
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı ilk gündən beynəlxalq əlaqələrinin yaradılması və genişləndirilməsinə xüsusi diqqət ayırır. Bu istiqamətində həyata keçirilən fəaliyyətin nəticəsi olaraq 4 iyul 2007-ci il tarixində Azərbaycan təhsil təcrübəsində ilk dəfə olaraq ATMU və Avstriyanın IMC (International Management Center) Krems Tətbiqi Elmlər Universiteti (IMC Krems TEU) arasında ikili diplom üzrə müqavilə imzalanmışdır. İmzalama mərasimində Azərbaycanın bir çox rəsmiləri, xarici ölkələrin Azərbaycan Republikasına akkreditə olunmuş diplomatları və Avstriyadan gəlmiş nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə IMC Krems Tətbiqi Elmlər Universiteti arasında imzalanmış “Turizm Təhsili Sahəsində Əməkdaşlıq Müqaviləsi” və Azərbaycan Turizm və Menecment Universiteti ilə IMC Krems Tətbiqi Elmlər Universiteti arasında imzalanmış “Akademik Müqavilə” imzalandığı vaxtdan etibarən ATMU-da əməkdaş universitetin tədris planına uyğun olaraq dərslərin keçirildiyi Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) qrupu yaradılmışdır. AATP qrupunda tədris tamamilə ingilis dilində həyata keçirilir. Dərslər yerli və əksəriyyəti Türkiyə, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, ABŞ, Meksika, Avstraliya və digər ölkələrdən olan mütəxəssislər tərəfindən keçirilir. Dörd ilin sonunda təhsilini AATP qrupunda müvəffəqiyyətlə başa vuran tələbələr həm ATMU-nun (yerli), həm də IMC Krems TEU (beynəlxalq) diplomlarını əldə edir və təhsillərini daha ali pillələr üzrə Avropada davam etdirmək imkanı əldə edirlər.
Bu əməkdaşlığın uğurlu nəticələrini, ölkədə turizm sahəsinin sürətli inkişafını, turizm təhsilinə göstərilən diqqəti və beynəlxalq standartlara uyğun kadrlara olan ehtiyacı nəzərə alaraq 12 oktyabr 2011-ci il tarixində Avstriya Respublikasının Federal Prezidenti cənab Haynts Fişerin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin iştirakı ilə iki ali məktəbin rektoru tərəfindən “Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm və Asudə vaxt Menecmenti üzrə Bakalavr və Magistr hazırlığı proqramlarına dair Əməkdaşlıq Müqaviləsi” imzalanmışdır.
Tərəflər arasında 22 aprel 2011-ci il tarixində imzalanmış “Turizm və Asudə vaxt Menecmenti üzrə Bakalavr proqramına dair Əməkdaşlıq Müqaviləsi”nin müddəti bitdiyi üçün, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müsbət rəyindən sonra 22 yanvar 2016-cı il tarixində yeni “Turizm və Asudə vaxt Menecmenti üzrə Bakalavr proqramına dair Əməkdaşlıq Müqaviləsi” imzalanmışdır. Bu müqaviləyə əsasən dörd illik bakalavr proqramı üzrə hər il 30 nəfər olmaqla cəmi 120 tələbənin hazırlığı nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin müsbət rəyindən sonra dördüncü müqavilə 5 aprel 2019-cu il tarixində imzalanmış və bu müqaviləyə görə bir illik bakalavr proqramı üzrə 30 nəfər tələbənin proqramda təhsil alması nəzərdə tutulmuşdur.
AATP üzrə beşinci müqavilə isə 8 May 2020-ci il tarixində imzalanmışdır.
AATP üzrə altıncı müqavilə 13 sentyabr 2021-ci il tarixində imzalanmışdır.
Artıq, 15 ildir davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan-Avstriya Turizm Proqramından 285 nəfər bakalavriat və 13 nəfər magistratura səviyyəsi üzrə olmaqla ümumilikdə 298 nəfər tələbə məzun olaraq iki diplom - ATMU və IMC Krems TEU-nun diplomlarını əldə ediblər.
Hazırda proqram üzrə bakalavriat səviyyəsində 49 nəfər tələbə təhsilini davam etdirir.
ATMU və IMC Krems TEU arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, universitetin Azərbaycan, Rus və İngilis dili bölməsinin hər bir tələbəsinin AATP qrupunda təhsil almaq üçün ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinə müraciət etməsi və qeydiyyatdan keçməsi yetərlidir. Bunun üçün tələbə maksimum 2 kəsr olmaq şərti ilə təhsilini birinci kursda başa vurmalı və Azərbaycan ali təhsil sisteminin tələblərinə əsasən məcburi fənləri tamamlamalıdır.
AATP-yə müraciət üçün aşağıdakı sənədləri təqdim olunmalıdır:
- IELTS 5.5 sertifikatı və ya imtahana qeydiyyatdan keçmək barədə sənədin surəti;
- Xarici passport və ya şəxsiyyət vəsiqəsi;
- 3x4 ölçülü şəkil (son 2 ayda çəkilmiş);
- CV (Europass formatında);
- Motivasiya məktubu (şablonu sistemdən onlayn yükləmək mümkündür);
- Esse (sistemə daxil olaraq, motivasiya məktubundan dərhal sonra yazılmalıdır);
- Məktəb attestatın ingilis dilində tərcüməsi və notarial təsdiqi (ATMU-nun Tədris-metodiki şöbəsinin “Qeydiyyat” bölməsindən əldə etmək mümkündür);
- Qiymət cədvəli (ATMU-nun "Turizm və qonaqpərvərlik" fakültəsindən əldə etmək mümkündür).