Son xəbərlər (173)

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən “Məzun–2016” adlı mərasimdə dövlət himnimiz oxunduqdan sonra universitetin rektor əvəzi Eldar Aslanov tədbir iştirakçılarını salamladı. O, tələbə, müəllim və valideynləri ali məktəbin VII, ATMU-nun isə II məzun günündə görməkdən məmnun olduğunu bildirdi.E.Aslanov dedi: “Bu gün məzunlarımız 4 illik əziyyətlərini, yuxusuz gecələrini, ağrılı-acılı, sevincli tələbəlik illərini başa vururlar. Artıq ali təhsilli mütəxəssislər kimi cəmiyyətə atılır və ölkənin inkişafında real iştirak etməyə başlayırlar. Geridə qalan 4 il ağır olduğu qədər də şərəfli bir yoldur. Ölkəmiz sürətlə inkişaf edir və dövlətimiz ”Azərbaycan – 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə qarşıda konkret hədəflər qoyur. Turizm və digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur və ölkəni böyük hədəflərə məhz siz gənclər aparacaqsınız. Belə bir inkişaf üçün, ilk növbədə, peşəkar kadrların olması şərtdir. ATMU ailəsi sizi peşəkar kadr kimi hazırlamağa çalışıb”. Rektor əvəzi keçən 10 il ərzində ATMU-nun keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil verdiyini, AKTS-in və ölkədə ilk ikili diplom proqramının tətbiqini, Erasmus-Mundus, Tempus layihələrində iştirakını, ölkədə ilk praktika semestrinin, onlarla tətbiqi tədqiqatın, qısamüddətli treninqlərin təşkilini, peşə təhsilinin gücləndirilməsini və 11 ixtisas üzrə bakalavr, magistr, doktorantura, o cümlədən peşə və qisamüddətli kursalarda kadr hazırlığının həyata keçirilməsi məsələlərindən söz açdı. Bu il ATMU-dan 336 nəfərin məzun olduğunu, onlardan 32 nəfərinin magistr, 304 nəfərinin bakalavr pilləsini bitirdiyini, beləliklə, ATMU-dan məzun olanların sayının 1706-ya çatdığını, onlardan 106 nəfərinin magistr dərəcəsi aldığını qeyd etdi. ATMU-nun builki məzunlarından 27 nəfərin, eyni zamanda, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomuna sahibləndiyini, ümumilikdə 151 nəfərin ikili diplom aldığını vurğuladı. Həmçinin bu il ATMU-ya bakalavr üzrə 470, magistraturaya 96 nəfərin qəbulu nəzərdə tutulub. Artıq 5-ci ildir ki, ATMU-da doktoranturaya qəbul prosesinə başlanılıb. ATMU-nun nəzdində fəaliyyət göstərən Bakı turizm peşə məktəbini bu il müxtəlif ixtisaslar üzrə 416 nəfər şagird bitirib. Ölkəmizdə ilk dəfə ATMU tələbələri üçün nəzərdə tutulan 8 – 20 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələrimiz təkcə Azərbaycanda deyil, Türkiyə, İsrail, Ispaniya, Rusiya turizm müəssisələrində təcrübə keçirlər. Növbəti ildən tələbələrin İtaliya, Küveyt, Qətər, İsveçrə, Macarıstan və başqa ölkələrdə anoloji təcrübə proqramlarına qatılmaları üçün lazımı işlər aparılır. E.Aslanov dedi: “Universitetimiz yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurub. Bu il ATMU-nun 2 tələbəsi Türkiyənin Atatürk Universitetində, 2 tələbə Almaniyanın Yade Universitetində fəaliyyət göstərən yay məktəbində olub. Növbəti tədris ilində 2 tələbəmiz Almaniyanın Yade Universitetinə tələbə mobilliyi çərçivəsində bir semestr oxumağa yola düşəcək. Erasmus + proqramı çərçivəsində 2 nəfər tələbə Türkiyənin Orta Doğu Texniki Universitetində, 2 nəfər tələbə isə Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetində bir semester müddətində təhsil alacaq. ATMU artıq 3 TEMPUS layihəsində fəal iştirak edir. Bu layihə çərçivəsində Rumıniya universitetlərindən biri ilə ikili diplom proqramının reallaşması gündəmdədir. ATMU-da Amadeus İnternasionalla və onun yerli tərəfdaşı Delta şirkəti ilə müqavilə əsasında Amadeus laboratoriyası qurulub və tələbələr bronlaşdırma dərslərini bu laboratoriyada keçirlər. İndiyədək təxminən 100 tələbə Amadeus sertifikatı alıb. ATMU-nun Təlim Mərkəzi bu il müxtəlif təlim və sertifikat kursları təşkil edib. Bu kurslar əsasən ölkəmizin nüfuzlu otelləri və müvafiq sənaye qurumları ilə müştərək təşkil olunub. Tələbələr ilk Avropa Oyunlarında, III Mədəniyyətlərarası Dialoq Forumunda, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda və “Formula-1”üzrə Avropa Qran-prisində könüllü qismində fəaliyyət göstərməklə, peşəkar vərdişlərə yiyələnmək şansı qazanıblar. ATMU məzunları ATİMA adlı qeyri-hökumət təşkilatı olan məzunlar cəmiyyətində birləşiblər. Siz məzunlar, bu təşkilata sahiblənməli, öz məzun və peşə cəmiyyətiniz kimi onun işində aktiv rol almalısınız. ATİMA siz məzunların təşkilatıdır. Ali təhsil müəssisəsi olaraq, əldə etdiyimiz nailiyyətlər, əlbəttə ki, ölkə rəhbərinin, Mədəniyyət və Turizm Nazirliyinin, həm də müəllim həmkarımız nazir Əbülfəs Qarayevin diqqət və qayğısı, dövlət və özəl strukturların universitetimizə səmimi münasibəti, ATMU ailəsinin məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Fürsətdən istifadə edib ATMU-ya dəstək olan bütün dostlara təşəkkür edirəm. Sevimli məzunlar, sizə bilik və səylərinizi birləşdirib daha yüksək uğurlar əldə etməyi arzu edirəm. O zaman cəmiyyətə daha savadlı, daha yararlı vətəndaş ola bilərsiniz. Bu düşüncə ilə sizi böyük həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun! Məzun törənində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva məzunları təbrik edərək onlara uğurlu karyera arzuladı. ATMU-nun ilk, ADPU-nun yeni rektoru, professor Cəfər Cəfərovun çıxışını məzun və iştirakçılar alqışlarla qarşıladılar. C.Cəfərov ATMU-nu özünün son 10-illik fəaliyyətinin ən gözəl əsəri olduğnu dedi. Dövlətimizin əsgəri kimi ona tapşırılan vəzifənin icrası ilə bərabər, hər zaman ATMU ailəsinin üzvü olacağını diqqətə çatdırdı. Bakı turizm peşə məktəbinin direktoru Neylufər Kərimova məzun-şagirdlərə uğurlar arzuladı. 2015-2016-cı tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ATMU- nun birgə icra etdiyi beynəlxalq proqram məzunlarına diplomlar, magistr məzunlarından Toğrul Hidayətzadə və Nərgiz Əliyevaya ATMU-nun fərqlənmə diplomları təqdim edildi. ATMU məzunlarından 6 nəfəri fərqlənmə diplomları ilə təhsilini başa vurub. Məzun törənində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin şöbə müdirləri Yaşar Əliyev, Mahir Qəhrəmanov, Aydın İsmiyev, Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və turizm sənayesi müəssisələrinin məsul əməkdaşları iştirak edirdilər.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov 7 iyun 2016-cı il tarixində Kolumbiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Ines Qalindo Penyanı ali təhsil müəssisəsində qəbul edib.Azərbaycan və Kolumbiya arasında mövcud olan əlaqələrdən məmnunluğunu bildirən rektor Azərbaycan Turizm və Menecment Universitetinin inkişaf strategiyasından danışarkən, həm dünyanın nüfuzlu ali məktəbləri, həm də bir sıra beynəlxalq təşkilatları ilə qurulan əlaqələrin səmərəli olması faktını diqqətə çatdırıb. ATMU-nun rektoru professor C.Cəfərov və Kolumbiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penya görüş əsnasında həmçinin hər iki ölkədə turizmin müasir vəziyyəti, mövcud problemlər və inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Tanışlıq çərçivəsində baş tutan görüşdə başlıca məqsəd ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması idi.

