Uğur hekayələri
Sevda Əliyeva

Sevda Əliyeva

Menecment ixtisası və AATP üzrə 2012-ci il məzunu

Hazırkı iş yeri: Direktor-Azərbaycan Konqreslər Bürosu


Mən, Sevda Əliyeva, 2007-2012-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment ixtisasında təhsil aldığım müddət ərzində Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilən Azərbaycan-Avstriya Turizm Proqramına (AATP) qoşularaq ikili diplom əldə etmişəm. Hal-hazırda Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun direktoru vəzifəsində çalışıram. Hazırkı işimin əsasını beynəlxalq işgüzar tədbirlərin Azərbaycana cəlb edilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi təşkil edir. Həm ATMU, həm də IMC Krems Tətbiqi Elmlər Universitetinin təhsilimi başa vurduğum ildən etibarən göstərdiyim fəaliyyətə böyük təsiri olmuşdur. Hamıya məlumdur ki, ölkəmizdə turizm üzrə ən yaxşı təhsil və təcrübə imkanları məhz ATMU tərəfindən təmin edilir. Bundan əlavə, AATP çərçivəsində ikili diplom üzrə təhsil nəticəsində xarici mütəxəssislərin bilik və təcrübəsindən yararlanmaq imkanları, həmçinin müxtəlif mədəniyyətlərdən olan insanlarla ünsiyyət və tanışlıq nəticəsində tələbələrin daha açıq fikirli dünyagörüşü formalaşdırmaları üçün şərait yaradılır. Bütün bu amillər məndən də yan keçməmişdir. İstər iş, istərsə də, şəxsi həyatımda qazandığım uğurun əsaslı bir hissəsini ATMU tələbəsi olmağıma borcluyam. Bu universitetin məzunu olmaq mənə həm iş, həm də şəxsi münasibətlərimdə böyük uğur qazandırmışdır.

Hüseyn Həsənov

Hüseyn Həsənov

TSM ixtisası 2010-cu il bakalavr, 2015-ci il magistratura və 2019-cu il doktorantura pilləsinin məzunu, AATP 2010-cu il məzunu

Hazırkı iş yeri: Müdir-Təhsil və Təlim sektoru- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Mən, Hüseyn Həsənov 2006-2010-cu illərdə ATMU-da bakalavr pilləsinin tələbəsi olmuş və universitetin ilk “fəxri məzunu” adını qazanmışam. Bakalavr təhsili müddətində Azərbaycan-Avstriya Turizm proqramı (AATP) çərçivəsində IMC Krems Tətbiqi Elmlər Universitetini də fərqlənmə diplomu ilə bitirmişəm. Hərbi xidməti başa vurduqdan sonra 2012-2015-ci illərdə ATMU-da magistr təhsili almış və  eyni qaydada məzun olmuşam. Hal-hazırda ATMU-da doktorantura pilləsini bitirmiş və dissertasiyanın müdafiəsi prosesindəyəm. Karyerama 2007-ci ildən başlayaraq Kipr, Yunanıstan və Azərbaycanda Hilton, Kempinski kimi bir sıra şəbəkə otellərdə rəhbər vəzifələrdə çalışmışam. Daha sonra, ATMU-da dekan müavini, Tədris işləri üzrə prorektor vəzifələrində faliyyət göstərmiş, universitetin 2018-2022-ci illər üçün Strateji İnkişaf planını hazırlamış, ATMU-nun “UNWTO.TedQual” və ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatlarının alınması prosesinə rəhbərlik etmişəm. Hazırda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində “Təhsil və Təlim sektoru”nun rəhbəri vəzifəsində çalışıram. Ümumiyyətlə qeyd etmək istərdim ki, ATMU-da təcrübəli yerli və xarici professor-müəllim heyətindən aldığım dərslər və təhsil müddətində topladığım təcrübə mənə özümü sürətlə inkişaf etdirməkdə və peşəkar fəaliyyətimdə uğurlar qazanmaqda kömək olmuşdur. Bu səbəbdən hər zaman Azərbaycan Turizm və Menecment Universitetinə minnətdaram!

