeyd olunub ki, dövlət başçısı tərəfindən turizm sahəsinə yüksək diqqət və qayğı göstərilir. Bu qayğı nəticəsində yaxın gələcəkdə turizm peşə məktəblərinin sayının çoxaldılması nəzərdə tutulub.Nazir bildirib ki, bu ilin ilk üç ayında ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artım olub. 3 ayda ölkəmizə 544 min xarici turist səfər edib. Azərbaycan turizmi ölkənin ümumi daxili məhsulunda (ÜDM) 4 faiz paya malikdir. 2025-ci ilədək Azərbaycan turizmi ÜDM-in 8 faizini təşkil edəcəyi gözlənilir.Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanda ali təhsildə beynəlxalq proqramların tətbiqi: nəticələr və perspektivlər” mövzusunda çıxış edib. Ölkəmizdə təhsil sisteminin inkişafından danışan Mikayıl Cabbarov bildirib ki, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması əsas amildir: “Təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır. Hazırda ölkəmizin ali təhsil müəssisələrində Avropa Komissiyasının TEMPUS, ERASMUS plyus, HORİZON və digər təhsil proqramları çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin hər birinin məqsədləri vardır. Bu layihələr arasında Azərbaycanın bir neçə ali təhsil müəssisəsi ilə Avropa ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının işlənilməsinə aid layihələr xüsusi yer tutur”.Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer “Avstriya universitetlərində ikili diplom proqramları və AATP təcrübəsi” adlı məruzəsində müasir təhsil sisteminin inkişaf istiqamətlərinə toxunub. Sonra Hans Boyer rəhbəri olduğu ali təhsil ocağında turizmin tədrisinə həsr olunmuş təqdimatla çıxış edib. Daha sonra tədbir çərçivəsində AATP üzrə təhsil alan 156 tələbə ilə görüş keçirilib, maraq doğuran mövzular müzakirə olunub.

1 -dən səhifə 4

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…