9 iyun 2016 – cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) ali təhsil ocağının rektoru professor Cəfər Cəfərovla Almaniya Federativ Respublikasının “Almaniya Beynəlxalq Əməkdaşlıq” Təşkilatının(GİZ) Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Sonya Fonteyn və təşkilatın ölkəmizdə səfərdə olan bir qrup eksperti ilə görüşü keçirilib.Görüş zamanı Azərbaycanda turizm sektoru, inkişaf istiqamətləri, turizm sahəsində həyata keçirilən elmi araşdırmaların nəticələri haqqında geniş müzakirələr aparılıb. Daha sonra universitet və adı qeyd edilən təşkilat tərəfindən müştərək həyata keçirilən layihələr, o cümlədən gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Mayin 31-də Bakıda “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı işə başlayıb. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkil etdiyi gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi-təşkilatı dəstəyi ilə keçirilir.Konfransda EİF-in icraçı direktoru Elçin Babayev, ATMU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək mövzunun aktuallığından danışıblar. Bildirilib ki, konfransın işində Azərbaycandan olan alim və mütəxəssislərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan da dəvətli məruzəçilər iştirak edirlər. Vurğulanıb ki, konfransın keçirilməsinin əsas məqsədi müasir dövrdə iqtisadiyyatın dinamik inkişaf edən aparıcı sahələrindən olan turizmin elmi əsaslarla inkişafına nail olmaqdır. Tədbir qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, Azərbaycanda və dünyadakı turizm regionlarının inkişafı və sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların işinin düzgün təşkili, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Sonra konfrans bölmə iclasları ilə işini davam etdirib.

43 -dən səhifə 44

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…