Beynəlxalq əlaqələr ildən-ilə genişlənir

10 Fevral 2020
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ölkəmizin inkişafda olan turizm və digər sahələri üzrə dünya standartlarına uyğun yüksəkixtisaslı kadrlar hazırlanır. Bu gün universitetdə 3 fakültə və 10 kafedra fəaliyyət göstərir, bakalavr pilləsi üzrə 1758, magistratura üzrə 289, doktorantura pilləsi üzrə 72 nəfər təhsil alır. Ümumilikdə tədris prosesini 200-dən çox professor-müəllim heyəti həyata keçirir.

ATMU fəaliyyətə başladığı ilk gündən xarici əlaqələrin genişlənməsinə və ali təhsildə beynəlmiləlləşməyə xüsusi diqqət yetirir. Universitetdə yaranmış ilk bölmələrdən biri Beynəlxalq əlaqələr şöbəsi olmuşdur. Keçən dövr ərzində ATMU Avropa Universitetlər Assosiasiyası, Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elm və Tədqiqat Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC) və Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) kimi nüfuzlu təhsil təşkilatlarına üzv olaraq fəaliyyət dairəsini daha da genişləndirmişdir.

ATMU Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq uğurla ikili diplom proqramını həyata keçirir. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış akademik müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində "Turizm və asudə vaxt menecmenti proqramı” üzrə ingilis dilində təhsil alırlar. Ötən il aprelin

5-də Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU və İMC Krems Tətbiqi Elmlər Universiteti ilə AATP Azərbaycan-Avstriya Turizm proqramı üzrə yeni əməkdaşlıq müqaviləsi hazırlanmışdır. Bu proqrama əsasən 210 nəfər məzun hər iki ali təhsil müəssisəsinin diplomunu almışdır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin görüşü zamanı universitetlər arasında magistratura səviyyəsində tədrisin təşkilini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanmışdır. Bundan sonra ATMU yalnız bakalavr təhsil pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənməyərək həmin universitetlə birlikdə magistr pilləsi səviyyəsində də təhsilə başlamışdır.

Universitetimiz Xəzər Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq Pəncərə Proqramının (EU Erasmus Mundus External Cooperation Window) qalibi olmuşdur. Üç mərhələdə həyata keçirilmiş proqram çərçivəsində ATMU-nun tələbə və əməkdaşları Yunanıstan, Portuqaliya, Böyük Britaniya, İtaliya, Latviya, Fransa, Bolqarıstanın ali təhsil müəssisələrində ixtisasartırma və təcrübə mübadiləsi layihələrində iştirak etmişlər. Qeyd olunan proqram çərçivəsində xeyli sayda tələbə təhsilini davam etdirmək, habelə bir sıra müəllim və inzibati işçi müxtəlif Avropa universitetlərinə tədqiqat üçün göndərilmişdir.

ATMU-nun genişmiqyaslı əlaqələrində önəmli yerlərdən birini də beynəlxalq tələbə proqramlarında fəal iştirak tutur. ATMU Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlər ilə əlaqələr quraraq xeyli sayda tərəfdaşlar qazanmış, bu əməkdaşlıqlar çərçivəsində öz tədris planımızı daha da inkişaf etdirə bilmişik. Adıçəkilən beynəlxalq proqram çərçivəsində tələbələrimiz İspaniya Krallığının Valladolid və Jirona Universitetlərində, Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetində, Rumıniya Respublikasının İoan Cusa Alexander Universitetində, Bolqarıstan Respublikasının D.A.Tsenov adına İqtisadiyyat Akademiyasında, Türkiyə Respublikasının Orta Doğu Texniki və Əskişəhər Anadolu universitetlərində müxtəlif ixtisaslar üzrə tələbə mübadiləsinin iştirakçısı olmuşlar. Bununla yanaşı, müəllim mübadiləsi imkanlarından istifadə beynəlxalq proqram çərçivəsində universitetin qarşısına qoyduğu əsas istiqamətlərdən biri olmuşdur. Son illər xeyli sayda müəllim mübadiləsi ATMU və proqram daxilində əməkdaşlıq edən tərəfdaş universitetlər arasında həyata keçirilmişdir. Ümumilikdə son 4 il ərzində

20-dən çox tələbəmiz, Erasmus+ proqramı çərçivəsində tərəfdaş universitetlərdə təhsil almış 10 nəfərdən çox müəllim bu proqram vasitəsilə tərəfdaş universitetlərdə mühazirə və seminarlar aparmışdır.