Sara Rəcəbli

Sara Rəcəbli

Turizm və Otelçilik ixtisası üzrə 2017-ci il məzunu

Hazırkı iş yeri: Sosial sahibkar, sosial sahibkarlıq sahəsi üzrə təlimçi və spiker


Adım Saradır, Sumqayıt şəhərində yaşayıram. Cəmiyyətə verdiyi sosial dəyərə görə turizm ixtisasında təhsil almaq istəyirdim. 616 bal toplayaraq Azərbaycan Turizm və Menecment Universitetinə daxil oldum və ingilis dilində bu sahə üzrə təhsil almağa başladım. Universitetin mənə verdiyi imkan nəticəsində DAAD fondunun təqaüdü ilə Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində bir semestr turizmin iqtisadiyyatı üzrə təhsil almaq şansını qazandım. Həmin müddətdə həm hosteldə işləyirdim, həm təhsil alırdım, eləcə də səyahət edirdim.  2012-ci ildən DAAD, Erasmus+, Avropa Komissiyası, Avropa Şurası, BMT, Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, ABŞ Dövlət Departamentinin təqaüdlərini qazanaraq Azərbaycanı 20 ölkədə sosial sahibkarlıq, sosial haqlar, gənclər siyasəti, layihələrin idarə edilməsi mövzuları üzrə təmsil etmişəm.  2017-ci ildə universiteti bitirəndən sonra 20 yaşımda təqaüdümdən qalan 160 manat büdcə ilə «Buta Art & Sweets» sosial biznesə başladım. Əsas məqsədim Azərbaycanda yaşayan fiziki və yaxud əqli məhdudiyyəti olan qadınların işsizlik problemini həll etmək idi. Gənc qadın sahibkar olaraq əsas çətinliyim şirkət rəhbərlərini inandırmaq idi. Bunun üzərində həddindən artıq çox çalışırdım və sonda onların fikirlərini dəyişə bilirdim.  Hal-hazırda 20 nəfər fiziki məhdudiyyəti olan qadınla əməkdaşlıq edir, yerli və beynəlxalq təşkilatlarla tərəfdaşlıq edirik. Eyni zamanda 17 ölkədə qadınlarımızın şirniyyatları və hekayələrini təqdim etmiş, bu qadınlar üçün onlarla pulsuz master-klass proqramları təşkil etmiş və  ölkəmizi bu sahə üzrə ilk dəfə BMT, Avropa Komissiyasında, Google səviyyəsində təmsil etmişik. 2019-cu ildə “Prezident Mükafatı”, Azərbaycanda ilk dəfə verilən “Sosial Sahibkarlıq Nominasıyası Mükafatı” və “Avrasiya Startup Mükafatı”nın yarışmasının yeganə Azərbaycanlı qalibi seçildik. Eyni zamanda özüm sosial sahibkarlıq üzrə indiyə kimi üç ölkədə 5000-dən çox insana təlim və təqdimatlar keçirərək, bu sahənin dünyada genişlənməsinə töhfə verməyə çalışıram. Pandemiya zamanı gənclərin sosial  problemlərin həll yanaşmaların dəyişdirmək üçün ölkədə ilk dəfə sosial sahibkarlıq üzrə onlayn mentorluq proqramını təşkil etdik. Həmin proqramla Azərbaycanı pandemiya zamanı bir çox beynəlxalq onlayn konfranslarda təmsil etdik.  Komandam olmasaydı, bunların heç birini edə bilməzdim və bunu da həmişə bildirəcəm: «Hər uğur hekayəsinin arxasında qorxular, tərəddüdlər, səhvlər, uğursuzluqlar və görünməz qəhrəmanların böyük dəstəyi və əməyi dayanır».

Fuad Cəfərov

Fuad Cəfərov

Menecment ixtisası üzrə 2015-ci il məzunu

Hazırkı iş yeri: Menecer-AFFA Futbol Mərkəzi-Azərbaycan Futbol Federasiyaları Assosiasiyası


Mən, Cəfərov Fuad 2011-ci ildə 642 balla Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Menecment" ixtisasına qəbul olmuşam. Tələbəlik illərində ölkədə keçirilən bir çox beynəlxalq tədbirin təşkili sahəsində fəaliyyət göstərmişəm. Eyni zamanda, ixtisasıma uyğun turizm və otel təcrübəsinin əldə edilməsi üçün bir çox sənaye müəssisəsində çalışmışam. Buraya həmçinin,  ATMU-nun təşkilatçılığı ilə İsraildə keçirdiyim 22 həftəlik istehsalat təcrübəsi də daxildir. Universiteti bitirdiyim 2015-ci ildən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında "AFFA Futbol Mərkəzi"nin meneceri vəzifəsində fəaliyyət göstərirəm.  AFFA-da çalışdığım bu illər ərzində federasiyanın təşkil etdiyi bir neçə beynəlxalq əhəmiyyətli idman yarışının uğurlu təşkilində fəal iştirak etmişəm. Bu tədbirlərə 17 yaşlı oğlanlar arasında futbol üzrə Avropa Çempionatı (2016-ci il), UEFA Avropa Liqası Bakı Finalı (2019-cu il) və digərlərini misal göstərmək olar. Menecer kimi fəaliyyətimdə universitet illərində qazandığım yerli və beynəlxalq iş təcrübəsi ilə yanaşı, ATMU-da öyrəndiyim nəzəri biliklərin də olduqca önəmli rolu olmuşdur.