Ümumi məlumat

Tələbə Elmi Cəmiyyəti (bundan sonra - TEC) elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriatura və magistratura səviyyələrində təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır. TEC ali təhsil müəssisəsinin rəhbərliyinə tabedir və müəssisənin Elmi Şurası qarşısında hesabat verir.

TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, ali təhsil müəssisəsini rəhbər tutur.

TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosialiqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.

TEC-in vəzifələri aşağıdakılardır:

  • tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
  • elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
  • tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
  • tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
  • tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
  • istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
  • elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
  • digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə (bundan sonra –TETİ) tətbiq edilməsi;
  • müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
  • tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
  • innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi.

TEC-in strukturuna aşağıdakılar daxildir:

  • kafedra nəzdində fəaliyyət göstərən tələbə elmi dərnəkləri;
  • elmi dərnəkləri profil üzrə birləşdirən gənc alimlər birliyi (bölmələri);
  • hər kursda (potokda) təhsilalanların elmi işinə cavabdeh olan TEC-in kurs (potok) bölmələri;
  • TEC-in fakültə bölmələri.

Ali təhsil müəssisəsinin TEC-nin ali orqanı TEC-in konfransıdır. TEC-in yaradılması və yenidən təşkili TEC konfransının qərarı əsasında həyata keçirilir. Konfranslararası müddətdə TEC-in fəaliyyətinə rəhbərlik konfransda seçilən TEC-in Şurası tərəfindən həyata keçirilir.

Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in üzvü ola bilərlər.

TEC-ə yeni üzvlərin qəbul edilməsi tələbələrin elmi işinə rəhbərlik edən bir müəllimin (elmi dərnəyin və ya gənc alimlər birliyinin rəhbərinin) rəyi əsasında TEC-in Şurası tərəfindən həyata keçirilir.

TEC-in üzvlərinin hüquqları aşağıdakılardır:

  • TEC tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etmək;
  • TEC-in orqanlarının formalaşmasında, konfranslarının işində iştirak etmək;
  • TEC-in və onun struktur bölmələrinin fəaliyyətinə dair rəy və təkliflərini bildirmək;
  • TEC-in fəaliyyətinə dair informasiya əldə etmək;
  • TEC-in Şurasına seçmək və seçilmək;
  • yerli və beynəlxalq qrant proqramlarında iştirak etmək;
  • TEC-ə üzvlüyünü öz xahişi ilə dayandırmaq.

 TEC-in üzvlərinin vəzifələri aşağıdakılardır:

  • təhsil aldığı ali təhsil müəssisəsinin Nizamnaməsinin və “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”nin tələblərinə riayət etmək;
  • elmi tədqiqat işinin aparılmasında və tədqiqat metodlarının öyrənilməsində fəallıq göstərmək;
  • TEC-in fəaliyyətində və keçirdiyi tədbirlərdə iştirak etmək;
  • TEC-in rəhbər orqanları tərəfindən qəbul olunan qərarları yerinə yetirmək;
  •  təhsil aldığı ali təhsil müəssisəsinin nüfuzunu yüksəltmək.
  • TEC-in ali təhsil müəssisəsinin digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq müəyyən edilən müxtəlif büdcə və büdcədənkənar maliyyə mənbələrindən maliyyələşdirilir.

Tələbələrin elmi tədqiqat işlərinə ayrılmış vəsaitlərə nəzarət rektorluq tərəfindən həyata keçirilir.

Ali təhsil müəssisəsi tələbələrin elmi fəaliyyətini stimullaşdırmaq məqsədi ilə tələbə elmi tədqiqat layihələrinin yerinə yetirilməsi üçün qrant müsabiqələri təşkil edə bilər. Müsabiqənin keçirilməsi və maliyyələşdiriliməsi müvafiq əsasnamə ilə (ali təhsil müəssisəsinin daxili imkanları, nazirlik tərəfindən ayrılmış vəsait və büdcədənkənar vəsait hesabına) tənzimlənir.

ƏLAQƏ

Ünvan: Cəfər Xəndan küç., 17, Bakı, Azərbaycan (II tədris binası)

E-mail: students-scientific@atmu.edu.az