Beynəlxalq tələbə mübadiləsi proqramları çərçivəsində önəm verilən istiqamətlərdən biri də Türkiyə Respublikası hökuməti tərəfindən formalaşdırılan Mövlanə Mübadilə proqramıdır. Son illər bu proqrama qoşularaq Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Məhz bu səylərin nəticəsində Mövlanə Mübadilə proqramı çərçivəsində Qazi Universiteti (Ankara), Ağdəniz Universiteti (Antalya), Ege Universiteti (İzmir), Sakarya Universiteti (Sakarya), Kastamonu Universiteti (Kastamonu), İstanbul Universiteti və Ankara Universiteti kimi nüfuzlu ali təhsil müəssisələri ilə tərəfdaşlıq müqavilələri imzalanmışdır. Müqaviləyə əsasən, son 4 ildə 25 nəfərdən çox tələbəmiz beynəlxalq təhsil proqramının imkanlarından yararlana bilmişdir. Proqram çərçivəsində fərqli ixtisaslar üzrə tərəfdaş universitetlərin professor-müəllimləri ATMU-da müxtəlif vaxtlarda mühazirə və seminarlar aparmışlar. Eyni tədris imkanlarından istifadə ATMU-nun müəllim heyəti üçün də mümkün olmuşdur. Hazırda məlum beynəlxalq təhsil proqramı çərçivəsində yeni universitetlər ilə əməkdaşlıqların qurulması istiqamətində işlər davam etdirilir.

ATMU Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə də əməkdaşlıq əlaqələri yarada bilmişdir. Məhz hər iki universitet arasında mövcud olan əməkdaşlıq əsasında tələbələrimiz Almaniyada təşkil olunan yay dil kurslarında iştirak edir, habelə tələbə həmrəyliyi çərçivəsində Yade Universitetində bir semestrlik təhsil ala bilirlər. Bu il həmin ali təhsil müəssisəsi ilə yeni hədəf olaraq 1, yaxud 2 ixtisas üzrə ikili diplom layihəsinin həyata keçirilməsi müzakirə ediləcək.

Universitetdə təhsilin beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə xarici mütəxəssislərin tədris prosesinə cəlb edilməsi istiqamətində addımlar atılır. Erasmus-Mundus Xarici Əməkdaşlıq Proqramı xətti ilə Portuqaliyadan 2 nəfər, ABŞ hökumətinin təqaüd proqramları ilə 2 nəfər, Almaniyanın Robert Boş Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın CİM təşkilatları ilə əməkdaşlıq nəticəsində Almaniyadan hər il bir nəfər müəllim universitetdə tədris prosesinə cəlb olunmuşdur.

ATMU həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Almaniyanın DAAD, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (İAEA), BMTİP (UNDP) və sair bu kimi beynəlxalq təşkilatlarla da müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri qurmuşdur. Universitet Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə həyata keçirilən "Elektron təhsildə Cənubi Qafqazda institusional quruculuq və insan resurslarının inkişafı” layihəsinin iştirakçılarından biri olmuş və distant təhsil üzrə müəllimlərin bacarıqlarını inkişaf etdirməyə səy göstərmişdir.

2011-ci ildən ATMU Ümumdünya Turizm Təşkilatının "qoşulmuş üzvü” (Affiliate member), bir müddət sonra isə "Bilik” Şəbəkəsinin üzvü seçilmişdir. Ümumdünya Turizm Təşkilatına üzvlük ATMU-nun dünya turizm sənayesinə çıxışı üçün daha geniş imkanlar açmış, eləcə də tələbələrimizə daha böyük kürsülərdən ölkəmizi və universitetimizi təmsil etmək şansı qazandırmışdır.

ATMU tələbələr üçün 14 həftəlik xaricdə istehsalat təcrübə semestri təşkil edir. Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici ölkə səfirliklərinin və beynəlxalq turizm təşkilatlarının dəstəyi ilə ATMU tələbələri Türkiyədə, Bolqarıstanda, İsraildə, Yunanıstanda və s. ölkələrdə istehsalat təcrübəsi keçə bilmək imkanlarından yararlanırlar. Təkcə 2019-cu il ərzində 80 nəfərə yaxın tələbəmiz bir sıra xarici ölkələrdə istehsalat təcrübəsi keçmişdir. Gələn ildən etibarən tələbələrimiz Almaniya Federativ Respublikası, Qatar Dövləti və s. kimi yeni turizm destinasiyalarında təşkil olunacaq istehsalat təcrübəsində iştirak edəcəklər.

Avropada mövcud olan müxtəlif ali təhsil müəssisələri ilə ikili diplom layihələrinin daha da gücləndirilməsi, tələbə və müəllimlərimizin dünyanın nüfuzlu ali məktəblərində elmi konfrans və təlimlərdə mütəmadi iştirakı, tədrisin keyfiyyətinin daha da təkmilləşdirilməsi, habelə beynəlxalq əlaqələrimizin davamlı inkişafı diqqətimizdədir.

Sürətlə inkişaf edən, qloballaşan dünyanın turizm və təhsil sahələrində baş verən dəyişikliklərə tez uyğunlaşa bilmək, eləcə də dövlətimiz və hökümətimiz tərəfindən istər turizm, istərsə də təhsil sahəsində aparılan uğurlu islahatlara əsaslanaraq

ATMU beynəlmiləlləşməyə çox böyük önəm verir və beynəlxalq əlaqələrini ildən-ilə genişləndirir.

 

İlham MƏDƏTOV,

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru

282 Views
Arzu Qafarov

Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…